Məhkəmə qərarları › İş №e-2(075)-172/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-172/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-172/2024 22.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9001.55 manat əsas borc, 1555.31 manat faiz borcu olmaqla, cəmi 10556.86 manat borcun və 122 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 21% olmaqla 9780 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, onun həyat yoldaşı birinci Qarabağ müharibəsi iştirakçısıdır. Həyat yoldaşı böyrək xəstəliyindən əziyyət çəkir. Onun əməliyyatı üçün bankdan kredit götürmüşdür. Həyat yoldaşı həl-hazırda heç yerdə işləmir. Sadəcə müharibə iştirakçısı olduğu üçün 80 manat məbləğdə müavinat alır. Həyat yoldaşının da krediti vardır. Bildirmişdir ki, himayəsində iki azyaşlı övladı vardır. Ailələrində təkcə işləyən odur. Maddi imkanı aşağıdır. Banka olan borcunu qəbul edir. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hissə-hissə ödəyəcəkdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 aprel 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 60 ay müddətinə, illik 21% olmaqla 9780 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 9780 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 12 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "Bank of Baku” ASC arasında bağlanmış 07.0.2022-ci il tarixli müqaviləsinə əsasən "Bank of Baku” ASCyə 9001,55 manat əsas borc və 1555,31 manat faiz borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 15 avqust 2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh onun banka olan borcunu ödəməsi və kredit müqaviləsinin ləğv edilməsi üçün banka yaxınlaşması bildirilmiş, əks halda məhkəmə müraciət ediləcəyi diqqətinə çatdırılmışdır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh ilə "Bank of Baku” ASC arasında bağlanmış 07 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 60 ay müddətinə, illik 21% olmaqla 9780 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh İddiaçı ASCnin xeyrinə 9001.55 manat əsas borc, 1555.31 manat faiz borcu olmaqla, cəmi 10556.86 manat borc və 122 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9001.55 manat əsas borc, 1555.31 manat faiz borcu olmaqla, cəmi 10556.86 manat borc və 122 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar