Məhkəmə qərarları › İş №e-2(075)-1676/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1676/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1676/2025 05.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, BRCB7235885B2 saylı kredit müqaviləsinə əsasən 486 manat əsas, 74,79 manat faiz, cəmi 560,79 manat borcun, xx.xx.2024-cü il tarixli GTKR9205433B299 saylı kredit müqaviləsinə əsasən 5690,07 manat əsas, 507,3 manat faiz, cəmi 6197,37 manat, ümumilikdə 6758,16 manat borcun və ödənilmiş 87,58 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx/xx/2024-cü il tarixli BRCB7235885B299 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx/xx/2024-cü il tarixli GTKR9205433B299 saylı kredit müqaviləsinə əsasən ona 48 ay elektron qaydada illik 22.8 faiz dərəcəsi ilə 5868 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul ödənilməsi haqqında məlumat vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx/xx/2024-cü il tarixli BRCB7235885B299 saylı kredit müqaviləsinə əsasən 486 AZN əsas; 74.79 AZN faiz;cəmi 560.79 AZN borcu, xx/xx/2024-cü il tarixli GTKR9205433B299 saylı müqaviləsinə əsasən 5690.07 AZN əsas; 507.3 AZN faiz; cəmi 6197.37 AZN, ümumilikdə 6758.16 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında Cavabdeh izahat verərək, özünün tələbə olduğunu, maddi imkanının aşağı olduğunu, himayəsində azyaşlı övladının olduğunu bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı ASC (Kreditor) ilə Cavabdeh (Borcalan) arasında elektron qaydada imzalanmış xx.xx.2024-cü il tarixli BRCB7235885B299 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh 59 ay müddətinə 486 manat məbləğində birkart müqavilə üzrə kredit xətti açılmışdır. - İddiaçı ASC (Kreditor) ilə Cavabdeh (Borcalan) arasında elektron qaydada imzalanmış xx.xx.2024-cü il tarixli GTKR9205433B299 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə, illik 22,8 faiz dərəcəsi ilə 5868 manat məbləğində kredit verilmişdir. - xx.xx.2024-cü il tarixli GTKR9205433B299 saylı “Kredit müqaviləsi”nə X1 görünür ki, kredit üzrə borc məbləğinin ödənişi xx.xx.2024-cü il tarixdə başlayır, sonuncu ödəniş tarixi xx.xx.2028-ci il müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli BRCB7235885B299 saylı kredit müqaviləsinə əsasən 486 AZN əsas; 74.79 AZN faiz;cəmi 560.79 AZN borcu, xx.xx.2024-cü il tarixli GTKR9205433B299 saylı müqaviləsinə əsasən 5690.07 AZN əsas; 507.3 AZN faiz; cəmi 6197.37 AZN, ümumilikdə 6758.16 AZN borcu yaranmışdır. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı ASC (Kreditor) ilə Cavabdeh (Borcalan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh 59 ay müddətinə 486 manat məbləğində birkart müqavilə üzrə kredit xətti açılmış və bu kredit xətti müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə əsas borc məbləği 486 manat, faiz borc məbləği 74,79 manat olmaqla 560,79 manat məbləğində ümumi borcu, gecimə günü 58 gün olmaqla 91,2 manat məbləğində gecikmə yaranmışdır. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə, illik 22,8 faiz hesablanmaqla 5868 manat məbləğində kredit verilmiş kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə əsas borc məbləği 5690,07 manat, faiz borc məbləği 507,3 manat olmaqla 6197,37 manat məbləğində ümumi borcu, gecikmə günü 146 gün olmaqla 804,55 manat məbləğində gecikmə yaranmışdır. Qrafikə uyğun ödəniş aparılmadığı üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb edilmişdir. - xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 87,58 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli BRCB7235885B299 saylı və xx.xx.2024-cü il tarixli GTKR9205433B299 saylı kredit müqavilələrindən irəli gəlir. Cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə, işin sadalanan hallarını, qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun qeyd olunan kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixli, BRCB7235885B2 saylı kredit müqaviləsinə əsasən 486 manat əsas, 74,79 manat faiz, cəmi 560,79 manat, xx.xx.2024-cü il tarixli GTKR9205433B299 saylı kredit müqaviləsinə əsasən 5690,07 manat əsas, 507,3 manat faiz, cəmi 6197,37 manat, ümumilikdə 6758,16 manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 87,58 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, BRCB7235885B2 saylı kredit müqaviləsinə əsasən 486 (dörd yüz səksən altı) manat əsas, 74,79 (yetmiş dörd manat yetmiş doqquz qəpik) manat faiz, cəmi 560,79 (beş yüz altmış manat yetmiş doqquz qəpik) manat, xx.xx.2024cü il tarixli GTKR9205433B299 saylı kredit müqaviləsinə əsasən 5690,07 (beş min altı yüz doxsan manat yeddi qəpik) manat əsas, 507,3 (beş yüz yeddi manat otuz qəpik) manat faiz, cəmi 6197,37 (altı min bir yüz doxsan yeddi manat, otuz yeddi qəpik) manat, hər iki müqavilə üzrə ümumilikdə 6758,16 (altı min yeddi yüz əlli səkkiz manat, on altı qəpik) manat borc, 87,58 (səksən yeddi manat əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar