Məhkəmə qərarları › İş №e-2(075)-150/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-150/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-150/2024 06.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1522.65 manat əsas borc, 42.27 manat faiz borcu olmaqla, cəmi 1564.92 manat borcun və ödənilmiş 34 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması, xx.xx.2019-cu il tarixli, 49-xx-xx-102191 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh kredit müqaviləsi üzrə yaranmış qalıq borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Bunun əsasında borc restruktruzasiya olunaraq Cavabdeh ilə İddiaçı ASC arasında 1592.70 manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla xx.xx.2019-cu il tarixli, 49-xx-xx-102191 saylı krеdit müqaviləsi bağlanmışdır. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh götürülən bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərmir. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində İddiaçı ASC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı Əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və Krеdit Müqaviləsinin 4.6-cı bəndinə əsasən tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Gecikdirilmiş borc yarandıqda Borc alan Borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0.02 % miqdarında dəbbə (penya) pulu ödəyir. Kredit müqaviləsinin 4.7-ci bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilmədikdə Borcalan Borcverənə verilmiş kredit məbləğinin 0.02 % miqdarında cərimə faiz ödəyir. Kredit müqaviləsinin 4.8-ci və 4.9-cu bəndinə əsasən cavabdeh borc alan müqavilə üzrə öhdəlikləri vaxtında və ya lazımi qaydada icra etməzsə, həyata keçirilən ödənişlər ilk növbədə müqavilə ilə nəzərdə tutulmuş cərimələrin, sonra faizlərin və ən sonda kreditin əsas məbləğinin ödənilməsinə yönəlir. İddiaçı ASC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı ASC nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçı tərəfindən iştirakı olmadan keçirilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, 49-xx-xx-102191 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı ASC tərəfindən Cavabdeh illik 1 faizlə 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 1592,70 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş qrafikindən görünür ki, Cavabdeh götürdüyü 1592,70 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 10 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-nə 10 avqust 2023-cü il tarixə əsas borc 1522,65 manat, faiz borcu 42,27 manat, cəmi 1564,92 manat məbləğində borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 12 iyul 2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh 13 dekabr 2019-cu il tarixli, 49-xx-xx-102191 saylı kredit müqaviləsində göstərilən öhdəlikləri 3 iş günü ərzində icra etmədiyi təqdirdə borc öhdəliyinin və kredit müqaviləsinin ləğvinin məhkəmə qaydasında mübahisələndiriləcəyi barədə İddiaçı ASC tərəfindən xəbərdar edilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə Cavabdeh arasında 13 dekabr 2019-cu il tarixli, 49-xx-xx-102191 saylı kredit müqaviləsi bağlanmış və ona illik 1 faizlə 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 1592,70 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq cavabdeh, müqavilə öhdəliklərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1522.65 manat əsas borc, 42.27 manat faiz borcu olmaqla, cəmi 1564.92 manat borc və ödənilmiş 34 manat dövlət rüsumu tutulmalı, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, 49-xx-xx-102191 saylı kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1522.65 manat əsas borc, 42.27 manat faiz borcu olmaqla, cəmi 1564.92 manat borc və ödənilmiş 34 manat dövlət rüsumu tutulsun; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, 49-xx-xx- 102191 saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar