Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1823/2024 09.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından 10 sentyabr 2014-cü ildə doğulmuş X3 və 10 aprel 2019-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(075)-1109/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş bir uşaq üçün 125 manat olmaqla iki uşaq üçün cəmi 250 manat alimentin artırılaraq bir uşaq üçün 250 manat olmaqla iki uşaq üçün cəmi 500 manat müəyyən edilməsi, Cavabdeh hər ay bir uşaq üçün 250 manat olmaqla iki uşaq üçün cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq ona-İddiaçı verilməsi, həmçinin 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq ona-İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikahlarını 29 iyul 2009-cu il tarixdə Şəki rayon Qeydiyyat şöbəsində 231 nömrə ilə qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 10 sentyabr 2014-cü il tarixdə X7 və 10 aprel 2019-cu il tarixdə X8 adlı iki övladı anadan olmuşdur. İlk vaxtlar səmimi ailə münasibətlərində yaşasalar da, sonradan ondan asılı olmayan səbəblərdən ailə münasibətləri pozulmuşdur. Şəki Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(075)-97/2021 nömrəli qətnaməsi ilə Cavabdeh ilə onun arasında 29 iyul 2009-cu il tarixdə Şəki rayon Qeydiyyat şöbəsində bağlanmış 231 nömrəli nikah pozulması, birgə nikahdan olan uşaqları – 10 aprel 2019-cu il təvəllüdlü X4 onun himayəsində və yanında saxlanılması, həmçinin 10 sentyabr 2014-cü il təvəllüdlü X3 atası Cavabdeh himayəsindən alınaraq, anası Şamradova (Əhmədova) Könül İlyas qızının himayəsinə verilməsi qət edilmişdir. Daha sonra o, iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh uşaqları 10 sentyabr 2014-cü il təvəllüdlü X3 və 10 aprel 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 200 manat, cəmi 400 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(075)-1109/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 10 sentyabr 2014-cü il təvəllüdlü X7 və 10 aprel 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub Şamradova (Əhmədova) Könül İlyas qızına verilməsi, alimentin tutulmasının əvvəlinin 18 may 2021-ci il tarixdən hesablanması, iddianın qalan hissəsinin təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Keçən bu müddət ərzində ölkədə və dünyada kifayət qədər dəyişikliklər baş vermiş, demək olar ki, hər şeyin qiyməti artmışdır. Azyaşlı övladları-10 sentyabr 2014-cü ildə doğulmuş X3 və 10 aprel 2019-cu ildə doğulmuş X4 da aliment kəsilən dövrə münasibətdə yaşları, dolayısı ilə də xərcləri artmışdır. Belə ki, cavabdehlə birgə nikahdan doğulmuş uşaqlarının təhsili, geyimi, qidalanması əlavə xərclər tələb edir. Cavabdeh həm Azəriqaz İstehsalat birliyində işləməklə, həm də fərdi əməklə məşğul olmaqla kifayət qədər yaxşı qazanca malikdir. Hesab edir ki, cavabdehin uşaqlarının saxlanması üçün daha artıq miqdarda aliment vermək imkanı vardır. Buna görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi X5 aliment məbləğinin artırılması ilə bağlı iddia tələbinə etiraz edərək, iddia tələbini qəbul etmədiklərini və iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişlər. Sübutların tədqiqi: İş materiallarında olan: - 20 sentyabr 2021-ci il tarixli, AZ-İV 651472 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. - 05 yanvar 2015-ci il tarixli, AZ-İİİ 437893 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. - Şəki Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(075)-1109/2021 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 10 sentyabr 2014-cü il təvəllüdlü X7 və 10 aprel 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub Şamradova (Əhmədova) Könül İlyas qızına verilməsi, alimentin tutulmasının əvvəli 18 may 2021-ci il tarixdən hesablanması, iddianın qalan hissəsinin təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. - xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024-01067 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. - 21 aprel 2023-cü il tarixli, AZ-T 052941 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında 09 avqust 2021-ci il tarixdə Şəki Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 558 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Şamradova soyadı verilmişdir. - X14 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli müayinə nəticəsinə dair sənəddən görünür ki, Nərmin Şamradova 8 həftəlik hamilədir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı qərarının 8.7 və 8.13-cü bəndlərində qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinə görə mediasiya prosesinə aşağıdakı xərclər daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. Məhkəmənin mövqeyi: İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını, müəyyənləşdirilmiş aliment məbləğinin uşaqların tələbatının çoxalması və onların tələbatını qarşılamaq üçün təyin olunmuş alimentin məbləğinin az olmasına əsaslanmaqla tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Şəki Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun xeyrinə hər uşaq üçün sabit pul məbləğində 125 manat olmaqla, cəmi 250 manat aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyacının səviyyəsini əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2024cü ildə artırılaraq 235 manat müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 2(075)-1109/2021 saylı, 24 iyun 2021-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini, qeyd edilən məhkəmə qətnaməsinin qəbul edilməsindən 3 ildən çox vaxt keçməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 10 sentyabr 2014-cü ildə təvəllüdlü X3 və 10 aprel 2019-cu ildə təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər bir uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə alimentin məbləğinin hər uşaq üçün 140 manat müəyyən edilməsi zamanı cavabdeh yenidən ailə həyatı qurmasını, Əkbər Şamradlı və Ömər Şamradlıdan başqa bir azyaşlı övladının olmasını, həyat yoldaşının hamilə olmasını, həyat yoldaşının əvvəlki nikahından anadan olmuş iki övladının ananın himayəsində olmasını, həmçinin aylıq əmək haqqını da nəzərə almışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(075)-1109/2021 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləği artırılmalı, Cavabdeh, xx.xx.2014-cü il təvəllüdlü 10 sentyabr 2014-cü ildə təvəllüdlü X3 və 10 aprel 2019-cu ildə təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Cavabdeh 60 manat mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(075)-1109/2021 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləği artırılsın. Cavabdeh, xx.xx.2014-cü il təvəllüdlü 10 sentyabr 2014-cü ildə təvəllüdlü X3 və 10 aprel 2019-cu ildə təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1823/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1823/2024
09.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver