Məhkəmə qərarları › İş №e-2(075)-1367/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1367/2023

27.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1367/2023 27.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları 27 iyul 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ödənilməli olan alimentin miqdarının artırılaraq, hər ay üçün 300 manat alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 730/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qətnaməsinə əsasən mənimlə onunla Cavabdeh arasında 05 noyabr 2007-ci il tarixdə Şəki şəhər Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları 27 iyul 2008-ci il təvəllüdlü X5 onun himayəmdə saxlanılmışdır. X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 60 manat aliment təyin edilmişdir. Sonradan Şəki Rayon Məhkəməsinin 2(075)- 439/2018 saylı, 12 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən 27 iyul 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 90 manat aliment Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmışdır. O, xx.xx.2023-cü il tarixdə mediasiya prosesində itirak etmiş, X2 sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Bununla bağlı mediatora 50 manat dövlət rüsumu ödəmişdir. Bildirmişdir ki, bir uşaq üçün 90,00 manat aliment məbləği indiki zamana görə çox azdır, uşaqlara baxmaq üçün kifayət etmir. Bundan başqa onların ikinci uşaqları anadan olmuşdur, uşaqların qayğısına qalmaqda çətinlik çəkir. Günü-gündən övladlarının təlabatı artır. Belə ki, uşaq normal qaydada yeməli, müalicə olunmalı, ona pal-paltar alınmalı, təhsili və uşağın dünya görüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən hər şeyin qiyməti qalxmışdır. Özü də heç yerdə işləmir və heç yerdən də qazancı yoxdur. İstəyir ki, onun uşaqları yaxşı oxusun, keyfiyyətli təhsil alsın. Uşağın qayğısına qalmaq, təlim-tərbiyəsi ilə məşğul olmaq, uşağa baxmaq valideynlərin borcudur. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı 18 iyun 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclası zamanı Cavabdeh izahat verərək göstərmişdir ki, İddiaçı ona qarşı alimentin artırılması tələbinə dair məhkəməyə müraciət edərək ödədiyi aliment məbləğinin artırılaraq 300 manat məbləğdə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiaçının hazırki iddia ərizəsini əsassız hesab edir. Belə ki, onun aylıq əmək haqqısı 440 manat təşkil edir. Bundan başqa heç bir əlavə gəlir yeri yoxdur. O, ikinci dəfə ailə qurmuşdur. Himayəsində həyat yoldaşı və 2019-cu il təvəllüdlü azyaşlı oğlu var. O, hər ay əmək haqqısının 90 manat məbləğini iddiçıya aliment kimi ödəmişdir. Onun əmək haqqısı ailələrinin zəruri tələbatlarını güclə qarşılayır. Ailələrində təkcə işləyən odur. Onun artıq məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Ancaq hər ay 140 manat məbləğdə aliment ödəyə bilər. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş 09 oktyabr 2008-ci il tarixli, AZ-İİ 154466 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 27 iyul 2008-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası X1r. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli, 2(075)-439/2018 saylı qətnaməsindən görünür ki, 27 iyul 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 90 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 26 aprel 2023-cü il tarixli MŞŞ/MT018/2023-00990 nömrəli X2 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və İddiaçı 15 aprel 2023-cü il tarixdə və 26 aprel 2023-cü il tarixində saat 11:00-da keçirilən ilkin mediasiya sessiyalarında iştirak etmişlər. Lakin tərəflər X2 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. X4 keçirilməsi üçün 50 (əlli) manat mediasiya xərcini İddiaçı ödəmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2. maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli, 2(075)-439/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 27 iyul 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 27 iyul 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli, 2(075)-439/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 180 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 27 iyul 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli, 2(075)-439/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 180 manat məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 31 manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar