Məhkəmə qərarları › İş №e-2(075)-1744/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1744/2025

05.11.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1744/2025 05.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X18 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Hacı-X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, X19 küçəsində yerləşən daşınmaz əmlakla (fərdi-yaşayış evi və torpaq sahəsi) bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları tərəfindən aparılan ölçmə işlərinə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atası X5 vərəsəsidir. Belə ki, miras qoyan X9 xx.xx.1973-cü ildə vəfat etmişdir. Göründüyü kimi o, mərhum atası X5 vərəsələrindən biridir. Uzun müddətdir ondan miras qalmış əmlakla (həyətyanı sahə və fərdi-yaşayış evi) ilə bağlı vərəsəlik işlərinə başlamışdır. Bütün sənədəri toplayaraq miras qalmış əmlakla bağlı vərəsəlik işlərinin başlanması üçün ərizə ilə notariat ofisinə müraciət etmişdir. Daşınmaz əmlakın qeydiyyata alınması məqsədilə Notariat ofisi tərəfindən məktub verilərək 12 saylı Şəki Ərazi İdarəsinə yönləndirilmişdir. Mərhum atasının adına olan əmlaka hüquqlarının qeydiyyatı üçün müvafiq sənədəri 12 saylı Şəki Ərazi İdarəsinə təqdim etmişdir. Həmin idarənin əməkdaşları tərəfindən miras əmlakı olan ərazidə ölçmə işəri aparılarkən cavabdeh şəxs onlara maneə yaratmışdır. Nəticədə ölçmə işləri aparıla bilməmiş və miras əmlakı qeydiyyata alına bilməmişdir. Bundan sonra 12 saylı Şəki Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli məktubla mübahisə olması səbəbindən qeydiyyatın aparılmasından imtina etmişdir. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 oğlu izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Sübutların tədqiqi: İş materiallarına əlavə edilmiş: - 23 may 2025-ci il tarixli 3-2/3-39/2-1939/2025 saylı daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə ərizəçi İddiaçı ünvanlanmış bildirişdən görünür ki, ünvan 1i üzərində mübahisə olduğundan və ölçü işləri aparılmasına şərait yaradılmadığından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. - Qax Rayon Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Ərazi İdarələrinə ünvanlanan xx.xx.2025-ci il tarixli 336 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı Qax rayon notariat ofisinə müraciət edərək, xx.xx.1973-cü il tarixdə vəfat etmiş mərhum atası X4 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin mərhum atası X5 adına olan əmlakın hüquq müəyyən edən sənədləri olmadığı üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Notariat ofisinə təqdim edilmiş xx.xx.1959-cu il tarixli, İ-İE № 764887 saylı doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı atası X5 qanun üzrə vərəsələrindən biridir. Yuxarıda göstərilənlərə əsasən X6 hüquqi xidmət göstərilməsi üçün mərhum atası X5 qanun üzrə vərəsələrindən biri olması nəzərə alınaraq ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün arayış verəsiniz. - Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 avqust 2024-cü il tarixli arayışdan görünür ki, X9 25 avqust 1973-cü ildə Qax rayonunda ölmüşdür. Ölüm haqqında 03 oktyabr 1973-cü ildə 39 №-li akt qeydi tərtib olunmuşdur. - xx.xx.1959-cu il tarixli İ-ИЕ № 764887 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X2 atası X10, anası X1r. - 31.05.025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа” Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” qərarında xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşısını almır. Həmin qərarda Avropa Məhkəməsi həmçinin vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur və ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenimununun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi xx.xx.2002-ci ildən konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanıyır. İnsan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən insan hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüqüq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüqaqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddiaçının atası X9 xx.xx.1973-cü il tarixdə vəfat etmişdir. Ondan qalmış miras əmlakı üçün vərəsəliyin açılması məqsədilə iddiaçı Qax Rayon Notariat ofisinə müraciət etmişdir. Notariat ofisinin verdiyi xx.xx.2025-ci il tarixli məktubu ilə mərhum Əlibaba Mahmudovdan qalmış evin və həyətyanı sahənin qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli məktubla ölçmə işlərinə maneə yaradıldığını qeyd etmişdir. Göründüyü kimi İddiaçı mərhum atasından miras qalmış Şəki şəhəri, X19 küçəsində yerləşən daşınmaz əmlakı vərəsəlik yolu ilə öz adına rəsmiləşdirmək istəmiş, bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin əməkdaşlarının mübahisələndirilən mənzildə ölçü işləri aparılması zərurəti yaranmışdır. Lakin cavabdeh tərəfindən törədilən maneələr səbəbli səlahiyyətli orqan tərəfindən ölçü işlərinin aparılması mümkün olmamış, buna görə də imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ölçü işlərinin aparılması ilə bağlı törədilən maneələr iddiaçının qanunla qorunun hüquqlarının pozulmasına yol açır. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilən əsaslarla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Şəki şəhəri, X19 küçəsində yerləşən daşınmaz əmlakla (fərdi-yaşayış evi və torpaq sahəsi) bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları tərəfindən aparılan ölçmə işlərinə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Şəki şəhəri, X19 küçəsində yerləşən daşınmaz əmlakla (fərdi-yaşayış evi və torpaq sahəsi) bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları tərəfindən aparılan ölçmə işlərinə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi 100 (bir yüz) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar