Məhkəmə qərarları › İş №e-2(075)-1402/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1402/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1402/2022 12.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3, Cavabdeh1 iştirakları ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 Novruz qızı və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı «İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borca görə 2288,16 manat, faiz borcuna görə isə 699,10 manat olmaqla, cəmi 2988,08 (iki min doqquz yüz səksən səkkiz) manat 08 qəpik pul məbləğinin və ödənilmiş 49,88 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki rayonu sakini Cavabdeh1 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı arasında bağlanmış 01 sentyabr 2014-cü il tarixli 746M saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 27%-lə 3000,0 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə fiziki şəxslər Cavabdeh2 və Cavabdeh3 arasında 01 sentyabr 2014-cü il tarixli 828Z və 829Z saylı zaminlik müqavilələri bağlanmışdır. Bağlanmış zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər və borclu Cavabdeh1 Təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşlər. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Borclu 711,84 manat əsas borcdan, 546,16 manat faiz borcundan ödəmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 2288,16 manat, faiz borcu 699,92 manat, cəmi borcu 2988,08 (iki min doqquz yüzsəksən səkkiz) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh1 və onun zamininə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş pretenziya və xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh1 vermişdir. Amma Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi borcunu ödəməmişdir.Cavabdeh1 öz öhdəliyini icra etməməsi nəticəsində İddiaçı QSC BOKT-a zərər vurmuşdur. Bu isə həmCavabdeh1 həm də zaminlərin Kredit Təşkilatı qarşısında müvafiq məsuliyyətinin yaranmasınaəsas verir. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə nümayəndəsi X4, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, o əvvəllər Daşuz camışçılıq sovxozunda işləmişdir. Həmin vaxtı sovxozun direktoru X5 xəstə olub. Fətəliyev Qabilə pul lazım olduğu üçün onun adından İddiaçı QSC BOKT-dan pul götürmüşdür. Cavabdeh3 Novruz qızı və Cavabdeh2 zamin durmuşlar. Qabil ona demişdir ki, pulu özü qaytaracaqdır. Bir müddət pulu qaytarmışdır lakin sonradan vəfat ediyindən borcun ödənilməsi mümkün olmamışdır. Onu banka çağıraraq, köməklik göstərmək məqsədi ilə, ondan 10 manat ödəməyini və ərizə yazmağını xahiş etmişlər. Hal-hazırda parnikdə işləyir və borcu ödəməyə imkanı yoxdur. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh3 Novruz qızı və Cavabdeh2 məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada işə əlavə edilmiş: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 01 sentyabr 2014-cü il tarixli, 746 M saylı Kredit müqaviləsindən görünür ki, Cavabdeh1 24 ay müddətinə illik faiz dərəcəsi 27 faiz olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 götürdüyü 3000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. 21 aprel 2022-ci il tarixli, 654 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 2288.16 manat əsas, 699.92 manat faiz borcu olmaqla, cəmi 2988.08 manat kredit borcu vardır. 21 aprel 2022-ci il tarixli, 654 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 vaxtı keçmiş əsas kredit borcunun resturukturizasiyası ilə bağlı İddiaçı QSC BOKT-nın Şəki filialı tərəfindən 06 dekabr 2019-cu il tarixli, 1790 saylı bildiriş göndərilmiş və həmin bildirişi 16 dekabr 2019-cu il tarixli xəbərnamə ilə qəbul etmişdir. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh3 Novruz qızı arasında bağlanmış 01 sentyabr 2014-ci il tarixli, 829 Z nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 Novruz qızı Cavabdeh1 bank qarşısında 01 sentyabr 2014-ci il tarixli, 746 M saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 01 sentyabr 2014-ci il tarixli, 828 Z zaminlik müqaviləsindən görünür ki, zamin Əliyev X1 Sevil Musa qızının bank qarşısında 01 sentyabr 2014-ci il tarixli, 746 M saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanının surətindən görünür ki, həmin Fərmanın icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbinin 2288.16 manat əsas borcun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC BOKT-un Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış 01 sentyabr 2014-cü il tarixli, 746 M saylı kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya istehlak məqsədilə istifadə müddəti 24 ay olan 3000 manat kredit verilmiş, borcalan Cavabdeh1 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 27 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 2288.16 manat əsas borcu qalmışdır. Bu səbəbdən həmin borc Cavabdeh1 tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 699.10 manat faiz borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Məhkəmə hesab edir ki, müqavilə müddəti üçün hesablanmış 699.10 manat faiz borcu da Cavabdeh1 tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin borcun zaminlərdən müştərək qaydada tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin hazırkı iddia tələbi üzrə iddiaçı əsas borcludan borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdehlər olan zamindən borcun tutulmasını tələb etməkdə haqlı deyildir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Hazırkı mübahisənin məhkəmə araşdırması zamanı 01 sentyabr 2014-cü il tarixli kredit müqaviləsindən müəyyən edilmişdir ki, müqavilə üzrə bank 24 ay müddətinə qaytarmaq şərtilə borcalan Cavabdeh1 3000 manat məbləğində krediti verməyi, borcalan isə əsas borc və faizləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 8.1-ci bəndində isə göstərilmişdir ki, müqavilə borcalan tərəfindən üzərinə götürülmüş öhdəliklərin tam yerinə yetiriləcəyi müddətə kimi qüvvədə qalır. 01 sentyabr 2014-cü il tarixli zaminlik müqavilələrinin 6.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti kredit müqavilsindən irəli gələn öhdəliklərin kreditor qarşısında qüvvədə olma müddəti ilə üs-üstə düşür. Göründüyü kimi, iddiaçı bankla Cavabdeh1 arasında 01 sentyabr 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 24 ay müəyyən edilmiş, tərəflər öhdəliklərin icrası müddətini isə borcun tam ödənilməsi ilə şərtləndirmişlər. 01 sentyabr 2014-cü il tarixdən etibarən kredit müqaviləsinin müddəti 01 sentyabr 2016-cı il tarixdə bitmişdir. Eyni zamanda 01 sentyabr 2014-cü il tarixli zaminlik müqavilələrinin müddəti konkret göstərilməmişdir ki, müqavilənin 6.1-ci bəndində müqavilənin qüvvədə olma müddətinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin kreditor qarşısında qüvvədə olma müddəti ilə üs-üstə düşməsinə dair müqavilə şərti qeyri-müəyyən olmaqla zaminlik müqaviləsinin müddətini müəyyən etməyə imkan vermir, Mülki Məcəllənin tələblərinə ziddir və zaminliklə təmin edilmiş öhdəliyin icrası zamanı zaminin hüquq və qanunla qorunan maraqlarını pozur. Belə ki, bəlli olduğu kimi mülki qanunvericilik hüquq münasibətlərinə tətbiq edilməli olan iddia müddətini və kəsici müddətləri müəyyən edir. Hüquq münasibətlərinə tətbiq edilməli olan müddətlərin müəyyən edilməsinin isə bir çox səbəblərindən biridə tərəflərin intizamlandırılmasına yönəlib. Yəni, vaxtında edilməli olan hərəkətlərin vaxtında edilməsinə yönəlmişdir. Bütün hüquq münasibətlərinə tətbiq edilməli olan müddətilərin mövcud oldğu halda hazırki mübahisə üzrə zaminlik müqaviləsinin müddətinin müəyyən edilməməsi zaminlərin qanunla qorunan hüquqlarına müdaxilədir və sonsuza qədər zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyin üzərlərində daşımasına xidmət edir. Bu isə yolverilməz olmaqla qanunun tələblərinə ziddir. Qeyd olunduğu kimi, Mülki Məcəllənin 477.0.4-cü maddəsində zaminliklə təmin edilmiş öhdəliyin müddət baxımından xitamı nəzərdə tutulmuşdur. Bu isə şərh olunan qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir ki, həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı mübahisə üzrə əsas öhdəliyin icrası müddəti 01 sentyabr 2016-cı il tarixdə bitmiş və qanunvericiliyin tələbi baxımından zaminlik müqaviləsində konkret müddət nəzərdə tutulmadığından əsas öhdəliyin icrası müddətinin bitməsində ötən bir il keçdikdən sonra zaminlik müqaviləsinin müddəti 01 sentyabr 2017-ci il tarixdə bitmişdir. İddiaçı əsas borcluya və zaminə qarşı iddia tələbi ilə 06 iyun 2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da qanunvericilklə müəyyən edilmiş müddəti ötürmüşdür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh1 2288.16 manat əsas, 699.10 manat faiz borcu olmaqla, cəmi 2988.08 manat borc tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməli, iddia tələbi əsassız olduğundan cavabdehlər Cavabdeh3 Novruz qızı və Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, əsas borca münasibətdə tələb tam təmin edildiyindən ödənilmiş 49.88 manat dövlət rüsumu cavabdeh Abdurahmanova Musa Sevil qızından tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2288.16 manat əsas, 699.10 manat faiz borcu olmaqla, cəmi 2988.08 manat borc və 49.88 manat dövlət rüsumu tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia Cavabdeh3 Novruz qızı və Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar