Məhkəmə qərarları › İş №e-2(075)-1784/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1784/2022

05.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1784/2022 05.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10100 (on min yüz) manat pul vəsaitinin, 10000 (on min) manat mənəvi zərərin, 5000 (beş min) manat əldən çıxmış faydaya görə məbləğin, Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi faiz üçot dərəcəsi nəzərə alınmaqla pulu qanunsuz saxlayaraq qaytarmadığına görə 631 (altı yüz otuz bir) manat faiz məbləğinin və ödənilmiş 168 (yüz altmış səkkiz) manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı nümayəndəsi (vəkili) Vəkil xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin azaldılması barədə elektron ərizə göndərərək, Cavabdeh 9798 (doqquz min yeddi yüz doxsan səkkiz) manat pul vəsaitinin, 10000 (on min) manat mənəvi zərərin, 5000 (beş min) manat əldən çixmış faydaya görə məbləğin, Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi faiz üçot dərəcəsi nəzərə alınmaqla pulu qanunsuz saxlayaraq qaytarmadığına görə 631 (altı yüz otuz bir) manat faiz məbləğinin və ödənilmiş 168 (yüz altmış səkkiz) manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi (vəkili) Vəkil izahat verərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı Şəki rayon sakini Cavabdeh Oqtay oğlunu 2012ci ilin aprel ayından tanımışdır. Belə ki, onlar birlikdə Sanqaçalda əsgəri xidmətdə olmuşlar və ilkin tanışlıqları oradan yaranmışdır. Sonradan onlar 2020-ci ildə səfərbərlikdə birlikdə İİ Qarabağ müharibəsində olmuşlar. İİ Qarabağ müharibəsi qurtardıqdan sonra onlar öz evlərinə qayıtmışlar. Bildirmişdir ki, 2021-ci ilin fevral ayında iddiaçının özü və əsgər yoldaşları Teymur və Qabillə birlikdə Şəki rayonu Cəfərəbad kəndində yaşayan əsgər yoldaşları Muxtargilə gonaq gəlmişlər. Onlar həmin gün Muxtargildə yeyib içmiş və əsgərlik xatirələrindən söhbətlər etmiş və Muxtar gildə 3 gün qalmışlar. Onlar Muxtargildə qalan vaxt Muxtar onlarla söhbət zamanı bildirmişdir ki, müəyyən işlər var ancaq pulu azdır ona görə o, işləri görə bilmir. Həmin vaxt iddiaçı və əsgər yoldaşları bu işlərin nə olduğunu cavabdehdən maraqlandıqda Cavabdeh onlara bildirmişdir ki, taxıl alıb satmaq və mal qara alıb satmaq işləri var və yaxşı gəlir əldə edə bilərlər. Onlar 2021-ci ilin mart ayından sonra əsgər yoldaşları ilə birlikdə pul topalayib bu işlə məşğul olmaları barədə razılaşmışlar. Bundan sora iddiaçı Bakı şəhərinə yaşadığı evə getmişdir. Bir neçə gündən sonra Cavabdeh İddiaçı zəng etmiş və bildirmişdir ki, iri və xırda buynuzlu mal qara almaq istəyir, mal-qaranın yerlərini müəyyən etmiş, lakin onları almağa pulu yoxdur. Cavabdeh iddiaçıya pul göndərməsini və heyvanları almasını bildirmişdir. Həmin vaxt iddiaçı cavabdehlə razılaşmış və Cavabdeh poçt vasitəsilə 2500 (iki min beş yüz) manat pul göndərmişdir. Səhəri gün iddiaçı Muxtar Babaya zəng edib maraqlanmış və öyrənmişdir ki, cavabdeh pulu götürmüş, işə başlamış, xırda buynuzlu heyvanlardan alıb-satmışdır. Həmin vaxtdan 16 gün keçdikdan sonra yenidən Cavabdeh İddiaçı zəng edərək ondan 7500 (yeddi min beş yüz) manat pul istəmişdir və bildirmişdir ki, yaxşı iri buynuzlu danalar var, təcili onları almaq lazımdır, xeyli miqdarda xeyir götürəcəklər. Göstərmişdir ki, cavabdehin iddiaçıdan istədiyi pul onda olmadığı üçün, iddiaçı Bakı şəhərində yaşayan dostu Davud Kərimovla məsləhət edərək, Davudun dayısı Aqildən 7500 (yeddi min beş yüz) manat alaraq cavabdehə göndərmişdir. İddiaçı həmin 7500 (yeddi min beş yüz) manat pulu Muxtardan hara göndərəcəyini soruşduqda Muxtar ona bildirmişdir ki, onun Bank karti yoxdur, lakin dostu X2 hesabına göndərsin. Bundan sonra iddiaçı “Milli ön” vasitəsilə 7500 (yeddi min beş yüz) manat pul vəsaitini X3 bank kartına göndərmişdir. Bir müddət sonra cavabdeh Muxtar iddiaçıya zəng etmiş və 7500 (yeddi min beş yüz) manat pulu götürdüyünü bildirmişdir. Həmin günün səhəri Muxtar yenidən zəng edərək iddiaçıya 8 ədəd iribuynuzlu dana aldığını bildirmişdir. Təxminən bir ay keçdikdən sonra iddiaçı özü Muxtargilə qonaq gəlmişdir. Muxtar Paşaya aldığı iribuynuzlu danaları əmisinin tövləsi olan yerdə saxladığını bildirmiş və iddiaçını həmin tövləyə apararaq heyvanları ona göstərmişdir. 2021-ci ili iyun ayında cavadeh iddiaçıya zəng edərək bildirmişdir ki, danalar böyüyüb onları satmaq istəyir. İddiaçı cavabdehə razılıq vermiş və demişdir ki, danaları satıb yerinə başqalarını alıb saxlasın. Bir neçə gündən sonra Muxtar yenidən Babaya zəng edərək bildirmişdir ki, qarşıdan Qurban bayramı gəlir quzu və dana alsınlar. İddiaçı da onunla razılaşmışdır. Bir neçə gün keçdikdən sonra cavabdeh iddiaçıya bildirmişdir ki, 7 ədəd dana və 34 ədəd quzu almışdır. İddiaçı isə ona bildirmişdir ki, qoy heyvanlar böyüsün sonra satarlar. Ancaq iddiaçı heyvanları görməmişdir. Yalnız telefonla danışarkən məsləhət etmişlər. Müxtəlif vaxtlarda iddiaçı cavabdehə zəng edib işlərlə bağlı maraqlandıqda cavabdeh ona bildirirmiş ki, narahat olmasın işlər qaydasındadır, mal-qaranı alıb satır və hazırda 7 ədəd dana, 35 ədəd quzuları var. Bir müddət keçdikdən sonra cavabdeh yenidən iddiaçıya zəng edib bildirmişdir ki, Bibisigilin də sahəsində fermaları var məsləhət görür ki, heyvanları ora aparsın və orada otlaq sahələri də var. Onlar ot almayacaq və heyvanlar özləri orada otlayacaq. Onların əlavə xərcləri olmayacaq. İddiaçı Cavabdeh fikri ilə razılaşmışdır. Bundan sonra İddiaçı Cavabdeh toy məclisinə gəldikdə, mal qara ilə maraqlanmış və cavabdeh ona bildirmişdir ki, 3 ədəd dananı dayısının fermasında, qalanını isə dağdakı fermada saxladığını demişdir. Həmin vaxt iddiaçı Muxtardan tələb etmişdir ki, gedib heyvanları ona göstərsin. Cavabdeh iddiaçıya müxtəlif bahanələr gətirərək onu fermaya aparmamış və heyvanları ona göstərməmişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, narahat olmasın Bakıya gedəndə heyvanların şəkillərini və videolarını çəkib ona göndərəcəkdir. Göstərmişdir ki, iddiaçı Bakı şəhərinə getdikdən sonra cavabdeh onun telefonuna tanımadığı iribuynuzlu inəklərin videosunu göndərmişdir. İddiaçı pul lazım olduğu üçün Muxtara zəng edərək danaları satıb pulunu göndərməsini xahiş etmişdir. Bu zaman Muxtar müxtalif bəhanələr gətirərək danaları satmadığını bildirmişdir. Həmin vaxt İddiaçı Cavabdeh şübhələnmiş və onu aldatdığını hiss etmişdir. İddiaçı Muxtarda olan malqaranın satılması üçün başqa şəxslarlə danışmış və Muxtarın yanına göndərmşdir. Muxtar həmin şəxslərə danalari satmaq istəmədiyini bildirmişdir. Həmin gün Muxtarın anası iddiaçıya zəng etmiş va bildirmiş ki, danaların pulunu versinlər, danalar onlarda qalsın. İddiaçı da onlarla razilaşmışdır. Sonra iddiaçı başa düşmüşdür ki, Muxtar, anası və digər ailə üzvləri ona yalan danışmış, onu aldatmışlar. İddiaçı hər dəfə cavabdehdən pulunu istədikdə cavabdeh müxtəlif bəhanələr gətirmiş, ondan aldığı pulu öz ehtiyaclarına xərclədiyini və bankdan kredit götürüb guya onun pulunu qaytaracağını bildirmişdir. Bir neçə ay cavabdeh onu bu formada aldatmış və ondan aldığı 10100 (on min yüz) manat pulu geri qaytarmamışdır. Belə ki, iddiaçı cavabdehgilə gələndə cavabdeh ondan təcili lazım olduğu üçün əlavə 100 manat da borc istəmiş, iddiaçı da 100 manat pulu cavabdehə vermişdir. Həmin müddət ərzində alınan və satılan mal qaradan əldə olunan gəlirdən Muxtar iddiaçıya hissə-hissə olmaqla 2060 (iki min altmış) manat pul göndərmişdir. Qeyd edilən 2060 manat borc məbləğindən deyil, əldə edilən gəlirdən ödənilmişdir. Lakin sonradan cavabdeh iddiaçıya 10100 manat borcundan 302 manat ödəniş etmişdir. İddiaçı cavabdehə verilən pulları poçt va “Milli on” aparat vasitəsilə göndərmişdir. İddiaçı bir neçə dəfə heyvanları görmək istəsə də, Muxtar müxtəlif bəhanələr gətirərək heyvanları ona göstərməmişdir. Cavabdeh İddiaçı yalan vəd verərək iş qurmaq adı ilə 10100 (on min yüz) manat pul vəsaitini ələ keçirərək mənimsəmişdir. Bildirmişdir ki, iddiaçı ŞRPŞ-nə xx.xx.2021-ci il tarixində ərizə ilə müraciət etmişdir. Bu məslə ilə bağlı Şəki ŞRPŞ-də araşdırılma aparılmış araşdırma zamanı cavabdeh iddiaçını aldadaraq iş qurmaq adı ilə ondan 10100 (on min yüz) manat pul vəsaitini aldığını etiraf etmişdir. Lakin Şəki ŞRPŞ tərəfindən 09 yanvar 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qəbul edilərək iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan başqa cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan 10100 manatla bağlı, cavabdehin xx.xx.2021-ci il tarixdən iddianın verildiyi xx.xx.2022-ci il tarixədək, pul məbləğinin ödənilməsi gecikdirildiyi vaxt üçün pul vəsaitininin qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırdığına görə digər əsaslar müəyyən edilmədiyinə görə, illik 5 % hesablanmaqla, (10100 dolları x 5 % = 505 manat-1 ilə görə; 505 manat x 15 ay (1 il 3 ay) = 631 manat -15 aya görə) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəzərə alınmaldır ki, Cavabdeh 10100 (on min yüz) manat pul vəsaitini qanunsuz saxlamış, pul vəsaitini qaytarmaqdan boyun qaçırmış və həmin pul vəsaitindən faydalanmışdır. Halbuki iddiaçı həmin məbləği hal-hazırda fəaliyyət göstərdiyi ticarətə yönəltməklə bu günədək 5000 (beş min) manat məbləğində maddi gəlir əldə edə bilərdi. Cavabdehin həmin pulu qanunsuz saxlamağı nəticəsində iddiaçı həmin gəlirlərdəndə məhrum olmuşdur. Göstərdikləri ilə bağlı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda cavabdeh 10100 manat borcundan 302 manat ödəniş etdiyindən onun iddiaçıya əsas borc kimi 9798 manat borcu qalmıpşdır. Odur ki, iddianın təmin edilərək Cavabdeh 9798 (doqquz min yeddi yüz doxsan səkkiz) manat pul vəsaitinin, 10000 (on min) manat mənəvi zərərin, 5000 (beş min) manat əldən çixmış faydaya görə məbləğ¬in, Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi faiz üçot dərəcəsi nəzərə alınmaqla pulu qanunsuz saxlayaraq qaytarmadığına görə 631 (altı yüz otuz bir) manat faiz məbləğninin və ödənilmiş 168 (yüz altmış səkkiz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, 2012-ci ilin aprel ayından hərbi xidmətdə olduqları zaman İddiaçı ilə tanışlıqları yaranmışdır. Sonradan 2020-ci ildə Səfərbərlikdə birlikdə İkinci Qarabağ müharibəsində iştirak etmişlər. Bildirmişdir ki, İkinci Qarabağ müharibəsi qurtardıqdan sonra onlar öz evlərinə qayıtmışlar. Təxminən 2021-ci ilin fevral ayında əsgər yoldaşları Baba, Teymur və Rəqabil onlara, yəni Şəki rayon Cəfərabad kəndində yerləşən evlərinə qonaq gəlmişlər. Onlar 3 gün onların evində qalmışlar. Onlarda qalan vaxt söhbət zamanı əsgər yoldaşları ondan nə iş gördüyünü soruşmuşlar. Bu zaman o bildirmişdir ki, iri və xırda buynuzlu mal qaranın alış verişi və saxlanılması ilə məşğul olmaq olar. Bu işi görmək üçün onda bir qədər pul var ancaq azdır cəmi 1500 manat pulu var. Baba həmin vaxt ona demişdir ki, o, bu haqda fikirləşəcəkdir. Təxminən 3 ay keçdikdən sonra Babaya zəng etmiş və yaxşı heyvanların olduğunu, ucuz qiymətə satdıqlarını ona görə pul lazım olduğunu bildirmişdir. Baba ondan nə qədər pul lazım olduğunu soruşduqda o, Babadan 8000 (səkkiz min) manat pul istəmişdir. Lakin Baba ona bildirmiş ki, o qədər pul yoxdur ancaq 7500 (yeddi min beş yüz) manat pulu var. Baba 7500 (yeddi min beş yüz) manat pulu ona göndərəcəyini bildirmiş və Baba ona demişdir ki, kartın şəklini çək göndər. Onun öz Bank kartı olmadığına görə həmkəndlisi X1 şəkilini çəkib Babaya göndərmişdir. Bir müddət sonra Baba 7500 manat pulu Eyyubun bank kartına vurmuşdur. Onlar birlikdə Şəki şəhərinə gələrək pulu terminaldan çıxarmış və pulu özü götürmüşdür. Bildirmişdir ki, ondan əvvəl də İddiaçı ona 2500 manat pul göndərmişdir. Ümumilikdə İddiaçı ona 10100 manat pul göndərmişdir. Belə ki bir dəfə də Baba ona 100 manat pul vermişdir. Onların danışıqları alış veriş etdikdə əldə olunan gəliri ikisinin arasında yarıya bölünməsi barədə razılaşmışlar. O, pulu götürdükdən sonra 8 ədəd iri buynuzlu danalar almış, bir müddət saxladıqdan sonra 5 ədədini kəsib satmış və 3 ədədini Suçma kəndində yaşayan Elməddin adlı qəssaba satmışdır. Baba ondan soruşduqda pul olmadığı üçün o, Babanı aldadaraq işin getdiyini gəlirlərinin olduğunu və əlavə xərclərinin olduğunu bildirmişdir. Heyvanların satılmasını Babaya bildirdikdə həmin vaxt Baba ondan pul istəmişdir, lakin pul olmadığı üçün onu aldadaraq müxtəlif bəhanələr demişdir. Həmçinin o, Babaya müxtəlif vaxtlarda təxmini olaraq 2400 manatdan çox pul göndərmiş və sonra Babaya demişdir ki, onun göndərdiyi puldan 5000 min manat pul götürmək istəyir ki, evi təmir etdirsin. İddiaçıya bildirmişdir ki, yaxın zamanda onun toyu olacaqdır. Qalan pulu toydan sonra qaytaracaqdır. Baba da ona razılıq vermişdir. Lakin toydan sonra Babanın pulunu qaytara bilməmişdir. Belə ki, o, Babadan aldığı pulları öz ehtiyacına, bir miqdarını isə atasının xəstəliyinə xərcləmişdir. İddiaçı ona zəng edib maraqlandıqda yalandan Babanı aldadaraq işlərin öz qaydasında getdiyini demişdir. Babadan aldığı pullarla aldığı mal qaranı atasının dostu Qüvvət adlı şəxsin tövləsində saxlamışdır. Babanı inandırmaq üçün Gündüz adlı şəxsin fermasının və heyvanlarının şəkilini çəkib Babanın telefonuna göndərmişdir. Bildirmişdir ki, müxtəlif vaxtlarda Babaya 2400 manatdan çox pul vermişdir. Həmçinin maaş kartından da Babaya 302 manat pul ödəmişdir. Göstərmişdir ki, onun Babaya 7666 manat borcu qalıb. Buna görə də iddianı qismən qəbul edir. Qanuna müvafiq qətnamə çıxarılmasına etirazının olmamasını bildirmişdir. İşdə olan 22 yanvar 2021-ci il tarixli qəbzdən görünür ki, Quliyev X5 MMC vasitəsilə Cavabdeh 102,70 manat məbləğində pul vəsaiti göndərmişdir. İşdə olan 04 fevral 2021-ci il tarixli qəbzdən görünür ki, Quliyev X5 MMC vasitəsilə Cavabdeh 2494 manat məbləğində pul vəsaiti göndərmişdir. İşdə olan 20 aprel 2021-ci il tarixli qəbzlərdən görünür ki, X4 hesabına xx.xx.2022-ci il tarixdə cəmi 7500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 07 yanvar 2022-ci il tarixli izahatdan görünür ki, Cavabdeh Şəki ŞRPŞ-də izahatı zamanı İddiaçı 10.100 manat məbləğdə pul aldığını etiraf etmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 09 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Cavabdeh qarşı şikayət ərizəsi üzrə başlanılmış HK-1/1771 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən edildi ki, cavabdeh malqara alıb saxlamaqla gəlir əldə etmək məqsədilə əsgərlik yoldaşı olan iddiaçıdan cəmi 10100 manat borc pul almışdır. O, əldə etdiyi gəlirdən iddiaçıya müəyyən məbləğ də verməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh iddiaçıdan aldığı 10100 manat pula mal-qara alıb satsa da iddiaçıya müəyyən ödənişlər etmədiyindən iddiaçı pulunu geri tələb etmişdir. Lakin cavabdeh müəyyən bəhanələrlə aldığı pulu qaytarmaqdan yayınmışdır. Lakin sonradan cavabdeh iddiaçıya hissə-hissə olmaqla 2362 manat geri ödəniş etmişdir. Bu hal məhkəmə iclasında iddiaçının və cavabdehin izahatları ilə müəyyən olunmuşduir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 10100 manat puldan 2362 manat hissə artıq iddiaçıya ödənildiyindən (10100-2362=7738 manat) 7738 manat ödənilməyən hissə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (pul verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (pul alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (pul alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində pul verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə İddiaçı cavabdehin borcunu vaxtında qaytarmaması nəticəsində bu günə kimi mənəvi sarsıntı və psixi cəhətdən rahatlığını itirərək iztirablar çəkməsini, işin konkret hallarını nəzərə almaqla hesab edir ki, cavabdeh iddiaçıdan ona vurulmuş mənəvi ziyanın ödənilməsini də tələb etməkdə haqlıdır. Lakin məhkəmə tələb edilən mənəvi ziyan məbləğini işin hallarını nəzərə alaraq yüksək hesab edir və onun ağlabatan həddə azaldılmasının məqsədəmüvafiq hesab olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 300 manat mənəvi zərərin tutulması ağlabatandır. Məhkəmə iddia tələbinin 5000 manat əldən çıxmış fayda və 631 manat faiz hissəsinə münasibət bildirərək hesab edir ki, bununla bağlı hər hansı razılaşma olmadığından, iddiaçının pulu geri tələb etmə müddətindən elə də uzun müddət keçmədiyindən, həmçinin iddiaçı tərəfindən məhkəməyə buna dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia həmin hissələrdə qanuni və ədalətli əsaslı hesab edilə bilməz. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 7738 manat pul, 300 manat mənəvi zərər və 130 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun 38 manatı iddiaçının özünə aid edilməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 7738 (yeddi min yeddi yüz otuz səkkiz) manat, 300 (üç yüz) manat mənəvi zərər və 130 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 38 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar