Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1540/2024 28.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1510 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun tanışıdır. O, xx.xx.2023-cü il tarixdə ondan borc pul verməyi xahiş etmişdir. O, cavabdehin səmimiliyinə inanaraq 1510 manat məbləğində borc vermişdir. O isə borc pulu ona verməyini təsdiqləyən qəbzi ona vermişdir. Cavabdeh almış olduğu pulu bir neçə ay ərzində qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdeh iclasın keçiriləcəyi vaxtdan xəbərdar olmuş, bu gün məhkəməyə gələcəyi barədə onun özünə məlumat vermişdir. Təqdim olunmuş qəbzdən də görünür ki, cavabdeh aldığı pulun müqabilində işləyəcəyinə söz vermişdir. Lakin nə onun təsərrüfatında işləmiş, nə də ki, pulu geri qaytarmışdır. Cavabdeh qarşı “pul” tələbinə dair iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış əlyazmada qeyd edilmişdir ki, İddiaçı ehtiyacı olduğu üçün 1510 manat borc pul almış, əvəzində onun təsərrüfatında işləyərək həmin pulu hissə-hissə ödəməsinə söz vermişdir. xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 35 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 1510 manat borc pul almış, əvəzində isə iddiaçıya məxsus təsərrüfatda işləyəcəyinə söz vermiş, lakin öz öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh iddiaçıdan aldığı 1510 manat məbləğdə borcun əvəzində iddiaçıya məxsus təsərrüfatda işləyəcəyinə dair yazılı öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı 1510 manat məbləğdə pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır. Beləliklə, işin hallarını və qanunvericiliyin qeyd edilən normalarını əsas tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən 35 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat və 35 (otuz beş manat) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1540/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1540/2024
28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver