Məhkəmə qərarları › İş №e-2(075)-1379/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1379/2022

28.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1379/2022 28.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları 10 noyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilməli olan alimentin miqdarının artırılaraq, hər ay üçün 193 manat alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)-807/2020 saylı qətnaməsinə əsasən Cavabdeh alınıb ona verilməli olan aliment məbləği 90,00 manat sabit pul məbləğində olaraq müəyyən edilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-308/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olan uşaqları onun himayəsində saxlanılmışdır. 19 may 2022-ci il tarixdə keçirilmiş mediasiya prosesində alimentin artırılması barədə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 90,00 manat aliment məbləği indiki zamana görə çox azdır, uşağa baxmaq üçün kifayət etmir. Günü-gündən övladının təlabatı artır. Belə ki, uşaq normal qaydada yeməli, müalicə olunmalı, ona pal-paltar alınmalı, təhsili və uşağın dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən hər şeyin qiyməti qalxmışdır. Heç yerdə işləmir və heç yerdən də qazancı yoxdur. Uşağın qayğısına qalmaq, təlim-tərbiyəsi ilə məşğul olmaq, uşağa baxmaq valideynlərin borcudur. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək bildirdi ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah məhkəmə qaydasında pozulmuş, Şəki Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(075)-807/2020 saylı qətnaməsinə əsasən 07 dekabr 2002-ci il təvəllüdlü X3 və 10 noyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 90 manat alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Həmin aliment məbləği ilə övladı X2 tələbatlarının ödənilməsi mümkünsüzdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının izahatını, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 07 dekabr 2002-ci il təvəllüdlü X5 və 10 noyabr 2006-cı il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(075)-807/2020 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olan uşaqları 07 dekabr 2002-ci il təvəllüdlü X3 və 10 noyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində 90 manat alimentin tutulması qərara alınmışdır. X1 yetkinlik yaşına çatmışdır. Həmin aliment məbləği ilə X2 tələbatının ödənməsi mümkünsüzdür. Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(075)-807/2020 saylı qətnaməsindən görünür ki, 07 dekabr 2002-ci il təvəllüdlü X3 və 10 noyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 90 manat alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. 19 may 2022-ci il tarixli, 2022-MŞİH-17381 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini İddiaçı ödəmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(075)-807/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 10 noyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 10 noyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(075)-807/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 38 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 10 noyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 38 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar