Məhkəmə qərarları › İş №e-2(075)-169/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-169/2025

06.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-169/2025 06.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçının Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçının Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 150000 (bir yüz əlli min) ABŞ dolları borcunun, əldən çıxmış fayda kimi 30000 (otuz min) ABŞ dolları pulun Azərbaycan manatının ekvivalenti ilə, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 1400 (bir min dörd yüz) manat və ödənilmiş 599 (beş yüz doxsan doqquz) manat dövlət rüsumu olmaqla cəmi 307999 (üç yüz yeddi min doqquz yüz doxsan doqquz) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh artıq 3 (üç) ilə yaxındır aldığı 150000 (bir yüz əlli min) ABŞ dolları pulu qaytarmaq istəmir. Həmin pulu cavabdehdən almaq üçün Azərbaycan Respublikasının bütün orqan və təşkilatlarına müraciət etmişdir. O, Gürcüstan Respublikasının vətəndaşı olduğu üçün hətta Gürcüstan Respublikasının da müvafiq orqanlarına müraciət etmişdir. Təəssüf ki Cavabdeh borcunu qaytarmaq əvəzinə ona qarşı xüsusi ittiham qaydasında şikayət vermişdir. Həmin şikayəti verməklə Cavabdeh onu qorxutmaq istəyir. İlk öncə xüsusi ittiham qaydasında şikayət verən şəxsin istinad etdiyi Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələrində qeyd edilən əməllər onun tərəfindən törədilməmiş, əksinə Cavabdeh barəsində etdiyi çoxsaylı əsaslı və doğru şikayətlərdən çəkindirmək istəyir. Cavabdeh əvvəllər bir neçə dəfə ona borclu olduğu pulu qaytarmaq istədiyini bildirmiş, lakin Sevil Səlimova adlı qadının onu müflis etdiyinə görə pulu qaytarmaq üçün ondan vaxt istəmişdir. O şikayət etdikdən sonra isə guya borcunun olmadığını, hətta onu ümumiyyətlə tanımadığını bildirmişdir. Cavabdehin 150000 (bir yüz əlli min) ABŞ dolları borcunun olduğu səs yazıları və sənədlərlə tam sübuta yetirilir. İddia ərizəsində yazdığı bütün xüsusatlar barədə səs yazıları var. Onun yeznəsinin və özünün qapısına pulunu istəmək üçün getmişdir. Eyni zamanda müvafiq dövlət orqanlarına da rəsmi müraciət etmişdir. Lakin təəssüflər olsun ki, Cavabdeh barəsində qəbul olunmuş Şəki ŞRPŞ-nin 24 sentyabr 2023-cü il tarixli qərarı bu günə qədər təqdim olunmamışdır. Həmin qərarda məhkəməyə müraciət etmək tövsiyyə olunur. Etdiyi şikayətlərdən sonra cavabdeh onu öldürməklə hədələyir, söyür, təhqir edir, şərəf və ləyaqətini alçaldır. Cavabdeh 2 ilə yaxın müddətdə ona göstərdiyi təzyiqləri davam etdirir. Bütün bunların səbəbi kimi cavabdeh onun barəsində etdiyi şikayətləri göstərir. Baş Prokurorun və X6 qəbuluna getməyini “nə isə axtardığı” kimi qiymətləndirir və barəsində təhqiramiz sözlər deyir. Cavabdeh dəfələrlə onun barəsində yalan məlumatlar yaymış, yazmağa və deməyə belə çətinlik çəkdiyi və utandığı sözlər danışmışdır. Cavabdeh bu hərəkətlərə son qoymasını dəfələrlə ona bildirsə də heç bir nəticəsi olmamışdır. Cavabdeh son vaxtlarda xüsusi aktivlik göstərir. Belə ki, cavabdehin barəsində olan cinayət işinin başlanmasının rədd olunması barədə qərarlar qəbul olunduqdan sonra daha da aqressiv olmuşdur. Lakin cavabdeh həmin qərarlardan şikayət etmək hüququnun olduğunu nəzərə almır. Bundan başqa cavabdeh onun anası və bacısı ilə əlbir olaraq onun barəsində təhqiramiz sözlər demiş, şər və böhtanlar söyləmişdir. O, uzun illərdir Bakı şəhərində ticarətlə məşğul olur. Cavabdehdən tələb etdiyi pul onda olsaydı xeyli gəlir əldə edə bilərdi. O, həmin pulu ev almaq üçün toplamışdı və hal-hazırda evsiz qalmışdır. Odur ki, cavabdehin yaydığı yalan məlumatların rəsmi şəkildə təkzib olunmasını, ondan üzr istəməsini və 150000 (bir yüz əlli min) ABŞ dolları borcunu, həmçinin əldən çıxmış fayda kimi 30000 (otuz min) ABŞ dolları pulu ödəməsini tələb edir. Hüquqi yardıma görə vəkillərə ödədiyi vəsaitlər, dövlət rüsumları, yol xərci, müalicə xərcləri və digər ödənişlərlə bağlı o, xeyli vəsait xərcləmişdir. Bundan başqa cavabdeh onun ünvanına nalayiq ifadələr işlətmiş və şərəf və ləyaqətini alçaltmışdır. Hər dəfə cavabdehin onun barəsində təhqiramiz ifadələr işlətdiyi zaman o, mənəvi iztirab keçirmiş, əsəbləşmiş, ciddi sarsıntılar keçirmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri; İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları; Məhkəmə iclasında İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 izahatında bildirdi ki, Cavabdeh artıq 3 (üç) ilə yaxındır aldığı 150000 (bir yüz əlli min) ABŞ dolları pulu qaytarmamışdır. Həmin pulu cavabdehdən almaq üçün iddiaçı həmçinin özü də Azərbaycan Respublikasının bütün orqan və təşkilatlarına müraciət etmişdir. O, Gürcüstan Respublikasının vətəndaşı olduğu üçün hətta Gürcüstan Respublikasının da müvafiq orqanlarına müraciət etmişdir. Etdiyi şikayətlərdən sonra cavabdeh iddiaçını öldürməklə hədələyir, söyür, təhqir edir, şərəf və ləyaqətini alçaldır. Cavabdeh 2 ilə yaxın müddətdə ona göstərdiyi təzyiqləri davam etdirir. Bütün bunların səbəbi kimi cavabdeh onun barəsində etdiyi şikayətləri göstərir. O, uzun illərdir Bakı şəhərində ticarətlə məşğul olur. Cavabdehdən tələb etdiyi pul onda olsaydı xeyli gəlir əldə edə bilərdi. O, həmin pulu ev almaq üçün toplamışdı və hal-hazırda evsiz qalmışdır. Odur ki, cavabdehin yaydığı yalan məlumatların rəsmi şəkildə təkzib olunmasını, ondan üzr istəməsini və 150000 (bir yüz əlli min) ABŞ dolları borcunu, həmçinin əldən çıxmış fayda kimi 30000 (otuz min) ABŞ dolları pulu ödəməsini tələb edir. Hüquqi yardıma görə ödədiyi vəsaitlər, dövlət rüsumları, yol xərci, müalicə xərcləri və digər ödənişlərlə bağlı o, xeyli vəsait xərcləmişdir. Bundan başqa cavabdeh onun ünvanına nalayiq ifadələr işlətmiş və şərəf və ləyaqətini alçaltmışdır. Hər dəfə cavabdehin onun barəsində təhqiramiz ifadələr işlətdiyi zaman o, mənəvi iztirab keçirmiş, əsəbləşmiş, ciddi sarsıntılar keçirmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil2 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Cavabdeh ümumiyyətlə iddiaçıdan heç bir pul vəsaiti almamışdır. Lamaranın anası Zeynəbdən 2014-cü ildə 120000 (yüz iyirmi min) ABŞ dollar pulu almış və 3 il müddətinə də həmən borcu tam olaraq ödəmişdir. İddia tələbinin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh ifadə verərək bildirmişdir ki, o, Lamara adlı şəxs ilə tanışlığı yoxdur. Anası Zeynəb ilə onun əlaqəsi olmuşdur. O, Zeynəbdən 120000 (yüz iyirmi min) ABŞ dollar pul almışdır. Həmin pulu Zeynəbdən Çingiz alıb vermişdir. 2014-cü ildə o, həmin pulu aldıqdan sonra 3 il ərzində tamamilə artıqlaması ilə Zeynəbə qaytarmışdır. İddia tələbinə etiraz edir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, o, 120000 (yüz iyirmi min) ABŞ dollar pulu Lamaranın anası Zeynəbdan alaraq Tehrana vermişdir. Həmin pulu aldıqdan sonra dolların kursu qalxmışdır. Lakin həmin pul gecikmə olsa da tam olaraq Zeynəb xanıma qaytarılmışdır.tarılmışdır. İşin halları; Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən X4 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, araşdırılma aparılması üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. Şəki ŞRPŞ-nın TB-nin təhqiqatçısı, polis kapitanı Ülvi Nəzirli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, HK-1/1655 nömrəli material üzrə cinayət işinin başlanmasınını rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı tərəfindən Binəqədi Rayon Prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ərizəçi X3 şikayəti əsasında olan halların yoxlanılması, əgər ərizəçinin hüquqlarının pozulması müəyyən edildiyi halda müvafiq tədbirlərin görülməsi bildirilmişdir. Məhkəməyə təqdim edilmiş DVD disk və fləşkartlarda olan video görüntülər və səs yazıları məhkəmə iclasında tədqiq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi ndan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının; 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmənin mövqeyi; Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ərizəsində Cavabdeh artıq 3 (üç) ilə yaxındır verdiyi 150000 (bir yüz əlli min) ABŞ dolları pulu geri ala bilmir. Həmin pulu cavabdehdən almaq üçün Azərbaycan Respublikasının bütün orqan və təşkilatlarına müraciət etmişdir. O, Gürcüstan Respublikasının vətəndaşı olduğu üçün hətta Gürcüstan Respublikasının da müvafiq orqanlarına müraciət etmişdir. O, uzun illərdir Bakı şəhərində ticarətlə məşğul olur. Cavabdehdən tələb etdiyi pul onda olsaydı xeyli gəlir əldə edə bilərdi. O, həmin pulu ev almaq üçün toplamışdı və hal-hazırda evsiz qalmışdır. Odur ki, cavabdehin yaydığı yalan məlumatların rəsmi şəkildə təkzib olunmasını, ondan üzr istəməsini və 150000 (bir yüz əlli min) ABŞ dolları borcunu, həmçinin əldən çıxmış fayda kimi 30000 (otuz min) ABŞ dolları pulu ödəməsini tələb edir. Hüquqi yardıma görə vəkillərə ödədiyi vəsaitlər, dövlət rüsumları, yol xərci, müalicə xərcləri və digər ödənişlərlə bağlı o, xeyli vəsait xərcləmişdir. Bundan başqa cavabdeh onun ünvanına nalayiq ifadələr işlətmiş və şərəf və ləyaqətini alçaltmışdır. Hər dəfə cavabdehin onun barəsində təhqiramiz ifadələr işlətdiyi zaman o, mənəvi iztirab keçirmiş, əsəbləşmiş, ciddi sarsıntılar keçirmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir tələb üzrə iddiaçının üzərinə düşür. Beləliklə yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona zərərin (əldən çıxmış fayda və ya real zərərin) dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində əldə edə biləcəyi gəlirlərdən məhrum olmasını sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan əldən çıxmış faydanın və real zərərin nədən ibarət olmasını, daha əvvəllər də adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlərinin olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı tələb etdiyi iddianı sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə iddianın təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Şərh edilənlərə əsasən, İddiaçının Cavabdeh qarşı Cavabdeh ona olan 150000 (bir yüz əlli min) ABŞ dolları borcunun, əldən çıxmış fayda kimi 30000 (otuz min) ABŞ dolları pulun Azərbaycan manatının ekvivalenti ilə, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 1400 (bir min dörd yüz) manat və ödənilmiş 599 (beş yüz doxsan doqquz) manat dövlət rüsumu olmaqla cəmi 307999 (üç yüz yeddi min doqquz yüz doxsan doqquz) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçının Cavabdeh qarşı Cavabdeh ona olan 150000 (bir yüz əlli min) ABŞ dolları borcunun, əldən çıxmış fayda kimi 30000 (otuz min) ABŞ dolları pulun Azərbaycan manatının ekvivalenti ilə, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 1400 (bir min dörd yüz) manat və ödənilmiş 599 (beş yüz doxsan doqquz) manat dövlət rüsumu olmaqla cəmi 307999 (üç yüz yeddi min doqquz yüz doxsan doqquz) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar