Məhkəmə qərarları › İş №e-2(075)-1626/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1626/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1626/2024 24.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Əhmədova (Məmmədova) Mənzurə Tahir qızı və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Əhmədova (Məmmədova) Mənzurə Tahir qızı və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 7674.69 (yeddi min altı yüz yetmiş dörd manat 69 qəpik) manat - bundan 2636.93 (iki min altı yüz otuz altı manat 93 qəpik) manat əsas, 1658.10 (bir min altı yüz əlli səkkiz manat 10 qəpik) manat faiz, 2993.01 (iki min doqquz yüz doxsan üç manat 01 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 386.65 (üç yüz səksən altı manat 65 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 96.75 (doxsan altı manat 75 qəpik) manat dövlət rüsumunun cavabdehlər Əhmədova (Məmmədova) Mənzurə Tahir qızı və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəki filialı ilə cavabdeh Əhmədova (Məmmədova) Mənzurə Tahir qızı arasında bağlanmış 9780 nömrəli Kredit Kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən cavabdeh üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək 3000 (üç min) manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh Əhmədova (Məmmədova) Mənzurə Tahir qızına kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM9780 nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəki filialı ilə cavabdeh Əhmədova (Məmmədova) Mənzurə Tahir qızı arasında 026 nömrəli 20 iyun 2017-ci il tarixli Əlavə Saziş bağlanaraq, əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5093.56 AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 faiz ödənilməli idi. Zaminlik Müqaviləsi üzrə 026 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5093.56 AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Müqaviləyə əsasən müştəri kredit xətti üzrə ödənişləri gecikdirdikdə, o cümlədən hesablanmış faizləri, cəriməni və ya komissiya haqlarını vaxtında ödəmədikdə Bank yaranan borc məbləğini bu Müqavilənin 3.7-ci maddəsində göstərilən digər təminat hesabına Banka qaytarılmasını təmin etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Əhmədova (Məmmədova) Mənzurə Tahir qızının kredit üzrə cəmi borcu 7674.69 (yeddi min altı yüz yetmiş dörd manat 69 qəpik) manat təşkil edir. Bundan 2636.93 (iki min altı yüz otuz altı manat 93 qəpik) manat əsas, 1658.10 (bir min altı yüz əlli səkkiz manat 10 qəpik) manat faiz, 2993.01 (iki min doqquz yüz doxsan üç manat 01 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 386.65 (üç yüz səksən altı manat 65 qəpik) manat faiz borcu təşkil edir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Əhmədova (Məmmədova) Mənzurə Tahir qızı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı ASC ilə X4 arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli 9780 nömrəli kredit kartının verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, müqavilə əsasında X3 xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək 3000 (üç min) manat məbləğində kredit xətti açılmışdır. - 28 yanvar 2015-ci il tarixli, ZM-9780 saylı zaminlik müqaviləsindən görünür ki, həmin zaminlik müqaviləsi əsasında Cavabdeh2 28 yanvar 2015-ci il tarixli 9780 nömrəli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləsiylə İddiaçı ASC qarşısında X4 ilə birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. - 20 iyun 2017-ci il tarixli 026 nömrəli Əlavə Sazişdən görünür ki, əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın və zaminin Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5093.56 AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Həmin Sazişin 1.7-ci bəndinə əsasən Borcalan ödəniş qrafiki üzrə öhdəliklərinin icrası zamanı (müqavilə müddəti ərzində gecikmə günlərini sayı / ilk 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı / növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin saylı) 30 (otuz) gündən çox olduqda Kreditorun təşəbbüsü ilə X7 birtərəfli qaydada xitam verilə və kredit, dondurulmuş faiz və cərimə, həmçinin, hesablanacaq faiz və cərimələrin vaxtından əvvəl ödənişi tələb edilə bilər. X7 Kreditor tərəfindən xitam verildikdə, müvafiq kredit öhdəliyi üzrə münasibətlərə Tərəflər arasında imzalanmış 9780 saylı, xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinin şərtləri tətbiq olunur. - Ödəniş qrafikindən görünür ki, X4 götürdüyü 3000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. - 07 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Ləğv Prosesində olan İddiaçı ASC ilə X4 arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli 9780 nömrəli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən 30 aprel 2024-cü il tarixinə 2636,93 manat əsas, 1658,10 manat faiz, 2993,01 manat müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış cərimə, 386,65 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 7674,69 manat məbləğində borc yaranmışdır. - 09 aprel 2024-cü il tarixli bildirişdən görünür ki, Ləğv Prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlər Əhmədova (Məmmədova) Mənzurə Tahir qızı və Cavabdeh2 7665,07 manat məbləğində borcunu 3 gün müddətində Ləğv Prosesində olan İddiaçı ASC-yə ödəməsi bildirilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 96,75 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit kartının verilməsi, istifadəsi üzrə və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdeh Əhmədova (Məmmədova) Mənzurə Tahir qızının öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə, işin sadalanan hallarını, qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun qeyd olunan kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Əhmədova (Məmmədova) Mənzurə Tahir qızından 2636,93 manat əsas borc, 1658,10 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh2 pulun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, Zaminlik müqaviləsi 28 yanvar 2015-ci il tarixdə bağlanmış və xx.xx.2017-ci il tarixli əlavə saziş ilə “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə” üzrə müəyyən edilmiş öhdəliyin təminatı kimi bağlandığı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 münasibətdə iddia təmin edilə bilməz. Çünki Cavabdeh2 öhdəliyinə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən xitam verilmişdir. Belə ki, həmin maddənin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi və xx.xx.2017-ci il tarixli Əlavə saziş üzrə əsas öhdəliyin icrası vaxtının xx.xx.2021-ci il tarixdə bitdiyini və həmin tarixdən etibarən bir il müddətində iddiaçının zaminə qarşı iddia irəli sürmədiyini (iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur) nəzərə alaraq məhkəmə hesab edir ki, zaminliyə xitam verilmiş və Cavabdeh2 qarşı tələb irəli sürülməsi əsassızdır. 2993,01 manat cərimə məbləğinin tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən cərimə məbləğinin tutulması barədə iddia tələbi əsaslı olsa da Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəkildə bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni tərəflər arasında bağlanmış sazişdə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdehin borc məbləğini, borcun yaranma tarixini, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən tələb edilən dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 100 manat manat məbləğində müəyyənləşdirilməlidir. İddia tələbinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, müqavilə müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinə geri qaytarılmayan 2636 manat borcun illik beş faizi hesablanmaqla 386,65 manat faiz məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunu 67,81 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Əhmədova (Məmmədova) Mənzurə Tahir qızından 2636.93 (iki min altı yüz otuz altı manat doxsan üç qəpik) manat əsas, 1658.10 (bir min altı yüz əlli səkkiz manat on qəpik) manat faiz, 100 (yüz) manat cərimə və kredit müqaviləsi bitəndən sonra hesablanmış 386.65 (üç yüz səksən altı manat altmış beç qəpik) manat faiz borcu olmaqla, cəmi 4781,68 (dörd min yeddi yüz səksən bir manat altmış səkkiz qəpik) manat borc və 67,81 (altmış yeddi manat, səksən bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar