Məhkəmə qərarları › İş №e-2(075)-1529/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1529/2023

02.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1529/2023 02.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 iyul 2015-ci il təvəllüdlü X6 və 22 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün müəyyən edilmiş alimetin miqdarı artırılaraq hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 01 sentyabr 2016-cı il tarixli, 2(075)-9844/2016 saylı əmri ilə xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Şəki rayonu Aşağı Layısqı kəndində yaşayan Cavabdeh 07 iyul 2015-ci il tarixdə anadan olmuş X1 və 22 iyul 2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 90 manat olmaqla cəmi 180 manat məbləğində alimentin alınıb xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Şəki rayonu Aşağı Layısqı kəndində qeydiyyatda olan, faktiki olaraq Şəki rayonu Bideyiz kəndində yaşayan X7 verilməsi qərara alınmışdır. Bundan sonra Şəki Rayon Məhkəməsinin 06 fevral 2016-cı il tarixli, 2(075)-190/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X8 ilə Cavabdeh arasında 02 dekabr 2014-cü il tarixdə Şəki şəhər İHB-nın Aşağı Göynük kənd İƏD üzrə Nümayəndəliyində bağlanmış 52 saylı nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları – 07 iyul 2015-ci il tarixdə anadan olmuş X2 və 22 iyul 2016-cı il tarixdə anadan olmuş X3 anaları X5 yanında qalmaları qət edilmişdir. Hər uşağa görə 90 manat aliment məbləği indiki zamana görə çox azdır, uşaqlara baxmaq üçün kifayət etmir. Günü gündən uşaqların tələbatları artır. Belə ki, uşaqlar normal qaydada yeməli, müalicə olunmalı, paltarla təmin olunmalı, təhsili və uşaqların dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən hər şeyin qiyməti qalxmışdır. Belə bir vəziyyətdə uşaqlara baxmaq onun üçün maddi cəhətdən çox çətindir. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 01 sentyabr 2016-cı il tarixli, 2(075)-9844/2016 saylı məhkəmə əmrindən görünür ki, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Şəki rayonu Aşağı Layısqı kəndində yaşayan Cavabdeh 07 iyul 2015-ci il tarixdə anadan olmuş X1 və 22 iyul 2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 90 manat olmaqla cəmi 180 manat məbləğində alimentin alınıb xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Şəki rayonu Aşağı Layısqı kəndində qeydiyyatda olan, faktiki olaraq Şəki rayonu Bideyiz kəndində yaşayan X7 verilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli, 2(075)-190/2018 saylı qətnaməsindən görünür ki, X8 ilə Cavabdeh arasında 02 dekabr 2014-cü il tarixdə Şəki şəhər İHB-nın Aşağı Göynük kənd İƏD üzrə Nümayəndəliyində bağlanmış 52 saylı nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları – 07 iyul 2015-ci il tarixdə anadan olmuş X2 və 22 iyul 2016-cı il tarixdə anadan olmuş X3 anaları X5 yanında qalmaları qət edilmişdir. 10 mart 2022-ci il tarixli, MŞİH-2022-15269 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 01 sentyabr 2016-cı il tarixli, 2(075)-9844/2016 saylı məhkəmə əmri ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 07 iyul 2015-ci il təvəllüdlü X6 və 22 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 07 iyul 2015-ci il təvəllüdlü X6 və 22 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 56 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 07 iyul 2015-ci il təvəllüdlü X6 və 22 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 56 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar