Məhkəmə qərarları › İş №e-2(075)-1385/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1385/2024

25.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1385/2024 25.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-1327/2017 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün təyin edilən 100 manat aliment məbləğinin artırılması, Cavabdeh xx.xx.2008-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin və 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə Eltun adlı övladları olmuşdur. Şəki Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və cavabdehdən hər ay sabit pul məbləğində 50 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Daha sonra Şəki Rayon Məhkəməsinə müraciəti əsasında məhkəmənin xx.xx.2014-cü il tarixli 2(075)-402/2014 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq 60 manata, xx.xx.2017-ci il tarixli 2(075)-1327/2017 saylı qətnaməsi ilə 100 manata qaldırılmışdır. Sonuncu məhkəmə qətnaməsindən artıq xeyli müddət keçmiş və yaşayış minimumu aliment məbləğinə nisbətdə təxminən 2 dəfədən çox artmışdır. Onun maddi vəziyyəti isə uşağın ehtiyaclarını qarşılamağa imkan vermir. Alimentin alınması ilə qanunvericiliyin tələblərinə uyğun olaraq aralarındakı mübahisəni mediasiya qaydasında həll etmək üçün mediatora müraciət etmişlər və xx.xx.2024-cü il tarixdə MŞŞ/MT018/2024- 00561 saylı arayış əldə edilmişdir. Cavabdeh mediasiya prosesində iştirak etmədiyi üçün ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də cavabdehdən tutulacaq alimentin miqdarının artırılması qərarına gəlmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Mülki proses tərəfləri məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi vəkili məhkəməyə elektron ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - 21 oktyabr 2008-ci il tarixli, İV-МЮ 554664 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 01 oktyabr 2008-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası X3r. - 13 noyabr 2013-cü il tarixli, AZ-İ 182001 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikahın pozulması akt qeydləri kitabında 151 nömrə ilə qeyd edilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli e-2(075)-402/2014 saylı qətnaməsindən görünür ki, 01 oktyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşınna çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 60 manat alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli e-2(075)-1327/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh hər ay 100 manat alimentin tutularaq 01 oktyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. - xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024-00561 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyası ilə bağlı 60 manat mediasiya xərcini İddiaçı Şəki 1 saylı Mediasiya Təşkilatının hesabına ödəmişdir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.7 və 8.13-cü bəndlərində qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda - iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən edilir. Məhkəmənin mövqeyi: İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğinin uşağın tələbatının çoxalmasına, aliment məbləğinin artırılmasından sonra 7 ildən artıq vaxt keçməsinə, təyin edilmiş aliment məbləğinin uşağın tələbatını ödəyə bilməməsinə əsaslanmaqla tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Şəki Rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun xeyrinə 100 manat aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyacının səviyyəsini bir uşaq üçün aliment ödənilməli olmasını əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü ildə artırılaraq 235 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə, uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli e-2(075)-1327/2017 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini, qeyd edilən məhkəmə qətnaməsinin qəbul edilməsindən 7 ildən artıq vaxt keçməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 01 oktyabr 2008-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq 160 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli e-2(075)-1327/2017 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləği artırılmalı, Cavabdeh 01 oktyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 (bir yüz altmış) manat aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Cavabdeh 60 manat mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli e-2(075)-1327/2017 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləği artırılsın. Cavabdeh 01 oktyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 (bir yüz altmış) manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar