Məhkəmə qərarları › İş №e-2(075)-1714/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1714/2024

27.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1714/2024 27.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 09 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimetin məbləğinin artırılaraq hər ay üçün 250 manat sabit pul məbləğində müəyyən edilərək həmin məbləğdə alimentin və mediasiya sessiyası ilə bağlı ödədiyi 60 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, Cavabdeh ilə 06 iyul 2011-ci il tarixdə nikahlarını Şəki rayon qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahdan onların 09 iyun 2013-cü il tarixdə X8 adlı uşaqları olmuşdur. Cavabdehlə ailə münasibətləri baş tutmadığından faktiki olaraq ayrılmışlar və aralarında olan nikah Şəki Rayon Məhkəməsinin 12 avqust 2013-cü il tarixli, 2(075)-1162/2013 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan uşaq onun himayəsində saxlanılmaqla, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi qət olunmuşdur. Hazırda uşaqların xərcləri və təlabatları artmışdır. Belə ki, uşaq normal qaydada yeməli, müalicə olunmalı, ona pal-paltar alınmalı, təhsili və uşağın dünya görüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bunun üçün isə kifayət qədər vəsait tələb olunur. Cavabdeh isə 2016-cı ildən hazıradək respublikada kifayət qədər inflyasiya olmasını, verdiyi 50 manat alimentin uşağın təlabatlarını ödəmədiyini nəzərə almamış, ona əlavə maddi yardım göstərməmişdir. Uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin artırılması tələbi ilə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş və mediasiya prosesində iştirak etmiş, lakin, mübahisənin mediasiya prosessində həll edilməsi mümkün olmamışdır. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Cavabdeh hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olaraq kifayət qədər gəlir əldə etdiyindən uşağın saxlanılması üçün hər ay qeyd etdiyi aliment miqdarını ödəmək iqtidarındadır. Ona görə də iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verib, iddianı qismən qəbul edərək göstərdi ki, İddiaçı ilə 06 iyul 2011-ci il tarixdə nikahlarını Şəki rayon qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nkahdan onların 09 iyun 2013-cü il tarixdə X8 adlı uşaqları olmuşdur. Səmimi ailə münasibətləri şəraitində yaşaya bilmədiklərindən sonradan ayrılmış və aralarında olan nikah Şəki Rayon Məhkəməsinin 12 avqust 2013-cü il tarixli, 2(075)- 1162/2013 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan uşaq iddiaçının himayəsində saxlanılmaqla, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində alimentin ondan alınaraq iddiaçıya verilməsi qət olunmuşdur. Şəki şəhərində olan kafelərdən birində çalışmış, ayda 150 manat məvacib almışdır. Övladı Tunar üçün müəyyən edilmiş aliment məbləğini gecikdirmədən ödəmişdir. Boşandıqdan sonra X3 ilə ailə qurmuş və aralarındakı nikahlarını 29 iyul 2015-ci il tarixdə rəsmiləşdirmişdir. Həmin nikahdan 09 iyun 2016-cı və 08 iyun 2018-ci il tarixlərində X7 və X6 adlı övladları anadan olmuşdur. 2018-ci ilin sentyabr ayının əvvəllərində avtomobil qəzasına düşmüş və ağır xəsarətlər almışdır. Həmin vaxt həkimlər tərəfindən ona “Döş qəfəsinin qapalı travması. Sağ Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların sınığı, Pnevnohemotoraks. Sol bazu sümüyünün orta 1/3-nin, sol büd sümüyünün orta 1/3-nin yerdəyişən sınığı” diaqnozu qoyulmuşdur. Həmin xəsarətlər üzündən əvvəlki sağlamlığını itirmişdir. Hazırki vəziyyəti ilə bağlı hər gün 4 saatdan artıq ayaq üstə dayana bilmir. Ağrıkəsicilərdən davamlı istifadə edir. Qazandığı pulla ailəsinin ehtiyaclarını çətinliklə ödəyir. 09 iyun 2013-cü il təvəllüdlü uşağı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya hər ay 120 manat aliment ödəyə bilər. Qeyd etdiklərinin nəzərə alınaraq qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddia tələbinin qəbul edildiyi həddi nəzərə alaraq, işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 12 avqust 2013-cü il tarixli, 2(075)-1162/2013 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, birgə nikahdan olan uşaq İddiaçı himayəsində saxlanılmaqla, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİİ 108686 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 09 iyun 2013-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-00899 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 29 iyul 2015-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 29 iyul 2015ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 236 nömrə ilə qeydə alınmışdır. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 09 iyun 2016-cı il və 08 iyun 2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X7 və X2 ataları Cavabdeh, anaları isə X1r. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında M.Hacıyev adına Şəki Rayon Mərkəzi Xəstənası tərəfindən verilmiş 22 sentyabr 2018-ci il tarixdə verilmiş rəydən və epikrizdən görünür ki, Cavabdeh “Döş qəfəsinin qapalı travması. Sağ Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların sınığı, Pnevnohemotoraks. Sol bazu sümüyünün orta 1/3-nin, sol büd sümüyünün orta 1/3-nin yerdəyişən sınığı” diaqnozu qoyulmuşdur, ambulator müalicə tələb olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mygov.az elektron portalından çıxarışdan görünür ki, Cavabdeh çayxanada çayçı işləməklə ayda 172,5 manat əmək haqqı alır. Şəki Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 2(075)-420/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı 09 iyun 2013-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh alınıb ona verilməli olan aliment məbləğinin artırılaraq hər ay üçün sabit pul məbləğində 200 manat məbləğində müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. “Şəki Rayon Mərkəzi Xəstənası” Publik Hüquqi şəxs tərəfindən verilmiş 05 avqust 2024-cü il tarixdə verilmiş arayışdan və Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Cavabdeh sol bazu sümüyünün orta 1/3-nin, sol bud sümüyünün orta 1/3-nin yerdəyişən sınığı”, “sağ qabırğaların çoxsaylı sınığı”, “ Ağrı və hərəkət pozğunluğu”, “Daimi ağrı sindromu əməliyyatdan sonrakı vəziyyət”, “oynağın kontrakturası” diaqnozu qoyulmaqla ambulator etap müalicəsindədir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 06 iyul 2011-ci ildə ailə qurmuş və Şəki rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 09 iyun 2013-cü ildə Tunar adlı oğlu anadan olmuşdur. Tərəflər arasında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşağın anası İddiaçı yanında qalması, yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay 50 manat alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qərara alınmışdır. Təyin edilmiş aliment məbləği uşağın saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 12 avqust 2013-cü il tarixli, 2(075)-1162/2013 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılaraq hər ay 250 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Hazırda iddiaçı uşağın saxlanması üçün aldığı məbləğdə alımentin yetərli olmadığını, uşağın böyüdüyünü, cavabdehin qazancının tələb etdiyi məbləğdə aliment verməyə imkan verdiyini iddia etmiş, cavabdeh isə iddianı tam qəbul etməyərək, əvvəllər avtomobil qəzası keçiridiyini, qəza nəticəsində çoxsaylı xəsarətlər aldığını, almış olduğu xəsarətlərlə bağlı indi də müalicə olunduğunu, çoxlu ağrıları olduğunu, bununla bağlı hər gün ağrıkısici dərmanlar qəbul etdiyini, ağrıları səbəbindən gün ərzində dörd saatdan artıq ayaq üstə dura bilmədiyini, ikinci dəfə nikaha girməklə ikinci nikahdan 2 azyaşlı uşağının olduğunu qeyd edərək 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 120 manat aliment ödəyə biləcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə qeyd edir ki, hazırda ödənilən aliment məbləğinin uşağın saxlanması üçün kifayət edici olması reallığı əks etdirmir. Lakin qanunun tələbinə görə uşağın saxlanması hər iki valideynin borcudur. İddiaçının böyüməkdə olan uşağının təlabatının daim artması alimentin məbləğinin artırılma istiqamətinə əsas verir. Bu baxımdam məhkəmə alimentin miqdarının 50 manat həddində qalmasını ədalətli hesab edilə bilməz. Lakin cavabdehin ikinci dəfə nikah bağlaması, ikinci nikahdan iki azyaşlı uşağının olması, xəstəliyi, işləyərək 172,5 manat əmək haqqı alması, səhəti ilə bağlı başqa işdə işləyə bilməməsi kimi halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi 250 manat alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi əsaslı deyil. Bundan başqa iddiaçı cavabdehin qeyd etdiyi məbləğdə alimentin ödəmək iqtidarında olduğunu bildirsə də bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır İddiaçı məhkəmədə iddia qaldırılması ilə Şəki 1 saylı Mediasiya Təşkilatına ödədiyi 60 manat pul təqdim olunmuş sənədlərlə təsdiqini tapdığından miqdarı dəyişdirilmiş alimentin dəyişmiş hissəsinə uyğun həddə tərəfə aid edilməlidir. Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları yekunlaşdıraraq məhkəmə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini, cavabdehin başqa qazancının və sair gəlirlərinin müəyyən edilməsinin mümkün olmamasını, bu barədə hər hansı sübutu iddiaçının məhkəməyə təqdim etməməsini və uşaqların mənafeyini nəzərə alaraq belə qənaətə gəlir ki, uşağın saxlanılması üçün cavabdehdən alınaraq iddiaçıya bir uşağın saxlanması üçün verilən alimentin məbləği artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət dövlət rüsumu ödənilməlidir. Odur ki, 32 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh alınaraq 09 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün İddiaçı Şəki Rayon Məhkəməsinin 12 avqust 2013-cü il tarixli qətnaməsi ilə verilən alimentin miqdarı artırılaraq sabit pul məbləğində hər ay 150 manat müəyyən edilsin. Şəki 1 saylı Mediasiya Təşkilatına ödənilmiş 60 manat pulun 30 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin və 30 manatı isə İddiaçı özünə aid edilsin. Alimentin artırılmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Cavabdeh 32 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar