Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1744/2024 18.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı Yadigar qızının, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Yadigar qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evdən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Yadigar qızı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 2 övladı ilə birgə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu il tarixində, Şəki rayon Qeydiyyat Şöbəsində, 92 sayla qeydə alınmaqla, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.1984-cu il doğumlu Cavabdeh2, onunla AZ- İ 482786 saylı “X5” verilməklə, nikahı bağlanmışdır. O, qeyd edilən gündən köçüb, cavabdehin daimi qeydiyyatda və həm də mülkiyyət payının olduğu, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 121 ünvanında yerləşən, fərdi yaşayış evində yaşamağa başlamış və həmin evdə onun, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı iki övladı doğulmuşdur. Övladları halhazırda onun himayəsində, ünvan 1 ünvanında yaşayırlar. Şəki Rayon Məhkəməsinin (hakim: E.Vəliyev) xx.xx.2024-cü il tarixli, e-2(075)-1228/2024 saylı qətnaməsi ilə, xx.xx.2009-cu il tarixdə, ünvan 4 ünvanında yaşayan, hazırkı iş üzrə cavabdehlərdən biri, xx.xx.1984-cu il doğumlu Cavabdeh2, onunla AZ- İ 482786 saylı “X5”si verilməklə bağlanmış nikahının pozulması, həmin nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü İnci və xx.xx.2013-cü il təvəllüdlü X1 onun himayəsində saxlanılması qət edilmişdir. Adı yuxarıda qeyd edilən ünvandakı fərdi yaşayış evinə köçüb gələndən, yaşadığı bütün müddət ərzində iş üzrə Cavabdeh2, onun qeyd edilən ünvana daimi pasport qeydiyyatına düşməyi barəsindəki bütün müraciətləri cavabsız qalmış, əlavə iş üzrə cavabdeh, bu yaxında həmin evə olan mülkiyyət hüquqlarından imtina edərək, mövcud hüquqlarını bacısı, ünvan 5 ünvanında qeydiyyata olmaqla yaşayan Cavabdeh1 (Əliyeva)ya ötürmüş və bununla da, onun bu evə qeydiyyata alınmağıını və istifadə hüquqlarını bloklamağa çalışmışdır. Ancaq onun bu evdə, yuxarıda da qeyd edildiyi kimi, iş üzrə cavabdehlə birgə nikahından doğulmuş və bu evdə daimi qeydiyyatda olmaqla, onun himayəsində yaşayan 2 övladı var ki, onlar səbəbli onun bu evə istifadə hüquqları tanınmalıdır. Əlavə olaraq qeyd etməlidir ki, o, 2 övladı ilə birgə hal-hazırda da, qeyd edilən ünvanda yaşayır və cavabdehin bu evlə əlaqədar, evin satışa çıxarılması ilə bağlı şifahi elanları və bildirişləri, onun evə istifadə hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətini yaratmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında İddiaçı Yadigar qızı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, rəsmi olaraq 2023-cü ilin dekabr ayından ev onun mülkiyyətindədir. Əvvəllər nənəsinin mülkiyyətində olub. Evin bir hissəsi atasının, digər hissəsi isə əmisinin payına düşmüşdür. Bütün vərəsələr paylarından imtina etmişlər. Əmisi isə özünə düşən payı ona bağışlamışdır. Sübutların tədqiqi: İş materiallarına əlavə edilmiş: - Şəki Rayon Qeydiyyat şöbəsi tərəfindən 05 may 2009-cu il tarixli arayışdan görünür ki, Cavabdeh2 ilə X3 arasında 05 may 2009-cu il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 92 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. - xx.xx.2012-ci il tarixli Az-İİ 895621 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X7 anası İddiaçı, atası isə Cavabdeh2dur. - xx.xx.2013-cü il tarixli AZ-İİİ 160518 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X4 anası İddiaçı, atası isə Cavabdeh2dur. - Şəki Rayon Məhkəməsinin 2(075)-1228/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında 05 may 2009-cu il tarixdə bağlanmış 92 nömrəli nikah pozulmuş, 21 iyun 2012-ci il təvəllüdlü X9 və 14 avqust 2013cü il təvəllüdlü X8 anaları İddiaçı saxlanılmaları üçün Cavabdeh2 hər ay, hər uşaq üçün sabit pul məbləğində 170 manat olmaqla, cəmi 340 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. - xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X6 vərəsəsi, qızı – Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən kiras əmlak Şəki şəhəri, Rəsulzadə prospekti 121 ünvanında yerləşən ümumi sahəsi 111.4 kv.m. fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin mərhuma məxsus 1/3 hissəsindən ibarətdir. - 13 noyabr 2023-cü il tarixli “hədiyyə verən” X10 və “hədiyyə alan” Cavabdeh1 arasında bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, X2 şəhəri, İstiqlaliyyət prospekti, 121 ünvanında yerləşən, ümumi sahəsi 111.4 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 74.3 kv/m hissəsini, Şəki şəhəri, İstiqlaliyyət prospekti, 121 ünvanında yerləşən, ümumi sahəsi 0,0897 ha torpaq sahəsinin 157 kv/m hissəsini paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 74.3 kv/m hissəsini Cavabdeh1 bağışlamışdır. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100,60 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İddiaçı qyed edir ki, o, Cavabdeh2 ilə xx.xx.2009-cu il tarixində nikahlarını bağlamış, qeyd edilən gündən köçüb, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 121 ünvanında yerləşən, fərdi yaşayış evində yaşamağa başlamış və həmin evdə onun, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı iki övladı doğulmuşdur. Hazırda iddiaçı uşaqları ilə birlikdə Cavabdeh1 mülkiyyətində olan evə istifadə hüquqlarının tanınmasını xahiş edir. Cavabdehlər isə iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarında bu nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, ilk növbədə İddiaçı Yadigar qızının evin mülkiyyətçisinin ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” 27 may 2008-ci il tarixli qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş “mülkiyyətçinin razılığı” yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Həmin müddəanın belə şərhi mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit olunmuş təminat və hüquqlarını pozmur. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Yadigar qızı 2009-cu ildən mübahisəli mənzilə köçüb orada yaşasa da baldızı, yəni evin mülkiyyətçisi ilə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında yazılı müqavilə bağlamamışdır. Belə olan halda İddiaçı Mülki Məcəllənin 228-ci maddəsinə əsasən mübahisəli mənzildən istifadə hüququ da mövcud deyil. İddiaçının övladlarının istifadə hüquqlarının tanınmasına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının övladları azyaşlı olduqlarından və onların yaşayış yeri valideynlərinin yaşayış yeri hesab edildiyindən, hazırda uşaqlar iddiaçının himayəsində olduqlarından onlara münasibətdə də iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Yadigar qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qarşı “evdən istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1744/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1744/2024
18.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver