Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1763/2025 16.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Məmmədli Nurhan İlham oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə, Müstəqil tələb irəli sürən 3-cü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair, müstəqil tələb irəli sürən 3-cü şəxs X1 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh 55100 (əlli beş min yüz) manat qalıq borc məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 255.30 (iki yüz əlli beş manat otuz qəpik) manat dövlət rüsumunun və vəkilə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən verilmiş və iş materialına da əlavə edilmiş xx.xx.2016-cı il tarixli ərizədən də göründüyü kimi o, İddiaçı 33000 (otuz üç min) dolar, (56100 manat) borcu olduğunu etiraf etmiş və həmin borcdan 10000 (on min) dolarını oktyabr ayının axırında, 10000 (on min) dollarını fevral ayında, qalan 13000 (on üç min) dollarını isə iyun ayında ödəməyi öhdəsinə götürmüşdür. Həmin borcdan 1000 (min) manat 2025-ci aprel ayında Cavabdeh tərəfindən cavahdehə qaytarılmış, qalan 55100 (əlli beş min yüz) manat məbləğ isə bu vaxta qədər qaytarmamışdır. Qalan borcun qaytarılması ilə bağlı X6 ilə dəfələrlə telefon əlaqəsi saxlanılsa da o, hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Göründüyü kimi cavahdeh Cavabdeh qərəzli şəkildə borcunu ödəməkdən yayınır. Qeyd etmək zəruridir ki, Cavabdeh 2016-cı il tarixdə dələduzluq cinayətinə görə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə azadlığa buraxılmışdır. Bu səbəbdən həmin müddət ərzində ona qarşı iddia qaldırmaq mümkün olmamışdır. xx.xx.2025-ci il tarixdə tərəflərindən borcun ödənilməsi ilə bağlı Cavabdeh pretenziya məktubu göndərilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh 2014-cü il “Mercedes Benz S350 klass” markalı, 90 LR795 dövlət nişanlı avtomobil üçün ödənilməmiş 55100 (əlli beş min yüz) manat məbləğin və 510.60 (beş yüz on manat altmış qəpik) manat dövlət rüsumunun iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, belə ki, o, 2014-cü ildə qardaşı Mehmanla birlikdə “Mercedes Benz” markalı avtomobil almışdırlar. Bir müddət sonra həmin maşını satmaq qərarına gəldikdən sonra 2015-ci ilin əvvəllərində qardaşı Mehman onunla əlaqə saxlayıb, Şəki şəhər sakini İbrahim adı şəxsin həmin avtomobili 37000 ABŞ dollarına almaq istədiyini, ilkin olaraq müəyyən məbləğdə ödəniş edib qalan pulu 6 ay ərzində verəcəyini bildirmişdir. O, İbrahimlə bu barədə danışdıqda İbrahimin yüksək maaş aldığını, həmçinin valideynlərinin də ona maddi köməklik edəcəyini, avtomobilin pulunu qısa müddətdə ödəyəcəyini bildirmişdir. Onlar həmin avtomobili İbrahimə təkcə idarə etmək hüququ verən etibarnamə ilə vermək qərarına gəlmişlər. Lakin İbrahim gələcəkdə əlavə rəsmiyyətin olmamasını, ona görə də avtomobili ona baş etibarnamə ilə verməklərini deyib özünü nüfuzlu şəxs kimi təqdim edərək, Şəki şəhərində onun nüfuzunun olduğunu, onları aldatmadığını, hansısa bankda yüksək vəzifədə işlədiyini, özündə olan pulların çoxunu başqa işlərinə xərclədiyi üçün əlində az pul qaldığını, lakin 5-6 ay ərzində pulun hamısını ödəyəcəyini bildirərək onları inandırmışdır. 29 avqust 2016-cı ildə Cavabdeh hissə-hissə ödənişin edilməsi ilə bağlı qəbzi onun adına yox qardaşı Mehmanın adına yazmışdır. Cavabdeh onlara ilkin olaraq 4000 ABŞ dollar ödəniş edib həmin avtomobili almışdır. Mehman ona baş etibarnamə vermişdir. O, yenidən İbrahimə maddi imkanlarının zəif olduğunu, onları aldatmamalarını, qalan 33000 ABŞ dolları pulu 6 aydan da qabaq verməsini dedikdə o, narahat olmamalarını, ola bilsin ki, həmin pulu 6 aydan da qabaq verəcəyini bildirmişdir. Lakin o, avtomobilin qeydiyyatını yoxladarkən İbrahimin həmin avtomobili iki gün sonra Bakı şəhərində hazırda adını xatırlamadığı şəxsə 25000 ABŞ dollarına satıb qazanc əldə etdiyi məlum olmuşdur. Avtomobili alan şəxslə əlaqə saxlayan zaman o özü avtomobili İbrahimdən 25000 ABŞ dollarına aldığını demişdir. Belə olduqda İbrahimlə əlaqə saxlayıb ondan nə üçün avtomobili onlardan aldığı qiymətdən ucuz qiymətə satdığını soruşduqda o, təcili pul lazım olduğu üçün maşını satdığını, lakin 6 ay ərzində 33000 ABŞ dollar borcunu verəcəyini demişdir. İbrahimə inanıb 6 ay gözləmişdirlər, lakin İbrahim pulu verməmişdir. Bir neçə dəfə ondan pulu istədikdə o, müxtəlif bəbahənələrlə maddi ziyana düşdüyünü, qısa müddətdə ödəyəcəyini deyərək onları bir daha aldatmışdır. Daha sonra isə İbrahim zənglərə cavab verməmiş və onunla görüşə bilməmişdirlər. Onun yaşadığı ünvana da bir neçə dəfə getsələr də, İbrahimi görə bilməmişdirlər. Valideynlərinin də bu barədə məlumatı olmuşdur. Bir müddət sonra isə İbrahim törətdiyi cinayət əməllərinə görə həbs olunmuş, o isə işləmək üçün Rusiya Federasiyasına getdiyinə görə həmin vaxtlarda onun barəsində şikayət edə bilməmişdir. Şəki rayonuna gəldikdə isə İbrahim artıq tutulmuşdur. İbrahimin azadlığa buraxıldığını öyrəndikdə onun istifadə etdiyi nömrəyə zəng edib onunla görüşüb pulu verməsini xahiş etmişdirlər. xx.xx.2024-cü il tarixinə Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X4 onun müraciəti əsasında toplanmış HK-767 saylı materialı nəzərdən keçirib cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. xx.xx.2025-ci il Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X4 icraatında onun müraciəti əsasında toplanmış HK-767 saylı materialı nəzərdən keçirərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, ondan 55100 manat məbləğində borcun, 255.30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 300 manat vəkilə ödənilmiş xidmət haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sözügedən iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş onun tərəfindən yazıldığı qeyd edilən ərizədən görünür ki, borc məbləği 29 avqust 2016-cı ildə alınmışdır və həmin borc üzrə sonuncu ödənişin qaytarılması 2017-ci ilin iyul ayına nəzərdə tutulmuşdur. İddiaçı isə hazırkı tələblə 04 iyun 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbаycаn Respublikаsı Konstutsiyа Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tаrixli qərаrınа əsаsən kredit münаsibətlərindən yаrаnаn məsələlərə Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2-ci mаddəsində nəzərdə tutulаn üç illik iddiа müddəti tətbiq edilməlidir. Göründüyü kimi hazırkı mülki işdə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün sonuncu müddət 2020-ci ilin iyul ayı olsa da, iddiaçı, həmin vaxtdan beş ilə yaxın müddət keçdikdən sonra, yəni məhz 04 iyun 2025-ci il tarixdə məhkəməyə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bundan başqa iddiaçı iddia tələbində onun tərəfindən ona 2025-ci ilin aprel ayında 1000 manat pulun ödənildiyini qeyd etmişdir. Bu tam yalandır. O, iddiaçını doqquz ilə yaxındır ki, görmür. Həmçinin yalan olsa belə hesab edilsə ki, 1000 manat vəsait iddiaçıya qaytarılmışdır, bu yenə də iddia müddətinin kəsilməsi anlamına gəlmir. Çünki həmin hərəkətlər iddia müddəti ərzində (2017-ci ilin iyul ayı - 2020-ci ilin iyul ayı) deyil, müddət başa çatdıqdan sonra (2025-ci ilin aprel ayı) baş vermişdir. Nəzərə almaq lazımdır ki, borcun etirafına dair hərəkətlər iddia müddəti ərzində icra edildikdə Mülki Məcəllənin 380.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq iddia müddətinin axımı kəsilir, müddət keçdikdən sonra edilmiş ödənişlər, artıq bitmiş müddəti bərpa edə bilməz. Eyni zamanda iddiaçı, iddia tələbində həbs olunduğu üçün ona qarşı iddia qaldıra bilmədiyini qeyd etmişdir. Bununla bağlı bildirir ki, iddia müddəti axımının dayandırılması Mülki Məcəllənin 379-cü maddəsi ilə tənzimlənir ki, məhz azadlıqdan məhrum etmə ilə bağlı borcluya qarşı iddia qaldırılmaması həmin maddədə nəzərdə tutulmamışdır. Ona görə də, işə onun iştirakı olmadan baxılmasını, İddiaçı ona qarşı iddiası üzrə iddia müddəti tətbiq edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddia ərizəsinə uyğun izahat verərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəki şəhəri 20 yanvar küçəsi, ev 10-da yaşayan Cavabdeh xx.xx.2016-cı il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh İddiaçı 33000 (otuz üç min) ABŞ dollar borcu var və həmin borcun 10000 (on min) ABŞ dollarını oktyabr ayının axırında 10000 (on min) ABŞ dollarını fevral ayında və qalan 13000 (on üç min) ABŞ dollarını iyun ayında ödəməyi öz öhtəsinə götürür. - xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh İddiaçı olan 55100 (əlli beş min yüz) manat məbləğində olan borcunu 5 (beş) gün ərzində ona ödəməyi tələb olunmuşdur. - Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. - xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh İddiaçı olan 55100 (əlli beş min yüz) manat məbləğində olan borcunu 10 (on) gün ərzində ona ödəməyi tələb olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. KMQ23 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi təmin edilməməlidir. İddiaçı bildirir ki, onun tərəfindən cavabdehə pulunu sonradan ödəmək şərti ilə 33000 ABŞ dolları dəyərində avtomobil satılmışdır. İddiaçı borc məbləğindən 2025-ci ilin aprel ayında 1000 manat qaytarıldığını bildirmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs də eyni mövqedən çıxış edərək, 55100 manat pulun ona ödənilməsini xahiş etmişdir. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmiş və ərizəsində 1000 manat ödənişi etmədiyini bildirmişdir. Hazırkı işdə Mülki Məcəllənin 567-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında məhkəmə qeyd edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İlkin iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından tərəflər arasında baş tutmuş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı borcunun olması öz təsdiqini tapır. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia ərizəsi alqı-satqı müqaviləsi üzrə müddət bitdikdən sonra üç il ərzində verilməli olduğu halda, iddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir. Məhkəmə, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddia tələbinə münasibədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Bununla bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 ilə Cavabdeh arasında hər hansı alqı-satqı münasibəti olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia tələbi və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair, müstəqil tələb irəli sürən 3-cü şəxs X1 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumları özlərinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1763/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1763/2025
16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver