Məhkəmə qərarları › İş №e-2(075)-140/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-140/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-140/2024 29.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulmasına dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC ilə Xəlilova Şəfiqə Ələsgər qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14573nkKPZ/14 saylı kredit müqaviləsi üzrə 304.70 manat əsas borc və 6.09 manat faiz borcu olmaqla, cəmi 310.79 manat borcun və ödənilmiş 30.40 AZN dövlət rüsumunun vərəsəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh Xəlilova Şəfiqə Ələsgər qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14573nkKPZ/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 12 ay müddətinə illik 33% ödəmək şərtilə 330 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Cavabdeh xx.xx.2014-cü il tarixində vəfat etmişdir. Gəncə Şəhər 3 Saylı Notariat Ofisinin məlumatına əsasən cavabdehin vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxsin mərhumun hüquqi varisinin olması anlamına gəlir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Lakin iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 29 fevral 2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılması, iddianın təmin edilməsi barədəqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Xəlilova Şəfiqə Ələsgər qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 14573nkKPZ/14 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Xəlilova Şəfiqə Ələsgər qızına 12 ay müddətinə illik 33% ödəmək şərtilə 330 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, X1 0xx.xx.2014-cü il tarixli 14573nkKPZ/14 nömrəli kredit müqaviləsi üzrə götürdüyü 330 manat məbləğdə borcunu 12 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 05 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Xəlilova Şəfiqə Ələsgər qızının xx.xx.2014-cü il tarixli 14573nkKPZ/14 nömrəli kredit müqaviləsi üzrə 05 avqust 2023-cü il tarixinə "xxxx" X2 Səhmdar Cəmiyyətinə 304,7 manat əsas, 6,09 manat faiz olmaqla, cəmi 310,79 manat borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 07 avqust 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh banka olan bütün borc məbləğini tam olaraq 5 iş günü müddətində qatarması bildirilmişdir, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 26 fevral 2014-cü il tarixli, AZ-İ 636965 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Xəlilova Şəfiqə Ələsgər qızının 26 fevral 2014-cü il tarixdə vəfat etməsi, ölüm haqqında aktq qeydləri kitabında 143 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 03 iyun 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş Xəlilova Şəfiqə Ələsgər qızının vərəsəsi Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC Göygöl filialının verdiyi Xəlilova Şəfiqə Ələsgər qızına məxsus 4****2129 saylı kartında olan 269 manat və "xxxx" ASC Goranboy filialının plastik kart hesabında olan 132,20 manat pul vəsaitindən ibarətdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, "xxxx" KB ASC ilə mərhum Xəlilova Şəfiqə Ələsgər qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 14573nkKPZ/14 nömrəli kredit müqaviləsinə əsasən mərhum Xəlilova Şəfiqə Ələsgər qızına 12 ay müddətinə illik 33% ödəmək şərtilə 330 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən borcluya kredit məbləğinin verilməsinə, Xəlilova Şəfiqə Ələsgər qızı tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, vəfat etdiyi üçün müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən mərhum Xəlilova Şəfiqə Ələsgər qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 14573nkKPZ/14 nömrəli kredit müqaviləsinə əsasən Xəlilova Şəfiqə Ələsgər qızına 12 ay müddətinə illik 33% ödəmək şərtilə 330 manat məbləğində kredit verilmişdir. Xəlilova Şəfiqə Ələsgər qızı 26 fevral 2014-cü il tarixdə vəfat etmişdir. 03 iyun 2014-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum Xəlilova Şəfiqə Ələsgər qızının vərəsəsi Cavabdeh hesab edilmişdir. Vərəsəlik şəhadətnaməsinə əsasən miras qalan əmlak "xxxx" ASC Göygöl filialının verdiyi Xəlilova Şəfiqə Ələsgər qızına məxsus 4****2129 saylı kartında olan 269 manat və "xxxx" ASC Goranboy filialının plastik kart hesabında olan 132,20 manat pul vəsaitindən ibarət olmuşdur. Qanunvericiliyin tələbləri baxımından vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi iddiaçı bank tərəfindən mərhum Xəlilova Şəfiqə Ələsgər qızına kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh vərəsəlik hüququna əsasən üzərilərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" X2 Səhmdar Cəmiyyəti qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, şərh edilənlərə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək iddiaçı "xxxx" KB ASC ilə Xəlilova Şəfiqə Ələsgər qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14573nkKPZ/14 saylı kredit müqaviləsi üzrə 304.70 manat əsas borc və 6.09 manat faiz borcu olmaqla, cəmi 310.79 manat borc və ödənilmiş 30.40 AZN dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. İddiaçı "xxxx" KB ASC ilə Xəlilova Şəfiqə Ələsgər qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14573nkKPZ/14 saylı kredit müqaviləsi üzrə 304.70 manat əsas borc və 6.09 manat faiz borcu olmaqla, cəmi 310.79 manat borc və ödənilmiş 30.40 AZN dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-nə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar