Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1809/2025 26.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona vurulmuş 1600 (bir min altı yüz) manat məbləğində maddi zərərin və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Şəki rayonu, Şəki kəndində yaşayır. Əksər kənd sakinləri kimi o da, kənd təsərrüfatı ilə məşğuldur. Buna görə də təsərrüfatında 10 ədəd iri buynuzlu malı var. Onlardan 6 ədədini kəndin örüş yerinə göndərmişdir. Kənd sakinlərinin razılaşmasına əsasən örüşə mal qaranın nəzarəti növbətçilik əsasında aparılırdı, növbədə olan şəxsin işi olarsa öz yerinə günəmuzd olaraq kimisə göndərirdi. xx.xx.2025-ci il tarixdə şəxsi təsərrüfatında olan mal-qaranı ilk dəfə olaraq növbəlilik əsasında olan naxıra qatmışdır. Həmin gün naxıra getmək növbəsi həmkəndlisi Cavabdeh2 növbəsi olmasına baxmayaraq, o, öz yerinə həmkəndliləri tanımadığı Vüsal adlı şəxsi günəmuzd olaraq göndərmişdir. Buna görə də, o, Vüsal ilə telefon nömrələrini qarşılıqlı olaraq qeyd etmiş və ona tapşırmışdır ki, lazım olan təqdirdə ona zəng etsin. Xüsusilə də qeyd etmişdir ki, mal-qarada hansısa problem olarsa, ona bildirsin. Axşam saat 17:00 radələrində Vüsal ona zəng etmişdir. Onu yığan zaman ona erkək dananın onu vurduğunu, yaxına buraxmadığını, hazırda yerə yatdığını demiş və buna görə də gəlib onu qaldırıb aparmağını bildirmişdir. Təxminən 1 saat sonra onun göstərdiyi yerə çatanda artıq dananın öldüyünü görmüşdür. Ora çatanda görmüşdür ki, heyvan artıq uzun müddət əvvəl ölmüşdür və buna görə də əti artıq haram olduğundan onu kəsə bilməmişdir. O, hadisə yerinə çatanadək Vüsal heyvan ölməmişdən boğazını kəsərək ətini istifadəyə yararlı olmasını təmin edə biləcəyi halda bunu etməmişdir. Vüsaldan heyvanın ölməsinin səbəbini soruşduqda sonuncu qeyri-müəyyən cavablar vermişdir. Vüsal ona zəng edərkən heyvanın artıq yerə yatdığını bildirsə də, ona təqdim etdiyi 11 saniyəlik video görüntüdə heyvanın ayaq üstə olması lakin tövşəməsi müşahidə edilir. Bu isə heyvanın atla qovulmasının əlamətidir. Ərazidə kəskin relyef və ya sıldırım yoxdur, buna görə də qəfil yıxılma mümkün deyil. Erkək dana tam sağlam olmaqla, 1 il 3 aylıq olmuşdur. Diri çəkisi təxmini 180-200 kq olardı. Həmin gün, onun ölümünə səbəb olacaq hər hansı təbii hadisə (sel, ildırım, yarğan, xəstəlik, qızdırma) olmamışdır. Vüsalın deməsinə görə sürünü bir müddət nəzarətsiz qoymuş, aralı düşən erkək dananı digər mallarla birlikdə qovmuşdur. Göründüyü kimi heyvanın qovulması nəticəsində bağrı çatlamışdır. Nəfəsdən düşən dana bir müddət yerdə Vüsal tərəfindən rəhimsiz davranışlara məruz qalmış, cəhd etmişdir ki, zor işlədərək onu ayağa qaldırıb mal sürüsünə qatsın. Sonra oranı tərk etmiş, dananın öləcəyini düşünməmiş və ona gec zəng etmişdir. Əgər belə bir hal var idisə, o, dananı haram olmamış kəsməli və bir qədər ucuz qiymətə əhaliyə sataraq ziyanlıq kimi ödənişi etməli idi. Lakin bunu da etməmiş və beləliklə hadisə baş verən tarixdə hadisə nəticəsində ona 1500 manat ziyanlıq dəymişdir. Hazırda isə ətin qiyməti qalxmış və iddia ərizəsi ilə məhməkəyə müraciət edən tarixə ona vurulmuş ziyanlıq 1600 manat təşkil edir. Göründüyü kimi hər iki cavabdehin təqsiri ucbatından ona 1600 manat həcmində zərər dəymişdir. O, dəfələrlə cavabdehlərdən ona vurduqları həmin zərərin ödənilməsini tələb etsə də, onlar müxtəlif bəhanələr gətirərək həmin zərəri ödəməkdən imtina etmişlər. Ona görə də, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə onun növbəsi olduğu üçün atası tərəfindən Cavabdeh1 həvalə edilmişdir. İş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, HK-1/131 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. - İddiaçının xx.xx.2025-ci il tarixli ərizəsinə cavab olaraq "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının ərizəsində qeyd edilmiş bir il üç aylıq, təxmini diri çəkisi 180-200-kq olan erkək dananın orta satış bazar qiyməti 1400 (bir min dörd yüz) manat təşkil edir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli № 2(075)-1809/2025 saylı məktubuna cavab olaraq "xxxx" ASC tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, məktubda göstərilən fotoşəkil və DVD diskə baxış keçirilmiş və belə qənatə gəlinmişdir ki, həmin iri buynuzlu mal-qaranın (dananın) orta çəkisi 200-220 kiloqram və orta satış bazar qiyməti xx.xx.2025-ci il tarixə 1470 (bir min dörd yüz yetmiş) manat, hal-hazırki qiyməti isə 1680 (bir min altı yüz səksən) manat təşkil edir. - Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən göndərilmiş 87 saylı xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, məktubda göstərilmiş foto şəkil və DVD diskə baxış keçirilmiş və belə qənaətə gəlinmişirki, həmin iri buynuzlu mal-qaranın (dananın) orta çəkisi 200-220 kiloqram və orta satış bazar qiyməti xx.xx.2025-ci il tarixə 1470 manat, hal-hazırkı qiyməti isə 1680 manat təşkil edir. - xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 36 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı 19 aprel 2025-ci il tarixdə şəxsi təsərrüfatında olan mal-qaranı Cavabdeh1 nəzarət etdiyi naxıra buraxmışdır. Həmin gün Cavabdeh1 digər Cavabdeh2 yerinə naxıra çıxmışdır. İddiaçı bildirir ki, heyvan Cavabdeh1 məsuliyyətsiz davranışları nəticəsində tələf olmuşdur. Cavabdeh1 siə iddia tələbini qəbul etmir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə tapşırıq müqaviləsinin dispozitif şərtləri tətbiq edilməlidir. Belə ki, iddiaçı tərəfindən malın otarılması Cavabdeh1 tapşırılmış, lakin sonuncunun məsuliyyətsiz davranışları nəticəsində heyvan tələf olmuşdur. Heyvanın dəyəri ilə bağlı görüntülər təqdim edilməklə "xxxx" ASC tərəfindən müvafiq məlumat əldə edilmişdir. Həmin məlumata əsasən heyvanın hazırkı dəyəri 1680 manat müəyyən edilmişdir. Lakin dispozitivlik prinsipinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 1600 manat məbləğin tutulması hissəsində təmin edilməlidir. Məhkəmə, iddia tələbinin digər Cavabdeh2 pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı sonuncunun təqsiri müəyyən edilmədiyindən iddia tələbi ona qarşı olan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən 36 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 1600 (bir min altı yüz) manat vurulmuş zərərin əvəzi, 36 (otuz altı) manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1809/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1809/2025
26.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver