Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-177/2023 23.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6865 manat əsas, 3749,60 manat faiz borcu olmaqla, cəmi 10614,60 manat kredit borcunun, iş üzrə ödənilmiş 122 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli 09/0249/KBK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə bank arasında 27 yanvar 2020-ci il tarixli dörd tərəfli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1 -ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********170 saylı 16 noyabr 2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 25 avqust 2022ci il tarixə Cavabdeh1 kredit üzrə 6865 manat əsas, 3749,60 manat faiz borcu olmaqla, cəmi 10614,60 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi və digər Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, kredit götürdükdən sonra 2-3 ay ödəniş etmişdir. Sonradan “Covid-19” pandemiyası səbəbindən işləyə bilməmiş və qalan kredit borcunu ödəyə bilməmişdir. Belə ki, ökləmizdə pandemiya səbəbindən sərhədlər bağlanmışdır. O, da sürücü fəaliyyətini davam etdirə bilməmiş və beləliklə də qazanc əldə edə bilməmişdir. Sərhədlər açıldıqdan sonra kredit borcunu ödəyə bilər. Hazırkı vaxtda isə ayda 50-60 manat ödəniş edə bilər. Bundan başqa kredit borcu üzrə əsassız olaraq xeyli faiz hesablanmışdır. Ona görə də, faiz məbləğlərinin silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, Cavabdeh1 onun qohumudur. Qohumuna köməklik etmək məqsədi ilə bank qarşısında ona zamin olmuşdur. Aldığı aylıq əmək haqqı onun özünə yetir. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli, 09/0249/KBK saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli, 09/0249/KBK saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 bank qarşısında Cavabdeh1 öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyırlar. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 30 avqust 2022-ci il tarixə 27 yanvar 2020-ci il tarixli, 09/0249/KBK saylı kredit müqaviləsi üzrə 6865 manat əsas, 3749,60 manat faiz borcu olmaqla cəmi 10614.60 manat kredit borcu vardır. İş materiallarına əlavə edilmiş 16 noyabr 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 banka olan borcun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli, 09/0249/KBK saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən illik 24 faiz olmaqla 36 ay müddətində ilə 7000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 27 yanvar 2020-ci il tarixli, 09/0249/KBK saylı zaminlik müqaviləsi bağlanmışdır. Borclular müqavilənin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmışlar. Hazırda cavabdehlərin "xxxx" ASC-yə 6865 manat əsas, 3749,60 manat faiz borcu olmaqla cəmi 10614.60 manat kredit borcu vardır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış kredit sazişi Cavabdeh3 və Cavabdeh2 zaminliyi ilə təmin edildiyinə görə zaminlər bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" ASC kredit borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 27 yanvar 2020-ci il tarixli, 09/0249/KBK saylı kredit müqaviləsinə əsasən 6865 manat əsas, 3749,60 manat faiz borcu olmaqla, cəmi 10614,60 manat kredit borcu tutulub iddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 122 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 6865 manat əsas, 3749,60 manat faiz borcu olmaqla, cəmi 10614,60 manat kredit borcu və 122 manat məbləğində dövlət rüsumu tutulub iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-177/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-177/2023
23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver