Məhkəmə qərarları › İş №e-2(075)-1806/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1806/2024

06.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1806/2024 06.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 onun xeyrinə 2400 manat məbləğində maddi zərərin, 500 manat əldən çıxmış faydanın, 2000 manat məbləğində mənəvi zərərin, 17,65 manat notariat xərcinin, 300 manat hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin, ümumilikdə 5217,65 manatın, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 72.58 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ibtidai istintaq orqanının mövqeyinə görə, Cavabdeh qəsdən, tamah niyyəti və özgənin xeyli miqdarda əmlakını gizli yolla talama məqsədi ilə fərdi yaşayış evinə və saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talama məqsədi ilə 25 aprel 2022-ci il tarixdə, saat 23 radələrində Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin həyətyanı sahəsini əhatə edən hasarın üzərindən keçməklə evin həyətyanı sahəsinə qanunsuz daxil olduqdan sonra həmin fərdi yaşayış evinin saxlanc yeri hesab edilən zirzəmilərindən birinin qapısını itələməklə sındırıb zirzəmiyə qanunsuz daxil olaraq oradan İddiaçı məxsus 30 litr həcmli, üzəri lehmli, mis materialdan hazırlanmış 250 (iki yüz əlli) manat dəyərində 01 ədəd qazanı, 1870-ci ildə istehsal edilmiş, 10 litr həcmli, latun materialdan hazırlanmış, üzərində 3 ədəd dairə və həmin dairələrdən ikisinin daxilində insan başı silueti, birinin daxilində isə 1870-ci il tarixi qeyd edilmiş 10000 (on min) manat dəyərində 01 ədəd samovarı, 5 litr həcmli, latun materialdan hazırlanmış, armud formalı 350 (üç yüz əlli) manat dəyərində 01 ədəd samovarı gizli yolla talamaqla oğurlamış, bundan sonra hərəkətlərini davam etdirərək evin zirzəmilərindən digərinin qapısını itələməklə cəftəsini yerindən çıxarıb qapını açmaqla zirzəmiyə qanunsuz daxil olaraq oradan 7 litr həcmli, latun materialdan hazırlanmış, üzərində müxtəlif formalı naxışlar olan 750 (yeddi yüz əlli) manat dəyərində 01 ədəd samovarı və 5 litr həcmli, latun materialdan hazırlanmış, sadə formalı 250 (iki yüz əlli) manat dəyərində 01 ədəd samovarı vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla oğurlayaraq zərərçəkmiş şəxs İddiaçı ümumilikdə cəmi 11600 (on bir min altı yüz) manat dəyərində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Ceyhun Əhmədov) 25 oktyabr 2023-cü il tarixli, 1(075)-14/2023 saylı hökmü ilə Cavabdeh cəza təyin edilmişdir. Hökm üzrə İddiaçı ümumilikdə cəmi 2400 manat dəyərində maddi ziyan vurulduğu müəyyən edilmişdir. Əslində dəymiş zərərin əvəzi göstərilən məbləğlə kompensasiya edilə bilməz. Belə ki, oğurluq hadisəsindən 2 ildən artq müddət ötüb ki, həmin dövrdə olan qiymətlərlə hazırkı qiymətlər arasında ciddi bahalaşma müşahidə olunur. Bu halı əldən çıxmış fayda kimi qiymətləndirməklə qismən kompensasiya olunacağını düşünür. Maddi zərərlə yanaşı cavabdeh ona həmçinin mənəvi zərər də vurmuşdur. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə göndərdiyi ərizəsində məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: - Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(075)-14/2023 saylı hökmündən görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə qaldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, 4 gün müddət təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(107)-440/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs Cavabdeh 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə dair verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. - 05 iyul 2024-cü il tarixli, 137 nömrəli arayışdan görünür ki, İddiaçı vəkil Nümayəndə ilə bağladığı 05 iyul 2024-cü il tarixli, 317 saylı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin şərtlərinə əsasən vəkilə göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun bank hesabına 300 manat ödəniş etmişdir. - xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, iddiaçı etibarnamənin verilməsi üçün 17.25 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 72,58 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mülki Prosessual Məcəllənin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh xx.xx.2022-ci ildən xx.xx.2022ci ilədək həbsdə qaldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, 4 gün müddət təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmdən verilmiş apellyasiya protesti təmin edilməmişdir. İddiaçı bildirir ki, Cavabdeh ona məxsus samovarları oğurlayaraq ona ümumilikdə, cəmi 2400 manat dəyərində maddi ziyan vurmuşdur. Oğurluq hadisəsindən 2 ildən artq müddət ötüb ki, həmin dövrdə olan qiymətlərlə hazırkı qiymətlər arasında ciddi bahalaşma müşahidə olunur. Bu halı əldən çıxmış fayda kimi qiymətləndirməklə qismən kompensasiya olunacağını düşünür. Maddi zərərlə yanaşı cavabdeh ona həmçinin mənəvi zərər də vurulduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh maddi imkanının aşağı olduğunu, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi səbəbindən işləyə bilmədiyini bildirmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə iddia tələbinin 2400 manat maddi zərərin tutulması hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin iddiaçıya göstərilən məbləğdə ziyan vurması iş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(075)-14/2023 saylı hökmü ilə müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(075)-14/2023 saylı hökmü hazırkı iş üzrə preyudisial əməmiyyət kəbs edir. Cavabdehin iddiaçıya 3450 manat pul ödəməli olması isə qeyd edilən hökmlə öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə 500 (beş yüz) manatın tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin bu hissəsinə dair hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin həmin hissəsinə dair hər hansı sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, mənəvi zərərin tutulması hissəsində iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, yuxarıda qeyd olunanlara əsasən cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulması tam təsdiq olunur. Lakin məhkəmə hesab edir ki, bu hissədə də iddia qismən təmin edilməlidir. Belə ki, qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzi kimi 500 manat ağlabatan məbləğ kimi müəyyənləşdirilə bilər. Məhkəmə, iddia tələbinin iddiaçının vəkilə ödədiyi 300 (üç yüz) manatın və 17.25 manat notariat xərcinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, müvafiq sübutlar, pulun ödənilməsini təsdiq edən sənədlər təqdim edildiyindən, həmin hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 52.17 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat maddi ziyan, mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat, vəkilə ödənilmiş 300 (üç yüz) manat, 12,97 (on iki manat doxsan yeddi qəpik) manat notariat xərci və 52.17 (əlli iki manat doxsan yeddi qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar