Məhkəmə qərarları › İş №e-2(075)-1591/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1591/2024

20.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1591/2024 20.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh Mövlud oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X1 üçün aliment məbləğini artıraraq hər ay üçün 235 (iki yüz otuz beş) manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2009-cu ildə ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X7 dünyaya gəlmişdir. Cavabdehlə əvvəllər səmimi yaşasalar da, sonradan aralarında bir çox narazılıqlar yaranmış və buna görə də ayrılmışlar. Şəki Rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(075)-1201/2011 saylı qətnaməsi ilə birgə nikahlarından dünyaya gəlmiş X1 üçün hər ay sabit pul 50 (əlli) manat məbləğində aliment tutulması qərara alınmışdır. Uşaqlar böyüdükcə onların xərcləri də artmaqdadır. Eyni zamanda ölkədə hər il üçün infiliyasiya ən azı 15-17 % artmaqdadır. Bundan başqa hər il yaşayış minimumu artır. Aliment kəsilərkən ölkə üzrə yaşayış minimumu 75 manat idisə, indi yaşayış minimumu uşaqlar üçün 235 manat təşkil edir. Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasinin Qanununa əsasən 2024-cı il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Tərəfindən 2018-ci ildə alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edilsə də, ərizəsi təmin edilməmişdir. Səbəb kimi cavabdeh şəxsin xəstə olmasını əsas gətirmişlər. Son dövrlər şəxsin əlilliyi dayandırılmışdır. Fəaliyyət qabiliyyətli şəxsdir. Ondan əvvəl də ailə həyatı qurmuş və iki - 2001 və 2004 təvəllüdlü uşaqları olmuşdur. Cavabdeh həmin uşaqlara da hər ay 60 manat aliment ödəmişdir. Həmin uşaqlar artıq yetkinlik yaşa çatmışdır. Artıq həmin uşaqlara ödəyən alimenti onunla birgə nikahlarından dünyaya gəlmiş uşağa ödəyə bilər. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 izahat verərək, iddia tələbini qismən qəbul etdiyini, ayda 80 manat olmaqla artırılmasına razı olduğunu, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2010-cu il tarixli, AZ-İİ 550575 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cü il təvəllüdlü X3 atası Cavabdeh Mövlud oğlu, anası İddiaçıdır. - xx.xx.2014-cü il tarixli, AZ-İ 204234 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Mövlud oğlu ilə X2 arasında bağlanmış nikahın pozulması akt qeydləri kitabında 19 fevral 2012-ci ildə 16 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Hümmətova soyadı verilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-2199/2018 saylı qətnaməsindən görünür ki, 10 iyun 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Mövlud oğlundan hər ay sabit pul məbləğində 154 manat alimentin alınaraq ona ödənilməsi tələbinə dair iddianın təmin ediməməsi qət edilmişdir. - Şəki şəhər İHB-nin “Baş Layısqı” kənd nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş arayışdan görünür ki, Şəki rayonu, Şin kənd sakini Cavabdeh ailə üzvləri: X6, X9 və X4r. - xx.xx.2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh xx.xx.2021-ci il tarixdə müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024-00866 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.7 və 8.13-cü bəndlərində qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını, müəyyənləşdirilmiş aliment məbləğinin uşağın tələbatının çoxalması və onların tələbatını qarşılamaq üçün təyin olunmuş alimentin məbləğinin az olmasına əsaslanmaqla tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Şəki Rayon Məhkəməsi xx.xx.2011-ci il tarixli qətnaməsi ilə onun xeyrinə sabit pul məbləğində 50 manat aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyacının səviyyəsini əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü ildə artırılaraq 235 manat müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 2(075)-1201/2011 saylı, 29 dekabr 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini, qeyd edilən məhkəmə qətnaməsinin qəbul edilməsindən 12 ildən çox vaxt keçməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Mövlud oğlundan İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə alimentin məbləğinin 100 manat müəyyən edilməsi zamanı cavabdehin ikinci dərəcəli əlil olmasını, aliment ödədiyi digər iki övladının yetkinlik yaşına çatmasını, əmək qabiliyyətli olmamasını da nəzərə almışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 29 dekabr 2011-ci il tarixli 2(075)-1201/2011 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləği artırılmalı, Cavabdeh Mövlud oğlundan, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay üçün sabit pul məbləğində 100 (yüz) manat aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən Cavabdeh Mövlud oğlundan 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(075)-1201/2011 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləği artırılsın. Cavabdeh Mövlud oğlundan, xx.xx.2010-cu il təvəllüdlü X3 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 (yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. 30 (otuz) manat dövlət rüsumu Cavabdeh Mövlud oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar