Məhkəmə qərarları › İş №e-2(075)-1694/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1694/2024

16.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1694/2024 16.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5297,55 AZN məbləğində əsas kredit borcu, cəmi 5297,55 AZN, həmçinin iddia qaldırılması üçün ödənilmiş 76,97 AZN manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 43230***- *******01L saylı xx.xx.2022-ci il tarixli Əsas Kredit razılaşmasına əsasən Cavabdeh 24 ay müddətinə illik 15 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 7000 AZN məbləğində sms kredit verilmişdir (sms kredit mətni iş materiallarına əlavə edilmişdir). Lakin Əsas Kredit razılaşması üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə 5437.34 AZN əsas kredit borcu, 227.99 AZN kreditdən istifadəyə görə faiz borcu, 31.21 AZN cərimə borc olmaqla, cəmi 5696.54 AZN borcu qalmaqdadır. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zəruriyəti yaranmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərmişdir ki, əvvəl işləməyib, lakin işə girəndən sonra 200 manat olmaqla ödəniş etmişdir. Evdə tək o işləyir. Son ödənişi sentyabrın 4-ü etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı ASC (Kreditor) ilə Cavabdeh (Borcalan) arasında imzalanmış xx.xx.2022-ci il tarixli 43230***-*******01L saylı “Əsas kredit limiti razılaşması”na əsasən Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana 120 ay müddətinə, 50000 AZN məbləğində kredit limiti açır. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı 5437,34 manat əsas, 227,99 manat faiz, 31,21 manat cərimə, cəmi 5696,54 manat borcun geri ödənilməsini, əks təqdirdə müvafiq tədbirlər görüləcəyini bildirmişdir. - 22 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin manat 5297,55 manat əsas, 0 manat faiz, o manat cərimə, cəmi 5297,55 manat borcu vardır. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 76,97 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743-cü maddəsinə əsasən Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə Ödənilmiş dövlət rüsumu qaytarılıR. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında 43230***-*******01L saylı xx.xx.2022-ci il tarixli Əsas Kredit razılaşmasından irəli gəlir. Cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə, işin sadalanan hallarını, qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun qeyd olunan kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 5297,55 AZN məbləğində əsas kredit borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 72,97 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra cavabdeh tərəfindən ödənişlər həyata keçirildiyindən və bu səbəbdən də iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizə daxil olduğundan dövlət rüsumunun 7 manat hissəsi iddiaçıya geri qaytarılmalıdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5297,55 (beş min iki yüz doxsan yeddi manat, əlli beş qəpik) manat əsas borc və 72,97 (yetmiş iki manat, doxsan yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş dövlət rüsumunun 7 manatı İddiaçı ASC-yə geri qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar