Məhkəmə qərarları › İş №e-2(075)-1749/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1749/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1749/2025 13.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MTK cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8 avqust 2024-cü il tarixli Borc müqaviləsinə əsasən 2936 (iki min doqquz yüz otuz altı) manat məbləgində borc pul və 49,36 (qırx doqquz manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 2 985,36 (iki min doqquz yüz səksən beş manat otuz altı qəpik) manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında 8 avqust 2024-cü il tarixində Borc müqaviləsi bağlamışdır. Həmin borc müqaviləsinə əsasən İddiaçı MTK ona məxsus 2936 (iki min doqquz yüz otuz altı) manat məbləğində pulu borc məqsədilə cavabdehə verməyi, cavabdeh isə həmin pul məbləğini qəbul edib müqavilə ilə müəyyən edilmiş şərtə əsasən İddiaçı MTK-ya geri qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında razılaşmaya əsasən cavabdeh borc məbləğini 4 ay müddətində, yəni son ödəmə müddəti 31 dekabr 2024-cü il tarixinədək İddiaçı MTK-ya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin qeyd olunan borc müqaviləsinə əsasən cavabdeh borc məbləğini 1 sentyabr 2024-cü il tarixindən etibarən İddiaçı MTK-ya ödəməyə başlamalı idi. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini bu günə qədər icra etməmişdir. Belə ki, borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilsə də, cavabdeh bu günə qədər İddiaçı MTK-ya olan borcunu ödəməmişdir. Bununla da, cavabdeh İddiaçı MTK-nın hüquqlarını kobud surətdə pozur. Buna görə də İddiaçı MTK pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, 8 avqust 2024-cü il tarixində tərəflər arasında Borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 4 ay müddətində geri qaytarmaq şərtilə 2936 manat məbləğində borc verilmişdir. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə 2936 manat borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehə bildiriş göndərmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 465, 739.1, 739.2, 743.1, 746.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas məbləğ üzrə borc 2936 manat pul tutularaq İddiaçı MTK-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 49,36 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2936 (iki min doqquz yüz otuz altı) manat məbləğində pul və 49,36 (qırx doqquz manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2 985,36 (iki min doqquz yüz səksən beş manat otuz altı qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 49,36 (qırx doqquz manat otuz altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MTK-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar