Məhkəmə qərarları › İş №e-2(075)-17/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-17/2024

01.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-17/2024 01.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-219G, KOD-40400038 nömrəli dövlət aktına əsasən Şəki rayonu Baltalı kəndi ərazisində yerləşən, onun paylı mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsindən istifadə hüquqlarını həyata keçirməyə, həmçinin, ƏMDK yanında DƏDRX-nin əməkdaşlarının həmin ünvanda ölçmə işləri aparmalarına Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və hər hansı maneəçiliyin törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı nümayəndəsi Nümayəndə tələbin azaldılmasına dair ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbini ƏMDK yanında DƏDRX-nin əməkdaşlarının həmin ünvanda ölçmə işləri aparmalarına Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması hissəsində müdafiə etmir, iddia tələbinin qalan hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Aqrar İslahat Komissiyası zamanı onun və ailə üzvlərinin adına Şəki rayonu Baltalı kəndi ərazisində 0,18 hektar pay torpaq sahədi verilmişdir. Həmin torpaq sahəsinin və torpaq sahəsinə daxil olmaq üçün ayrılmış yolun cizgiləri, yəni xəritəsi işlənilmişdir. Bununla bağlı JN-219G, KOD-40400038 nömrəli dövlət aktı verilmişdir. Lakin, Cavabdeh həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Halbuki, cavabdeh zəbt etdiyi həmin torpaq sahəsi ilə bağlı hər hansı bir hüquqi sənədləri yoxdur, əksinə onun Cavabdeh zəbt etdiyi həmin torpaq sahəsi ilə bağlı qanuni sənədləri vardır. Cavabdeh ilə dəfələrlə görüşlərin və söhbətlərin keçirilməsinə, ona dəfələrlə xəbərdarlıqların edilməsinə baxmayaraq, o, bu əməllərini davam etdirmişdir. Cavbabdehin bu hərəkətləri onun öz mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə olan hüquqlarını məhdudlaşdırır. Buna görə də hazırki iddia ərəzisi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi mübahisə predmeti olan və Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsi ona məxsusdur. İşin bu faktiki halı ərizəsinə əlavə edilmiş sənədlərlə tam təsdiq olunur. Mübahisə predmeti olan həmin torpaq sahəsinin ona məxsus olmasına dair hüquq müəyyənedici sənədlər vardır. Mübahisə predmeti olan torpaq sahəsi cavabdehin mülkiyyətində, istifadəsində və icarəsində deyildir və bununla bağlı Cavabdeh tərəfindən hər hansı hüquq müəyyənedici sənədlər məhkəməyə təqdim edilə bilməz. Yaranmış vəziyyətdə mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə etməyi ilə bağlı Cavabdeh tərəfindən edilən manelərin qadağan edilməsini tələb etmək hüququ vardır. Cavabdeh ƏMDK yanında DƏDRX-nin əməkdaşlarının həmin ünvanda ölçmə işləri aparmalarına da imkan verməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onların 18 ha ölçüdə həyətyanı torpaq sahələri vardır. Araşdırmış və ona məlum olmuşdur ki, həmin torpaq sahəsi Cavabdeh istifadəsindədir. Dövlət aktına əsasən həmin torpaq sahəsi onların, yəni onun, İddiaçı, Cumayeva Gülcahanın və Cumayev Bayramın adına qeydiyyata alınmışdır. Cavabdehə həmin torpaq sahəsini boşaltmasını bildirsələr də, o, həmin torpaq sahəsinin atasından qaldığını, onlara məxsus olduğunu bildirərək imtina etmişdir. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin əməkdaşları baxış keçirmiş, həmin torpaq sahəsinin onlara məxsus olduğunu təsdiqləmişlər. O, ayrı yerdən torpaq almalarını təklif etmiş, lakin cavabdeh razılaşmamışdır. Cavabdeh onlara öz mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etmələrinə imkan vermir. Bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsində ölçmə işləri aparılmışdır. Əvvəl cavabdeh ölçmə işləri aparmağa icazə verməmişdir. Lakin sonradan həmin torpaq sahəsində ölçmə işləri aparılmışdır. Buna görə də iddia tələbini ƏMDK yanında DƏDRX-nin əməkdaşlarının həmin torpaq sahəsində ölçmə işləri aparmalarına cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması hissəsində azaldmışdır. İddianı qalan hissədə müdafiə edir. Hesab edir ki, iddia əsalıdır. İddianın təmin edləməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsi 43 ildir ki, onlardadır. Həmin torpaq sahəsi onlara atalarından qalmışdır. Hal-hazırda torpaq sahəsindən onlar istifadə edirlər. Torpaq sahəsində tut bağı var. Həmin torpaq sahəsinin nəvaxt verildiyini dəqiq bilmir. Bu vaxta kimi torpağa görə vergi ödəmişlər. Hesab edir ki, iddia əsassızdır. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddiaçının tələb elədiyi torpaq sahəsi onlara məxsusdur. Həmin torpaq sahəsinin onun həyətində, yaxın ərazidə yerləşir. Torpaq sahəsinin sənədlərində adlar səhf yazılmış, iddiaçının adına qeydiyyata alınmışdır. Uzun illərdi ki, həmin torpaq sahəsi onların istifadəsindədir. Hesab edir ki, iddia əsassızdır. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş JN - 219G KOD 40400038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 12 mart 1999-cu il tarixli qərarı ilə İddiaçı, X3, X5 və Nümayəndə 0.18 ha torpaq sahəsi verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 27 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiada göstərilən Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 219G kod 40400038 saylı şəhadətnamədə göstərilən 1800 kv.m torpaq sahəsinin Baltalı kəndinin elektron uçot məlumatlarında Cavabdeh İsmayıl oğlunun faktiki istifadəsində göstərilən 2852 kv.m torpaq sahəsilə ilə uyğunluq təşkil edir. Üst-üstə düşən hissə yerquruluşu planında göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Tikinti-texniki ekspertizasının 19 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6438 nömrəli rəyindən görünür ki, iddiada göstərilən Torpağın mülkiyyətə Verilməsinə dair JN - 219G KOD 40400038 nömrəli şəhadətnamədə göstərilən 1800 kv.m torpaq sahəsinin Baltalı kəndinin elektron uçot məlumatlarında Cavabdeh İsmayıl oğlunun faktiki istifadəsində göstərilən 2852 kv.m torpaq sahəsi ilə uyğunluq təşkil edir. Üst-üstə düşən hissə mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, JN - 219G KOD 40400038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Şəki rayonu Baltalı kəndində yerləşən 0.18 ha torpaq sahəsi iddiaçının və onun ailə üzvlərinin, yəni İddiaçı, X3, X5 və Nümayəndə mülkiyyətlərinə verilmişdir. Lakin mübahisələndirilən torpaq sahəsi hal-hazırda cavabdehin qanunsuz istifadəsindədir. Məhkəmə Tikinti-texniki ekspertizasının 19 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6438 nömrəli rəyindən də qeyd edilmişdir ki, iddiada göstərilən Torpağın mülkiyyətə Verilməsinə dair JN - 219G KOD 40400038 nömrəli şəhadətnamədə göstərilən 1800 kv.m torpaq sahəsinin Baltalı kəndinin elektron uçot məlumatlarında Cavabdeh İsmayıl oğlunun faktiki istifadəsində göstərilən 2852 kv.m torpaq sahəsi ilə uyğunluq təşkil edir. İddiaçı həmin torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, mütəxəssis və ekspert rəylərini, hazırkı iş üzrə real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylərlə razılaşır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X4rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun ümumi birgə mülkiyyətində olan 0.18 ha torpaq sahəsinin cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunur ki, JN - 219G KOD 40400038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə iddiaçıya məxsus kənd təsərrüfatlı torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq istifadə olunur. Torpaq sahəsi iddiaçının ümumi birgə mülkiyyətində olmasına baxmayaraq cavabdehin istifadəsinə iddiaçı və ya digər ümumi birgə mülkiyyətçilər tərəfindən verilməmişdir. Cavabdeh torpaq sahəsinin kənd bələdiyyəsi tərəfindən onların mülkiyyətinə verildiyini, lakin sənədlərdə adların səhv qeyd olunduğunu bildirsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bir sözlə, cavabdeh iddiaçının ümumi birgə mülkiyyətində olan torpaq sahəsindən heç bir müqavilə əsası olmadan, yəni özbaşına istifadə etməkdədirlər. Bu kimi istifadə qanunvericiliklə qadağan edildiyindən həmin torpaq sahəsi cavabdehlərin qanunsuz istifadəsindən azad edilməli, həmin torpaq sahəsindən istifadəyə yaradılmış maneələr cavabdehə qadağan olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh Şəki rayonu Aqrar İslahat Komissiyasının 12 mart 1999-cu il tarixli, 24 nömrəli qərarına əsasən Şəki rayonu Baltalı kənd sakinlərinə 0.18 ha pay torpaq sahəsinin verilməsi barədə JN-219G saylı, kod 40400038 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsindən istifadəyə yaradılmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələb etmədiyindən ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Cavabdeh tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Şəki rayonu Aqrar İslahat Komissiyasının 12 mart 1999-cu il tarixli, 24 nömrəli qərarına əsasən Şəki rayonu Baltalı kənd sakinlərinə 0.18 ha pay torpaq sahəsinin verilməsi barədə JN-219G saylı, kod 40400038 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Ödənilən dövlət rüsumu İddiaçı özünə aid edilsin. Məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Cavabdeh tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar