Məhkəmə qərarları › İş №e-2(075)-159/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-159/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-159/2025 01.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 9280.24 manat məbləğində kredit bоrcu, 938.15 manat məbləğində faiz bоrcu və 260.23 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 10478.62 AZN məbləğində bоrcun və ödənilmiş 121.44 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 719.76 manat ödəniş etmiş və оnun iddiaçıya 9280.24 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 166 gün üçün hesablanmış faiz borcu 938.15 manat təşkiledir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 166 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 260.23 manat təşkil edir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Şəki Regional ASAN xidmət mərkəzinin Notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Cavabdeh X3 qanuni vərəsəsidir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, iddia tələbinə etiraz edir. Onun maddi imkanı zəifdir. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli 007A********** saylı kredit razılaşması üzrə əlavə ödəniş planından görünür ki, kreditin son ödəniş tarixi 16 mart 2027-ci il müəyyən edilmişdir. - Cavabdeh X6 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizə-müraciətdən görünür ki, cavabdeh Bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və onları qəbul etmişdir. Həmin ərizəyə əsasən, X6 aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. “Bank xidmətlərinin göstəriləməsi haqqında müqavilənin ümumi şərtləri” 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Həmin şərtlərin 7.9-cu bəndinə əsasən kredit faizi göstərilmiş düstur əsasında aparılır. Həmin şərtlərin 7.11-ci bəndinə əsasən kredit faizi, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Həmin şərtlərin 7.20-ci bəndinə əsasən bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. Həmin şərtlərin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Həmin şərtlərin 11.6-cı bəndinə əsasən müqavilədən irəli gələn və ya ona aid olan mübahisələr qanunvericilik əsasında məhkəmə qaydasında həll edilir. - xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışından görünür ki, X3 007A********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə 9280,24 manat əsas, 938,15 manat faiz borcu və 260,23 manat cərimə borcu mövcuddur. - Miras passivin qaytarılmasına dair bank tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, X3 banka ödənilməmiş 9280,24 manat əsas, 938,15 manat faiz borcu və 260,23 manat cərimə borcu qalmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X3 adına ümumi birgə payda Şəki rayonu, Fazil kəndində yerləşən 2,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN-0074 nömrəli 2002-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir, lakin Şəki rayon 2 saylı DNK-nın 4Ə-130 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdilrilmişdir. Eyni zamanda X3 adına ümumi birgə payda Şəki rayonu, Fazil kəndində yerləşən 0,18 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN-73A nömrəli xx.xx.2000-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi verilmişdir. - xx.xx.2018-ci il tarixli JN-073A KOD 40405028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli 39 saylı qərarına əsasən Cavabdeh, X6, X8 və X11na göstərilən sərhədlər daxilində 0,18 ha torpaq sahəsi verilmişdir. - xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdehdur və o miras əmlakdan tam hissədə irs almalıdır. - Şəki şəhər İHB-nin İbrahimkənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 sentyabr 2023-cü il tarixli 239 nömrəli arayışdan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və onun vərəsələri Cavabdeh, X8 və X7 ibarətdir. - Cavabdeh tərəfindən notarial qaydada yazılmış ərizədə qeyd edilmişdir ki, mərhum həyat yoldaşı X2 qalmış miras əmlakdan ona düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. - X8 oğlu tərəfindən notarial qaydada yazılmış ərizədə qeyd edilmişdir ki, xx.xx.2023cü il tarixdə ölmüş mərhum anası X2 irs qalmış mirasın ona çatası hissəsindən imtina edir. - X11 oğlu tərəfindən notarial qaydada yazılmış ərizədə qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə ölmüş mərhum anası X2 irs qalmış mirasın ona çatası hissəsindən imtina edir. - 04 avqust 2023-cü il tarixli, AZ-İİ 364109 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 28 iyul 2023-cü il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 487 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 121,44 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, X5 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Şəki Regional ASAN xidmət mərkəzinin Notariat ofisinin verdiyi xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh X3 vərəsəsidir. Göründüyü kimi Mülki Məcəllədə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olduqları nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, İddiaçı QSC kredit müqaviləsi üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, işin sadalanan hallarını, qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun qeyd olunan kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə, Mülki Məcəllənin yuxarıda sadalanan normalarına əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində təmin edilməli, Cavabdeh 9280.24 manat məbləğində kredit bоrcu, 938.15 manat məbləğində faiz bоrcu tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən hesab edir ki, cavabdehdən tələb edilən cərimə məbləği borc məbləğinə mütənasib olduğundan həmin hissədə də iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən 121,44 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 9280.24 (doqquz min iki yüz səksən manat iyirmi dörd qəpik) manat məbləğində kredit bоrcu, 938.15 (doqquz yüz otuz səkkiz manat on beş qəpik) manat məbləğində faiz bоrcu və 260.23 (iki yüz altmış manat iyirmi üç qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 10478.62 AZN (on min dörd yüz yetmiş səkkiz manat altmış iki qəpik) manat məbləğində bоrc və ödənilmiş 121,44 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar