Məhkəmə qərarları › İş №e-2(075)-1702/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1702/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1702/2025 23.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh Cəbrayılova (Abdulhəmidova) Zibeydə Seyran qızına qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı ASC cavabdeh Cəbrayılova (Abdulhəmidova) Zibeydə Seyran qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cəbrayılova (Abdulhəmidova) Zibeydə Seyran qızından xx.xx.2014-cü il tarixli, CC0549813U/14U saylı, müqavilə üzrə 1012.78 ABŞ dolları əsas borc, 1659.11 faiz borcu, xx.xx.2013-cü il tarixli, BAL0243717/13 saylı, müqavilə üzrə 378.64 manat əsas 747.38 faiz və xx.xx.2012-ci il tarixli, DK0147913/12D saylı, müqavilə üzrə 113.21 manat əsas, 322.19 manat faiz və 83 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, CC0549813U/14U saylı, müqaviləyə əsasən 1550 ABŞ dolları xx.xx.2013-cü il tarixli, BAL0243717/13 saylı, müqaviləyə əsasən 500 manat və xx.xx.2012-ci il tarixli, DK0147913/12D saylı, müqaviləyə əsasən 200 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X2 4233.31 manat Banka borcu vardır. X4 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Şəki rayon 2 saylı notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdehlər borclu X2 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. Cavabdeh Cəbrayılova (Abdulhəmidova) Zibeydə Seyran qızı iddiaçının iddia ərizəsinə qarşı iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin keçməsini nəzərə alaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ona qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası iddia müddəti ötürüldüyündən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı, elektron qaydada ərizə ünvanlayaraq onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı ASC (kreditor) ilə X3 (borcalan) arasında bağlanmış müqavilələrdən görünür ki, xx.xx.2014-cü il tarixli, CC0549813U saylı müqaviləyə əsasən kreditor borcalana 1550 ABŞ doları, xx.xx.2013-cü il tarixli, BAL0243717/13 saylı müqaviləyə əsasən 500 manat və xx.xx.2012-ci il tarixli DK0147913/12D saylı müqaviləyə əsasən 200 manat məbləğində kredit vermişdir. - 17 iyun 2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 26 oktyabr 2015-ci ildə vəfat etmiş X2 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan qızı X1 olmaqla miras əmlakdan bütövlükdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Paşa Həyat Sığorta tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli N:PHS-16010126 nömrəli arayışa əsasən "xxxx" ASC-nin M-Li P54245/14 saylı kredit götürən şəxslərin həyat sığortası şəhadətnaməsinə əsasən ona hesablanmış olan əmantə pulundan ibarətdir. - xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CC0549813U/14U saylı, müqavilə üzrə 1012.78 ABŞ dolları əsas borc, 1659.11 faiz borcu, xx.xx.02013-cü il tarixli BAL0243717/13 saylı müqavilə üzrə 378.64 manat əsas, 747.38 faiz və xx.xx.2012-ci il tarixli, DK0147913/12D saylı müqavilə üzrə 113.21 manat əsas, 322.19 manat faiz borcu vardır. - xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 83 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında məhkəmə qeyd edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə mərhum X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 700 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilsə də cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilməmişdir. X3 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək işlə bağlı iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, işin sadalanan hallarını, qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyini, nəticədə onun qeyd olunan kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia ərizəsi hər üç müqavilə üzrə müddət başa çatdıqdan sonra üç il ərzində verilməli olduğu halda, iddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi xx.xx.2016-cı il tarixdən götürüldükdə belə 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş 83 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı ASC-nin cavabdeh Cəbrayılova (Abdulhəmidova) Zibeydə Seyran qızına qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar