Məhkəmə qərarları › İş №e-2(075)-1839/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1839/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1839/2024 14.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 20200 manat borcun, 115 manat notariat xərcinin və 151.40 manat dövlət rüsumunun müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki sakini Cavabdeh1 ilə aralarında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən tərəfindən Cavabdeh1 20200 manat pul verilmişdir. Cavabdeh1 borc məbləğinin 9200 manatını xx.xx.2022-ci il tarixinədək, qalan 11000 manatı isə xx.xx.2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilədə göstərilən müddət bitdikdən sonra hal-hazıradək cavabdehlər ona olan borclarını qaytarmır, dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq borcu ödəyəcəklərinə vəd verirlər. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, bu danışıqlar heç bir fayda verməmişdir və ona görə də tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh1 onun keçmiş həyat yoldaşıdır. Aralarında olan nikah rəsmi qaydada pozulmasa da, 2021-ci ilin dekabr ayından Tərlanı evdən qovublar. Onun bu borcla bağlı əlaqəsi yoxdur. İddia tələbini qəbul etmir. İddia tələbinin ona aid hissədə təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: İş materiallarında olan: - 05 oktyabr 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Tərln Abdullayevə 20200 manat pul borc verilmişdir. Cavabdeh1 borc məbləğinin 9200 manatını xx.xx.2022-ci il tarixinədək, qalan 11000 manatı isə xx.xx.2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. - 06 fevral 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə borcu 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağını bildirmişdir. - ********** saylı qəbzə əsasən iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün 151 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə görə Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 739-cu maddəsinin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 05 oktyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 20200 manat borc pul vermiş, Cavabdeh1 borc məbləğinin 9200 manatını xx.xx.2022-ci il tarixinədək, qalan 11000 manatı isə xx.xx.2022ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən Cavabdeh1 borc məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Bu səbəbdən də İddiaçı borcun ödənilməsini Cavabdeh1 tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olundu ki, iddiaçı Cavabdeh2 hər hansı məbləğdə borc pul verməmişdir. Buna görə də iddiaçının həmin məbləği Cavabdeh2 da tələb etməkdə haqlı deyil. Məhkəmə, iddia tələbinin 115 manat notariat xərcinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, kredit müqaviləsinin 11-ci bəndinə əsasən müqavilənin notariat qaydada təsdiq edilməsi xərclərini Cavabdeh1 çəkdiyindən həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi pulun tutulması hissəsində təmin edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 151 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 20200 (iyirmi min iki yüz) manat pul və 151 (bir yüz əlli bir manat) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar