Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1622/2022 12.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı Alibəy oğlunun cavabdeh Dəmirbank ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh3 ASC-yə və Şəki rayon İcra və Probasiya Şöbəsinə qarşı kredit borcunun silinməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ASC ilə onun arasında bağlanmış 13 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsassız hesablanmış 401.30 manat borcun silinməsi və ondan əsassız olaraq tutulmuş 33.09 manat pulun və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun cavabdehlər Əmanətlərin Sığortalanması Fondundan və Şəki rayon İcra və Probasiya Şöbəsindən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh3 ASC arasında 13 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 36% ödəmək şərti ilə 1270 ABŞ dolları məbləğində kredit verilmişdir. O kredit aldıqdan sonra bir ödəməli olduğu məbləği dolların əvvəlki məzənnəsinə uyğun tam şəkildə banka ödəmişdir. Lakin sonradan ölkədə və dünyada baş vermiş iqtisadi böhranla bağlı Respublikası Mərkəzi Bankının qərarı ilə manatın 33 faiz dəyərdən düşməsi və ABŞ dollarının məzənnəsinin qalxması nəticəsində onun banka borcum qalmışdır. Bundan sonra Cavabdeh3 ASC ona qarşı borcun tutulması üçün məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli 2(075)-11760/2016 saylı məhkəmə əmri ilə ondan 281.18 ABŞ dolları əsas, 97.37 ABŞ dolları faiz və 39.08 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 471.63 ABŞ dolları borcun əmrin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə və dövlət rüsumu olaraq ödənilmiş 20 manat alınaraq Cavabdeh3 ASC-nin xeyrinə verilməsi əmr edilmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli 2(075)-11760/2016 saylı məhkəmə əmri icraya yönəldilmişdir. Bilindiyi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə xarici valyutada olan kreditlər üzrə ödənişlərin əvvəlki məzənnə ilə ödənilməsi ödənilmiş artıq məbləğlərin isə kompensasiya yolu ilə qaytarılması nəzərdə tutulmuşdur. Onun da kredit müqaviləm həmin fərmanın təsir dairəsinə düşmüş və ona 391.10 manat kompensasiya hesablanmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının elektron sistemindən əldə etdiyi cədvələ əsasən onun Cavabdeh3 ASC-dən aldığı kredit üzrə 01 mart 2019-cu il tarixinə 391.10 manat kompensasiya hesablandığı, həmin kredit müqaviləsi üzrə 86.91 manat borcunun qaldığı qeyd edilmişdir. Lakin 2022-cu ilin iyun ayından yenidən onun pensiyasından tutulma olmuş və o bununla bağlı Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə müraciət etdikdə ona bildirmişdirlər ki, tutulma Şəki rayonu İcra və Probasiya Şöbəsinin qərarına əsasən həyata keçirilib. O bununla bağlı Şəki rayonu İcra və Probasiya Şöbəsinə müraciət etdikdə ona Cavabdeh3 ASC-yə olan kredit borcuna görə tutulma olduğunu bildirmişdirlər. Bununla bağlı X1ynar xəttinə müraciət etdikdə 488.21 manat kredit borcu qaldığını bildirmişdirlər. O onun kredit borcunun Cənab Prezidentin fərmanın təsir dairəsinə düşdüyünü və borcun silindiyini, sadəcə 86.91 manat borcunun qaldığını, lakin onun pensiyasından bu ay 120 manat tutulma olduğunu bildirsə də onlar təkidlə ona 488.21 manat borcu olduğunu demişlər. Buna görə də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsi əsasında MPM-in 54-cü maddəsinə əsasən cavabdeh Əmanətlərin Sığortalanması Fondunu əsl cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC ilə əvəz etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Alibəy oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə şıxarılmasını məhkəmədən xahiş etdi. Lakin əlavə olaraq bildir di ki, onun təqaüdündən tutulan məbləğ ona qaytarılmışdır. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 ASC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, Cavabdeh3 ASC-ilə iddiaçının arasında 13 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 36% ödəmək şərti ilə 1270 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçının müqavilə üzrə öhdəliklərini tam icra etməmiş, Cavabdeh3 ASC borcun tutulması üçün məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli 2(075)-11760/2016 saylı məhkəmə əmri ilə iddiaçıdan 281.18 ABŞ dolları əsas, 97.37 ABŞ dolları faiz və 39.08 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 471.63 ABŞ dolları borcun əmrin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə və dövlət rüsumu olaraq ödənilmiş 20 manat alınaraq Cavabdeh3 ASC-nin xeyrinə verilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə xarici valyutada olan kreditlər üzrə ödənişlərin əvvəlki məzənnə ilə ödənilməsi ödənilmiş artıq məbləğlərin isə kompensasiya yolu ilə qaytarılması nəzərdə tutulmuşdur. İddiaçının da kredit müqaviləsi həmin fərmanın təsir dairəsinə düşmüş və iddiaçıya 391.10 manat kompensasiya hesablanmışdır. Lakin iddiaçı banka müraciət etməmiş və müqavilə restruktizasiya olunmamışdır. Odur ki, iddiaçının təqsiri üzündən onun borcun silinməsini tələb etmək hüququ yoxdur. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 31 oktyabr 2016-cı il tarixli Şəki Rayon Məhkəməsinin məhkəmə əmrindən görünür ki, İddiaçı kredit müqaviləsi üzrə 281.18 ABŞ dolları əsas, 97.37 ABŞ dolları faiz və 39.08 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 471.63 ABŞ dolları borcun əmrin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə və dövlət rüsumu olaraq ödənilmiş 20 manat alınaraq Cavabdeh3 ASC-nin xeyrinə verilməsi əmr edilmişdir İş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyasına dair arayışdan görünür ki, İddiaçı ləğv prosesində olan Cavabdeh3 ASC-yə 01 mart 2019-cu il tarixinə əsas kredit borcu 478.01 manat, borcun azaldılmasına yönəldilən məbləğ 391.10 manat, qalıq borcunun məbləği 86.91 manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC ilə bağlanmış 13 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı illik 36 faiz olmaqla 24 ay müddətinə 1270 manat məbləğində kredit verilmişdir. İddiaçı bir müddət kredit borcunu ödəmiş, sonradan ölkədə olan devalvasiya səbəbindən borcunu ödəyə bilməmişdir. Şəki Rayon Məhkəməsinin 31 oktyabr 2016-ci il tarixli, 2(075)- 11760/2016 saylı məhkəmə əmrinə əsasən İddiaçı 471.63 ABŞ dolları məbləğində kredit borcunun əmrin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq Cavabdeh3 ASC-yə ödənilməsi əmr edilmişdir. Sonradan Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanına əsasən İddiaçı ləğv prosesində olan Cavabdeh3 ASC-yə qalıq borcunun məbləği 86.91 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəyə minmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı mülki iş üzrə mübahisələndirilən kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə fərmanın təsiri altına düşmüşdür. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə İddiaçı ilə cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC arasında bağlanmış kredit müqaviləsi üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlər tətbiq olunmuş, borcun məbləği dəyişmiş, onun 01 mart 2019-cu il tarixinə ləğv prosesində olan Cavabdeh3 ASC-yə olan əsas kredit borcu 478.01 manat, borcun azaldılmasına yönəldilən məbləğ 391.10 manat, qalıq borcunun məbləği isə 86.91 manat müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanında banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı ilə cavabdeh bank arasında bağlanmış kredit müqaviləsi üzrə restrukturizasiya olunmalı kredit borcunun məbləği 86.91 manat müəyyən edilmişdir. Lakin ləğv prosesində olan Cavabdeh3 ASC tərəfindən qeyd edilən Fərmanın icrasını təmin etmək məqsədi ilə İddiaçı yeni güzəştli kredit müqaviləsi bağlanması və ya qalan kredit borcunun (86.91 manatın) birdəfəlik ödənilməsi təklif edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı izahatında hesabından tutlan 33.09 manat pulun ona qaytarılmasını bildirmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı vaxtda İddiaçı 86,91 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC ilə İddiaçı arasında bağlanmış 13 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsassız hesablanmış 401.30 manat borcun 314,4 manatı silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-yə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC ilə İddiaçı arasında bağlanmış 13 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə hesablanmış 401.30 manat borcun 314,4 manatı silinsin. Ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-dən alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1622/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1622/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver