Məhkəmə qərarları › İş №e-2(075)-137/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-137/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-137/2023 26.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2022-ci il tarixli 327953-1-31743 saylı “Yenidən Maliyyələşdirilən Kreditin əsas şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqaviləyə əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 4375,52 manat məbləğində əsas borc, 432,31 manat məbləğində faiz borcu, 275,60 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5083,43 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 71,23 manat dövlət rüsumunun Cavabdeh tutularaq “Bank VTB(Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı ASC-nin nümayəndəsi 10 yanvar 2023-cü il tarixli ərizəsində məhkəmə iclasının iştirakları olmadan keçirilərək tələblərinə uyğun qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2022-ci il tarixli 327953-1-31743 saylı kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 24,9 faiz olmaqla 60 ay müddətinə 4458 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik icra edilmiş, lakin Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü kreditin və ona hesablanmış faizlərin kredit müqaviləsinə uyğun olaraq bankın hesabına ödənilməsini təmin etməmişdir. Kredit borcunun kredit müqaviləsi və ona əlavə olan ödəniş cədvəlinə uyğun şəkildə ödənilməsi barədə bank tərəfindən cavabdehə edilmiş xəbərdarlıqların da heç bir nəticəsi olmamışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan İddiaçı ASC ilə Cavabdeh tərindən imzalanmış 01 fevral 2022-ci il tarixli 327953-1-31743 saylı nəğd pul kreditinin şərtlərinə dair müştəri ərizəsindən və həmin ərizəyə əlavə olan ödəniş cədvəlindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 24,9 faiz olmaqla 60 ay müddətinə 4458 manat məbləğində kredit verilmişdir. İşdə olan arayışdan görünür ki, Cavabdeh 01 fevral 2022-ci il tarixli 327953-1-31743 saylı nağd pul krediti müqaviləsi üzrə 06 oktyabr 2022-ci il tarixinə İddiaçı ASC-nə 4375,52 manat əsas borc, 432,31 manat faiz borcu, 275,60 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 5083,43 manat borcu vardır. Məhkəmə iclasında işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2022-ci il tarixli 327953-1-31743 saylı nağd pul krediti müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 24,9 faiz olmaqla 60 ay müddətinə 4458 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik icra edilmiş, lakin Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməməsi əsası ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 275,60 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. İddiaçı ASC tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək kredit məbləğinin X1 ödənilməsinə baxmayaraq Cavabdeh tərəfindən kredit müqaviləsinin şərtlərinə tam şəkildə əməl edilməmişdir. Bu səbəbdən də İddiaçı ASC ödənilməmiş kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Tənasübsüz dərəcədə yüksək hesablandığından 275,60 manat cərimə tələbinin 245,60 manatına dair hissəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 4375,52 manat məbləğində əsas borc, 432,31 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə və 71,23 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 4375,52 manat məbləğində əsas borc, 432,31 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə və 71,23 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-137/2023 26 yanvar 2023-cü il İddiaçı: Bank "xxxx" ASC (Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 27) Cavabdehlər: Cavabdeh (Şəki rayonu, Kiçik Dəhnə kəndi) Şəki Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(075)-137/2023 nömrəli qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: qətnamə 02 vərəqə, 03 səhifə, Şəki Rayon Məhkəməsinin hakimi: Elşən Vəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar