Məhkəmə qərarları › İş №e-2(075)-1501/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1501/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1501/2025 09.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh4 iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borc 4.791,75 (dörd min yeddi yüz doxsan bir dollar, 75 sent) ABŞ dolları-bundan 1.503,86 (bir min beş yüz üç dollar, 86 sent) ABŞ dolları əsas, 821,33 (səkkiz yüz iyirmi bir dollar, 33 sent) ABŞ dolları faiz, 2.243,12 (iki min iki yüz qırx üç dollar, 12 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 223,44 (iki yüz iyirmi üç dollar, 44 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 101,46 (yüz bir manat, 46 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 31% dərəcəsi ilə 6.350 (altı min üç yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 ilə Bank arasında ZM-210008036 nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqaviləyə əsasən kredit Borcalana “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh1” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 01 saylı Əlavə Sazişlərə əsasən Kreditin qalıq məbləği 5.680,38 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışıdr. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 6.217,28 (altı min iki yüz on yeddi dollar, 28 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən (1 USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 4.791,75 (dörd min yeddi yüz doxsan bir dollar, 75 sent) ABŞ dolları təşkil edir. Bundan 1.503,86 (bir min beş yüz üç dollar, 86 sent) ABŞ dolları əsas, 821,33 (səkkiz yüz iyirmi bir dollar, 33 sent) ABŞ dolları faiz, 2.243,12 (iki min iki yüz qırx üç dollar, 12 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 223,44 (iki yüz iyirmi üç dollar, 44 sent) ABŞ dolları faiz borcu təşkil edir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında iddia tələbini qəbul etdiyini, borcunu hal-hazırda ödəməyə maddi imkanı olmadığını, borcu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. İddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştiraklrı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 yanvar 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, müqavilə əsasında Cavabdeh1 24 ay müddətinə ödəmək şərtilə, illik 31 faiz olmaqla 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. - 19 yanvar 2015-ci il tarixli, 210008036/ZM saylı zaminlik müqaviləsindən görünür ki, həmin zaminlik müqaviləsi əsasında Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə borcalan tərəfindən kreditor qarşısında götürülmüş öhdəliklərin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürürlər. - ********* saylı 19 yanvar 2015-ci il tarixli Kredit Müqaviləsi üzrə 01 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazindən görünür ki, kredit müqaviləsinin 2.1 və 2.2-ci bəndləri dəyişdirilmiş, borc məbləği 5680,38 ABŞ dolları, kreditin müddəti xx.xx.2017-ci il tarixədək müəyyən edilmişdir. - ********* saylı 19 yanvar 2015-ci il tarixli Zaminlik müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 01 nömrəli Əlavə Sazişlərdən görünür ki, X1, Cavabdeh2 və Cavabdeh3 ********* saylı 19 yanvar 2015-ci il tarixli Kredit Müqaviləsi üzrə kredit müqaviləsinin 2.1 və 2.2-ci bəndlərinin dəyişdirilərək, borc məbləğinin 5680,38 ABŞ dolları, kreditin müddətinin xx.xx.2017-ci il tarixədək müəyyən edilməsinə razılıqlarını bildirmişlər. - ********* saylı, xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə 2 saylı 4 may 2017-ci il tarixli bankla Cavabdeh1 rasında bağlanmış Əlavə sazişdən görünür ki, banka olan borc məbləği 4165.3 ABŞ dolları əsas, 1694.86 ABŞ dolları faiz və 357.12 ABŞ doları cərimə borcu, son ödəmə tarixi isə xx.xx.2022-ci il müəyyən edilmişdir. - ********* saylı, xx.xx.2015-ci il tarixli Zaminlik Müqaviləsi üzrə 4 may 2017-ci il tarixli 02 nömrəli əlavə sazişlərdən görünür ki, zaminlər X1, Cavabdeh2 və Cavabdeh3 banka olan borc məbləği 4165.3 ABŞ dolları əsas, 1694.86 ABŞ dolları faiz və 357.12 ABŞ doları cərimə borcu, son ödəmə tarixi isə xx.xx.2022-ci il müəyyən edilməsinə razılıqlarını bildirmişlər. - xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, 6350 ABŞ dolları kredit Cavabdeh1 verilmişdir. - 3 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Ləğv Prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 yanvar 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 2 aprel 2025-ci il tarixinə 1503,86 ABŞ dolları əsas, 821,33 ABŞ dolları faiz, 2243,12 ABŞ dolları müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış cərimə, 223,44 ABŞ doları gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 4791,75 ABŞ doları məbləğində borc yaranmışdır. - 3 aprel 2025-ci il tarixli bildirişdən görünür ki, Ləğv Prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 4791,75 ABŞ doları məbləğində borcunu 3 gün müddətində Ləğv Prosesində olan İddiaçı ASCyə ödəməsi bildirilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2025-cü il tarixli **********65 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 101,46 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və zaminlik müqaviləsin, həmçinin həmin kredit müqaviləsinə əlavə olaraq bağlanmış sazişlərdən irəli gəlir. Cavabdeh1 öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə, işin sadalanan hallarını, qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun qeyd olunan kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 1503,86 ABŞ dolları əsas borc, 821,33 ABŞ dolları faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 pulun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, Zaminlik müqavilələri 19 yanvar 2015-ci il tarixdə bağlanmış, xx.xx.2015 və xx.xx.2017-ci il tarixli əlavə sazişlərlə zaminlik müqaviləsinin son müddəti xx.xx.2022-ci il müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 münasibətdə iddia təmin edilə bilməz. Çünki Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 öhdəliyinə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən xitam verilmişdir. Belə ki, həmin maddənin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanmış 19 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi, xx.xx.2015 və xx.xx.2017-ci il tarixli əlavə sazişlərlə əsas öhdəliyin icrası vaxtının xx.xx.2022-ci il tarixdə bitdiyini və həmin tarixdən etibarən bir il müddətində iddiaçının zaminlərə qarşı iddia irəli sürmədiyini (iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur) nəzərə alaraq məhkəmə hesab edir ki, zaminliyə xitam verilmiş və cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı tələb irəli sürülməsi əsassızdır. 2243,12 ABŞ dolları cərimə məbləğinin tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən cərimə məbləğinin tutulması barədə iddia tələbi əsaslı olsa da Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəkildə bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni tərəflər arasında bağlanmış sazişdə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdehin borc məbləğini, borcun yaranma tarixini, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən tələb edilən dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 50 ABŞ dolları məbləğində müəyyənləşdirilməlidir. İddia tələbinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixinə geri qaytarılmayan 1503 ABŞ doları borcun illik beş faizi hesablanmaqla 223,44 ABŞ dolları faiz məbləği Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunu 64,17 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1503.86 (bir min beş yüz üç ABŞ dolları səksən altı sent) ABŞ doları əsas, 821.33 (səkkiz yüz iyirmi bir ABŞ dolları otuz üç sent) ABŞ doları faiz, 50 (əlli) ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra hesablanmış 223.44 (iki yüz iyirmi üç ABŞ dolları qırx dörd sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 2598,63 (iki min beş yüz doxsan səkkiz ABŞ dolları altmış üç sent) ABŞ doları borc və 64,17 (altmış dörd manat, on yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar