Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1393/2025 05.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi, onunla bağlı izahat və etirazlar: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1220 (min iki yüz iyirmi) manat pulun, 32,60 (otuz iki manat altmış qəpik) manat dövlət rüsumu və xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, o, dişlərinin müalicəsi üçün Şəki şəhəri, V.İbrahimov küçəsində diş müalicəsi mərkəzi olan Bəxtiyar adlı həkimin yanına getmişdir. Bəxtiyar həkim 5 dişinin müalicəsi və keramika diş qoyulması üçün ondan 1220 (min iki yüz iyirmi iki) manat pul almışdır. Lakin həkim dişlərini heç müalicə belə edə bilməmiş və dişiərini xarab etmişdir. Dişlərini mualicə etmədiyi və keramika diş qoymadığı üçün verdiyi 1220 manat pulu ondan tələb etsə də, Bəxtiyar həkim müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmışdır. Buna görə də o, həkimə verdiyi pulun alinaraq ona verilməsi üçün Şəkı Şəhər-Rayon Polis Şöbəsinə müraciət etmişdir. Lakin Şəki Şəhər-Rayon Polis Şöbəsinin 09.04. 2025-ci il tarixli məktubu ilə ona bildirildi ki,qaldirilan məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığı üçün müraciətdə göstərdiyi xüsusatlarla bağlı aidiyyəti üzrə mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə baxış iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini müdafiə etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə hazırlıq iclasında iddianı qəbul edərək bildirmişdir ki, o, iddiaçı onun yanına gəlib dişlərini düzəltdirmək istədiyini demişdir. Çəkiləsi və müalicə olunası dişləri olmuşdur. Dişlərini çəkib müalicəyə başlamışdır. Çəkilən dişin yerinin sağalması üçün üç ay ən azı vaxt lazım olduğunu demişdir. Müalicəyə başladığı ikinci gün iddiaçı gəlib demişdir ki, dişlərini tez qoymaq lazımdır yoxsa, o, gəlməyəcəkdir. O da onun mümkünsüz olduğunu əgər tez qoyarsa, problem olacağını söyləmişdir. Dişləri üçün 1200 manat pul ödəmişdi. Aradan iki gün keçdikdən sonra onu polis şöbəsinə çağırmışlar. Orda da pul verdiyini qeyd etmişdir. Lakin o, artıq dişləri sifariş etmiş və pulun 845 manatını ödəniş etmişdir. Onun mərhum yoldaşı ilə yaxın olmuşlar. Onun xətri üçün o, pulu qaytara bilər. Pulu ona hissə-hissə ödəyəcəyini demiş, lakin o, hamısını bir yerdə istəmişdir. Pulun hamısını biryerdə ödəməyə imkanı yoxdur. İddiaçı ilə dişin birini 110 manata razılaşmışlar. Təxminən 11-12 ədəd diş idi. Məhkəmə qərar qəbul edərkən aşağıdakı sənədlərə istinad edir: İş materiallarında olan: - Şəki ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli məktubunda və arayışda qeyd edilir ki, İddiaçı dişlərini müalicə etmək qarşılığında 1220 manat alması və dişlərin müalicəsini yarımçıq qoyması barədə DİN-in 102 xidmətinə etdiyi müraciət araşdırılmış, ona səlahiyyətlərinə aid olmadından mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qeyd edilən həmin araşdırma zamanı Cavabdeh alınmış izahatda yazılır ki, o, 17 ildir ki, diş həkimi ixtisası ilə fəaliyyət göstərir. Təxminən bir il bundan qabaq yanına gəlmiş, onun ağzında çoxsaylı diş problemlərinin olduğunu görmüşdür. Ona zirkon diş qoymaq məsləhət görülmüşdür. Ağız boşluğunun müalicəsi gec keçdiyindən zirkon dişi yerləşdirmək mümkün olmadı. Bunu dəfələrlə izah etsə də, o, dişinin dərhal qoyulmasını tələb etmişdir. O, bu şəkildə dişin qoyulması onun səhhətinə pis təsir edəcəyini bildirmiş, lakin İddiaçı dişin qoyulmasını israr etmişdir. Bundan sonra həmin dişin qoyulmasından imtina etmiş, yanından uzaqlaşmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə müəyyən edir ki, iddiaçı cavabdehə dişlərinin düzəldilməsi üçün müraciət etmişdir. Tərəflər tibbi xidmət göstərilməsi barədə şifahi müqavilə bağlamış, cavabdeh 11-12 dişin 1220 manata düzəltdirəcəyini öhdəsinə götürmüşdür. İddiaçı həmin pulu cavabdehə ödəmişdir. Hazırda iddiaçı, cavabdehin öhdəliyini yerinə yetirmədiyini əsas gətirərərək, ödədiyi pulun geri qaytarılmasını tələb edir. Cavabdeh aldığı pulu geri qaytarmaq istəyini bildirmiş, lakin hissə-hissə qaytarmağa hazır olduğunu qeyd etmişdir. Cavabdehin iddiaçıdan 1220 manat pul aldığı sübut edilmişdir. Cavabdeh göstərdiyi xidmətlə bağlı hansısa xərclərə məruz qaldığını bilrdisə də, buna dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə hüquqi qiymət verərək bildirir ki, tərəflər arasında tibbi xidmətin görülməsi barədə podrat hüquq münasibətləri yaranmışdır. Razılaşdırılmış muzd sifarişçi tərəfindən ödənilmişdir. Tərəflər qarşılıqlı şəkildə - iddiaçı dişlərin qoyulmasında, cavabdeh müəyyən müddət sonra qoya biləcəyində israr etdiklərindən - müqavilənin icrasından imtina etmişlər. İddiaçı tərəfindən ödənilən 1220 manat pul cavabdeh tərəfindən öhdəlik icra edilməsə də, geri qaytarılmamışdır. Artıq iddiaçının cavabdehin görəcəyi işdə hansısa marağı qalmamışdır. Nəticədə, iddiaçıya 1220 manat maddi zərər dəymişdir. İddiaçı həmin pul məbləğini tələb etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən, verilmiş tələb üzrə sübutlar əsasında işə baxaraq məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1220 (min iki yüz iyirmi) manat pulun, 32,60 (otuz iki manat altmış qəpik) manat dövlət rüsumu və xidmət haqqının alınaraq İddiaçı ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119, 216-220, 227, 233, 357 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1220 (min iki yüz iyirmi) manat pulun, 32,60 (otuz iki manat altmış qəpik) manat dövlət rüsumu və xidmət haqqının alınaraq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(075)-1393/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1393/2025
05.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver