Məhkəmə qərarları › İş №e-2(075)-1426/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1426/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1426/2025 04.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia tələbinin dəlilləri; İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7307.74 (yeddi min üç yüz yeddi manat yetmiş dörd qəpik) manat məbləğində əsas borc, 2138.21 (iki min yüz otuz səkkiz manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu, 1211.4 (bir min iki yüz on bir manat qırx qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 10657.35 (on min altı yüz əlli yeddi manat otuz beş qəpik) manat borc və 121.97 (bir yüz iyirmi bir manat doxsan yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 18 % olmaqla 8000 (səkkiz min) manat məbləğində kredit vermişdir. Lakin borclu müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. 2025-ci il martın 5-dək Cavabdeh banka xx.xx.2023-cü il tarixli onlayn kreditin verilməsinə dair razılaşmaya əsasən 7307.74 (yeddi min üç yüz yeddi manat yetmiş dörd qəpik) manat məbləğində əsas borc, 2138.21 (iki min yüz otuz səkkiz manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu və 4845.61 (dörd min səkkiz yüz qırx beş manat altmış bir qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 14291.56 (on dörd min iki yüz doxsan bir manat əlli altı qəpik) manat məbləğində borcu vardır. Cavabdeh xx.xx.2023-cü il tarixli onlayn kreditin verilməsinə dair razılaşmaya əsasən banka ümumi cərimə borcu 4845.61 (dörd min səkkiz yüz qırx beş manat altmış bir qəpik) manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 1211.4 (bir min iki yüz on bir manat qırx qəpik) manat məbləğində tələb olunur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Yelo” mobil tətbiq üzərindən verilən kredit öhdəliyi üzrə Razılaşmanın təsdiqinə əsasən, Cavabdeh 36 ay müddətinə, illik 18% olmaqla 8000 (səkkiz min) manat məbləğində kredit əldə etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23-Y-1-1-671-23 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə, illik 18% olmaqla 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh 36 ay müddətinə, illik 18% olmaqla 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Əsas borcdan ödənilən cəmi məbləğ 692.26 (altı yüz doxsan iki manat iyirmi altı qəpik) manat, faizdən ödənilən cəmi məbləğ 477.49 (dörd yüz yetmiş yeddi manat qırx doqquz qəpik) manatdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə 176.95 (bir yüz yetmiş altı manat doxsan beş qəpik) manat, xx.xx.2023-cü il tarixdə 12.83 (on iki manat səksən üç) manat məbləğində ödəniş edilmişdir. Əsas borc üzrə qalıq məbləğ 7307.74 (yeddi min üç yüz yeddi manat yetmiş dörd qəpik) manat, faiz borcu 2138.21 (iki min yüz otuz səkkiz manat iyirmi bir qəpik) manat, cərimə borcu 4845.61 (dörd min səkkiz yüz qırx beş manat altmış bir qəpik) manat təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövrü əhatə edən hesabdan çıxarışa müvafiq olaraq, xx.xx.2023-cü il tarixdə Cavabdeh 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında xx.xx.2025-ci il tarixli, KB0-1572 saylı İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə Bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. İddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək, verdiyi kreditin, ona hesablanmış faizlərin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 1211.40 manat məbləğində cərimə tutumasını tələb etmişdir. Lakin, məhkəmə cavabdehlərin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və 50 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, müqavilə üzrə yaranmış borc cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7307.74 (yeddi min üç yüz yeddi manat yetmiş dörd qəpik) manat məbləğində əsas borc, 2138.21 (iki min yüz otuz səkkiz manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu, 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla, cəmi 9.495,95(on doqquz min dörd yüz doxsan beş manat, doxsan beş qəpik) manat borc və 121.97 (bir yüz iyirmi bir manat doxsan yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar