Məhkəmə qərarları › İş №e-2(075)-1532/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1532/2022

01.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1532/2022 01.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Mercedes- Benz Vito” markalı, EM-864-İL dövlət nömrə nişanlı avtomobilə dəymiş 4340 manat məbləğində maddi ziyanın və iddianın qaldırılması üçün ödənilmiş 63,40 manat dövlət rüsumunun iş üzrə Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh 05 yanvar 2022-ci il tarixdə, saat 07 radələrində özünə məxsus mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürdüyündən Şəki-Qax yolunun 18-ci km-liyindən keçən hissəsində hərəkətdə olan və X1 idarə etdiyi İddiaçı mülkiyyətində olan “X4” markalı, EM-864-İL dövlət nömrə nişanlı avtomobil həmin heyvanları vurmuş, nəticədə avtomobilin sahibinə 4340 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan RespublikasıŞəki Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 3(075)-30/2022 nömrəli qərarı ilə (sədrlik edən hakim P.Hacıyev) xx xxxxxx 1962-ci il tarixdə Şəki rayonu Aşağı Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, Şəki rayonu Aşağı Göynük kəndində qeydiyyatda olan Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMin) 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibatixətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Azərbaycan RespublikasıŞəki Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 3(075)-30/2022 nömrəli qərarından iş üzrə Cavabdeh şikayət vermiş, lakin, Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 3(107)-41/2022 iş nömrəli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı, iş üzrə Cavabdeh mülkiyyətində olan “X4” markalı, EM-864-İL dövlət nömrə nişanlı avtomobilə dəymiş 4340 manat məbləğində maddi ziyanı tələb etsə də sonuncu bundan qərəzli olaraq imtina etmişdir. Nəticədə İddiaçı, iş üzrə Cavabdeh qarşı mülkiyyətində olan “X4” markalı, EM-864-İL dövlət nömrə nişanlı avtomobilə dəymiş 4340 manat məbləğində maddi ziyanın tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddianı qəbul etmir. Bildirdi ki, iddiaçı maşını elə idarə etməli idi ki, hadisə baş verməsin. Hadisə nəticəsində, o, da maddi ziyanlıq çəkmiş, iki baş malı ölmüşdür. Hər tərəf öz ziyanlığını özü qarşılamalıdır. Hadisə vaxtı iddiaçı özü ziyanın maksimum 1000 manat olduğunu demiş, hazırda isə şişirdilmiş qiymətlər yazdırmaqla ona maşınını yığdırmaq istəyir. O, hadisə yerinə gələndə maşının radiatoru axıtmamışdır, lakin iddiaçı radiatoru ona aldırır. Hesab edir ki, təqdim etdiyi şəkildən göründüyü kimi, avtomobilin yalnız ön hissəsində olan kapot, sağ qanad əzilmiş və təmir olunmalı idi. Ön bufir də düzəldilə bilərdi. Ümumiyyətlə hesab edir ki, daha aşağı qiymətlərlə maşını təmir etdirmək olardı. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 3(075)-30/2022 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş X2 15 fevral 2022-ci il tarixli, 3(107)-41/2022 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 3(075)-30/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 22 sentyabr 2022-ci il tarixli, uni/s 21-652/22 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan “Mercedes-Benz Vito” markalı, EM-864-İL dövlət nömrə nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin məbləği 4430 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 05 yanvar 2022-ci il tarixdə saat 07:00 radələrində özünə məxsus mal-qaranı Şəki-Qax yolunun 18-ci kilometrliyindən keçən hissəsində asfalt və sement-beton örtüklü yolla ötürdüyündən X1 idarə etdiyi, İddiaçı mülkiyyətində olan “Mercedes-Benz Vito” markalı, EM-864-İL dövlət nömrə nişanlı avtomobil həmin heyvanları vurmuş və nəticədə iddiaçıya 4430 manat məbləğində maddi zərər dəymişdir. Şəki Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 3(075)-30/2022 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmiş və həmin qərar X2 15 fevral 2022-ci il tarixli, 3(107)-41/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu, həmin zərəri ödəməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarından göründüyü kimi, Cavabdeh təqsrli hərəkəti nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə İddiaçı maddi ziyan dəymişdir. Qanuni qüvvəsini almış məhkəmə qərarlarından görünür ki, 05 yanvar 2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı hazırkı iş üzrə Cavabdeh, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qanuni qüvvəyə minmiş qərarlarla qanunsuz hərəkətin kim tərəfindən edilməsi müəyyən edildiyindən, hazırkı mülki iş üzrə bunlar sübut edilməyə ehtiyacı olmayan hallar hesab edilir. Sözügedən qərarlara əsasən İddiaçı zərər vuranın Cavabdeh olması müəyyən edilmişdir. Buna görə ziyan vurulan şəxs qarşısında mülki hüquqi məsuliyyəti, cavabdeh şəxs daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 4340 manat məbləğində maddi ziyan alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan “X4” markalı avtomobilə dəymiş 4340 (dörd min üç yüz qırx) manat məbləğində maddi ziyan və iddianın qaldırılması üçün ödənilmiş 63,4 (altmış üç manat qırx qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar