Məhkəmə qərarları › İş №e-2(075)-176/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-176/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-176/2023 30.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6927,50 manat (altı min doqquz yüz iyirmi yeddi manat 50 qəpik) əsas borc, 2705,98 manat (iki min yeddi yüz beş manat 98 qəpik) faiz borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 99,60 manat (doxsan doqquz manat 60 qəpik) faiz borcu olmaqla, cəmi 9733,08 manat (doqquz min yeddi yüz otuz üç manat 08 qəpik) borcun və iş üzrə ödənilmiş 118 (bir yüz on səkkiz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 27 yanvar 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC iddia ərizəsini belə əsasladırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəki filialı ilə Cavabdeh2 arasında bağlanmış 30 avqust 2019-cu il tarixli 09/1482/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 40 (qırx) ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 7300 (yeddi min üç yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 30 avqust 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********147 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 9733,08 manat (doqquz min yeddi yüz otuz üç manat 08 qəpik) təşkil edir. Bundan 6927,50 manat (altı min doqquz yüz iyirmi yeddi manat 50 qəpik) əsas, 2705,98 manat (iki min yeddi yüz beş manat 98 qəpik) faiz borcu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 99,60 manat (doxsan doqquz manat altmış qəpik) borcu təşkil edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Ləğv Prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 30 avqust 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh2 40 ay müddətinə illik 22 % ödəmək şərtilə 7300 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 30 avqust 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 30 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə kredit öhdəliklərinin icrasında Cavabdeh2 ilə birlikdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 götürdüyü 7300 manat krediti ona hesablanmış faizləri ilə birlikdə 40 ay müddətə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 15 noyabr 2021-ci il tarixli maaliyyə arayışından görünür ki, Ləğv Prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə 6927,50 manat əsas, 2705,98 manat faiz, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 99,60 manat faiz borcu olmaqla ümumilikdə 9733,08 manat məbləğində borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh2 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin və Cavabdeh1 zaminlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də Ləğv Prosesində olan İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tələb etməkdə haqlıdır. Lakin məhkəmə qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə əsas məbləğ və hesablanmış faizlə birlikdə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasəngecikdirilmiş vaxt üçün də faiz borcu tələb edir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslı deyil. Beləki, ilk olaraq iddiaçı ərizədə gecikdirilmiş hansı müddət üçün həmin məbləği hesabladığını göstərməmişdir. İş materiallarından müəyyən olunur ki, kredit müqaviləsi 40 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək bağlanmış və həmin müddət başa çatmadan iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət etdiyi müddətədək artıq əsas məbləğ üzrə hesablanan faizləri tələb etmişdir. Məhkəməyə müraciət edilən zamanadək isə müqavilənin müdəti bitməmişdir. Qeyd olunan normanın mənasından belə müəyyən olunur ki, iddiaçı kredit müqavilsənin müddəti bitdikdən sonra, artıq müqavilə üzrə faiz tələb etmədikdə Mülki Məcəllənin 447.5-ci maddəsi ilə gecikdirilmiş vaxt üçün əlavə faiz ödənilməsini tələb edə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Ləğv Prosesində olan İddiaçı ASC-nin xeyrinə 6927,50 manat (altı min doqquz yüz iyirmi yeddi manat 50 qəpik) əsas borc, 2705,98 manat (iki min yeddi yüz beş manat 98 qəpik) faiz borcu və iş üzrə ödənilmiş 118 (bir yüz on səkkiz) manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Ləğv Prosesində olan İddiaçı ASC-nin xeyrinə 6927,50 manat (altı min doqquz yüz iyirmi yeddi manat 50 qəpik) əsas borc, 2705,98 manat (iki min yeddi yüz beş manat 98 qəpik) faiz borcu və iş üzrə ödənilmiş 118 (bir yüz on səkkiz) manat dövlət rüsumu tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar