Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-182/2023 22.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı Şəki rayon Daşüz Bələdiyyəsinin nümayəndəsi X2, Cavabdeh İspalkom oğlunun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Şəki rayon Daşüz Bələdiyyəsinin Cavabdeh İspalkom oğluna qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyənetdi: İddiaçı Şəki rayon Daşüz Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Daşüz kəndində yerləşən Bələdiyyəyə məxsus torpaq sahəsindən yol kimi istifadə olunmasına cavabdeh tərəfindən törədilən maneəçiliklərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Şəki rayon Daşüz Bələdiyyəsinin 15 yanvar 2020-ci il tarixli iclasının qərarı ilə bələdiyyə sədiri seçilmişdir. Hazırkı mübahisənin yaranmasına səbəb cavabdehin bələdiyyəyə məxsus torpaq sahəsinə əsasız müdaxilə etməsi olmuşdur. Belə ki, cavabdehə məxsus 0.12 hektar torpaq sahəsinin qarşısında kənd arası yol keçir. Cavabdeh sözügedən ərazinin ona məxsus olmasını iddia etdiyindən bələdiyyə tərəfindən bununla bağlı 12 saylı Ərazi İdarəsinə müraciət edilmiş, mübahisə predmeti olan torpaq sahəsinin təyinatının dəqiqləşdirilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publiki hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 29 aprel 2022-ci il tarixli məktubda Şəki rayon Daşüz kəndində yerləşən, Cavabdeh mülkiyyətində olan 12 hektar həyətyanı torpaq sahəsinin qarşısında yerləşən, hazırkı mübahisənin predmeti olan ərazinin “X4 və İnformasiyası” bazasına əsasən ümumi istifadədə olan yol “DWJ” (təsərüfatın kompleks yerquruluşu lahiyə xəritəsi) faylına əsasən ictimai tikili üçün nəzərdə tutulmuş torpaq sahəsinə düşdüyü göstərilmiş və bunu təstiq edən sənəd məktuba əlavə edilmişdir. Beləliklə, mübahisələndirilən ərazinin bələdiyyəyə məxsus olması öz təstiqini tapmış, lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin ərazidən təyinatı üzrə istifadə olunmasına maneçilik törətməyə davam etmişdir. Ona görə də, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı Şəki rayon Daşüz Bələdiyyəsinin nümayəndəsi X3, iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehə məxsus torpaq sahəsinin qapısından 5-6 metr aralıda yol var. İlqar həmin yola ağac əkmiş və məftillə hasarlamışdı. Lakin müraciət əsasında həmin ağaclar kəsilmiş və məftil hasar sökülmüşdür. Həmçinin yolda olan tramplin gediş gəlişə maneə törədirdi. Müraciətimiz əsasında həmin trampilin də, üstü örtülməklə istifadəyə yararlı vəziyyətə gətirilmişdir. Halhazırda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İspalkom oğlunun nümayəndəsi (vəkili) Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, ümumiyyətlə hazırda yol olduğu iddia edilən torpaq sahəsi ümumiyyətlə yol kimi nəzərdə tutulmamışdır. Mübahisəli yol olduğu iddia edilən torpaq sahəsində həqiqətən cavabdeh tərəfindən ağaclar əkilmiş, məftillər isə həmin ağacların ətrafına qorumaq üçün çəkilmişdir. Daha sonra naməlum şəxslər tərəfindən həmin ağaclar kəsilmişdir. Həmçinin mübahisəli yol İlqarın vəsaiti hesabına çəkilmişdir. Hazırda yolda heç bir maneə yoxdur. Tramplin isə qrunt sularının qarşısını almaq məqsədi ilə qoyulmuşdur. Ona görə də, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Şəki Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, e-2(075)-182/2023 nömrəli qərardadı ilə hazırki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Şəki rayon Daşüz kəndində yerləşən, Cavabdeh İspalkom oğlunun mülkiyyətində olan 12 hektar həyətyanı torpaq sahəsinin qarşısından keçən yol bələdiyyənin mülkiyyətində olan yoldurmu? 2) Mübahisəli yolda cavabdeh tərəfindən hərəkətə hər hansı maneə yaradılmışdırmı? 3) Mübahisəli yolda qoyulmuş tramplin hərəkətə, həmçinin kiçik ölçülü nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradırmı? Ekspert tərəfindən 04 avqust 2023-cü il tarixli vəsatətlə məhkəməyə müraciət edilərək təyin edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatlarının və mütəxəssis rəyinin alınaraq mərkəzə təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş xidmət haqqı ödənildikdən sonra mütəxəssis rəyinin verilməsinin təmin ediləcəyi bildirilmişdir. Məhkəmə tərəfindən bu barədə tərəflərə məlumat verilməsi baxmayaraq həmin xidmət haqqı ödənilməmişdir. Bu səbəbdən də, ekspert tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. Hazırki iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilmişdir. Yerində baxış zamanı mübahisə predmeti olan ərazidə asfalt yolun qurtaracağında hündürlüyü təxminən 10 sm olan beton konstruksiya (trampilin) müəyyən edilmiş, ancaq tərəflər həmin beton konstruksiyanın (trampilin) üzərini örtməklə istifadəyə yararlı vəziyyətə gətirmişlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırki mübahisələndirilən torpaq sahəsi Şəki rayon Daşüz Bələdiyyəsinin mülkiyyətində olmaqla Cavabdeh məxsus 0.12 hektar torpaq sahəsinin qarşısında yerləşir. Hazırki iş üzrə iddiaçı Şəki rayon Daşüz Bələdiyyəsinin sədri X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bələdiyyəyə məxsus torpaq sahəsindən yol kimi istifadə olunmasına Cavabdeh İspalkom oğlu tərəfindən törədilən maneçiliklərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ancaq istər məhkəmə iclaslarında Şəki rayon Daşüz Bələdiyyəsinin nümayəndəsinin bildirdiklərindən, istərsə də, məhkəmənin yerli baxış zamanı müəyyən etdiyi hallarda mübahisələndirilən torpaq sahəsindən istifadəyə hər-hansı maneənin olmadığı müəyyən edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan Hüquqlarının və X1” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi, Cavabdeh İspalkom oğlunun iddiaçı Şəki rayon Daşüz Bələdiyyəsinə məxsus torpaq sahəsindən istifadəyə hər-hansı bir maneə törətməsi sübuta yetirilməmişdir. Belə оlаn hаldа məhkəmə tərəfindən iddiа tələbi təmin edilə bilməz. Yuxarıda göstərilən əsaslarla məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlı deyildir. Ona görə də iddiaçı Şəki rayon Daşüz Bələdiyyəsinin Cavabdeh İspalkom oğluna qarşı Şəki rayonu Daşüz kəndində yerləşən, bələdiyyəyə məxsus torpaq sahəsindən yol kimi istifadə olunmasına Cavabdeh İspalkom oğlu tərəfindən törədilən maneçiliklərin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Şəki rayon Daşüz Bələdiyyəsinin Cavabdeh İspalkom oğluna qarşı Şəki rayonu Daşüz kəndində yerləşən, bələdiyyəyə məxsus torpaq sahəsindən yol kimi istifadə olunmasına Cavabdeh İspalkom oğlu tərəfindən törədilən maneçiliklərin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-182/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-182/2023
22.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver