Məhkəmə qərarları › İş №e-2(075)-1840/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1840/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1840/2024 05.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş 5320 (beş min üç yüz iyirmi) manat məbləğində maddi zərərin və ödənilmiş 73.20 (yetmiş üç manat iyirmi qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan zaman İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə təqdim edərək bildirmişdir ki, hazırda o məhkəməyə mütəxəssis rəyi təqdim etmişdir və həmin mütəxəssis rəyinin alınması üçün 80 (səksən) manat xidmət haqqı ödəmiş, buna görə də həmin xidmət haqqı Cavabdeh alınaraq ona verilməlidir. Odur ki, iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Ona görə də yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən Cavabdeh tərəfindən vurulmuş 5320 (beş min üç yüz iyirmi) manat məbləğində maddi zərərin, tərəfindən "xxxx" MMC-yə ödənilmiş 80 manat xidmət haqqının, ödənilmiş 73.20 (yetmiş üç manat iyirmi qəpik) manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Cavabdeh alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Şəki şəhərində tikinti materiallarının satışı ilə məşğuldur. Həmçinin bütün inşaat materiallarının satışı mağazalarında olduğu kimi o da mağazada müəyyən tikinti avadanlıqlarının icarəyə də verir. ünvan 1 ünvanında yaşayan Cavabdeh usta kimi tanıyır. Belə ki, Cavabdeh dəfələrlə ona məxsus mağazaya gələrək bir neçə dəfə inşaat materialları almışdır. 10 yanvar 2024cü il tarixdə Cavabdeh mağazaya gələrək 3450 manat dəyəri olan pol yonan aparatı günlük 10 manata icarəyə götürmüşdür. Lakin hal-hazıradək Cavabdeh nə aparatını qaytarmır, nə də ki aparatın icarə haqqını ödəmir. O dəfələrlə Cavabdeh ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq ona məxsus aparatı və icarə haqqını tələb etsə də o hər dəfə müxtəlif bəhanələrlə aldadaraq nə aparatı nədə ki, pulu geri qaytarmır. Artıq bir neçə aydır ki, onun telefonuna zəng çatmır. Hazırda 10 yanvar 2024-cü il tarixdən 14 iyun 2024-cü il tarixinədək cavabdehin gündəlik 10 manat icarə haqqı hesablanmaqla 187 gün x 10 manat = 1870 manat icarə haqqı yığılmışdır. Göründüyü kimi ona məxsus pol yonan aparatı geri qaytarmamaqla və gündəlik icarə haqqını verməməklə 5320 manat maddi ziyan vurmuşdur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri; İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları; Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, o, Şəki şəhərində tikinti materiallarının satışı ilə məşğuldur. Həmçinin mağazada olan müəyyən tikinti avadanlıqlarını icarəyə də verir. Cavabdeh usta kimi tanıyır. Cavabdeh dəfələrlə ona məxsus mağazaya gələrək bir neçə dəfə inşaat materialları almışdır. 10 yanvar 2024-cü il tarixdə Cavabdeh mağazaya gələrək 3450 manat dəyəri olan pol yonan aparatı günlük 10 manata icarəyə götürmüşdür. Lakin hal-hazıradək Cavabdeh nə ona məxsus aparatı qaytarmır, nə də ki aparatın icarə haqqını ödəmir. O, dəfələrlə Cavabdeh ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq ona məxsus aparatı və icarə haqqını tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə aldadaraq nə aparatı nədə ki, pulu geri qaytarmamışdır. Artıq bir neçə aydır ki, onun telefonuna zəng çatmır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, o, Sənanın mağazasında satıcı işləyir. Murad mağazaya yaxınlaşaraq aparat götürmək istədiyini bildirmişdir. Bundan sonra onlar Muradın vəsiqəsini alaraq aparatı günü on manata icarəyə vermişlər. Sonra Sənana dəfələrlə zənglər olunmasına baxmayaraq müxtəlif bəhanələr gətirərərk nə aparatı nə də ki icarə haqqını ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 da digər şahid X2 ifadəsinə uyuğun izahat vermişdir. İşin halları; Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 011/2024 saylı qiymətləndirmə rəyindən görünür ki, təqdim edilmiş taxta döşəmə yonan aparatın xx.xx.2024-cü il tarixə ümumi bazar dəyəri 3450 (üç min dörd yüz əlli) manatdır. xx.xx.2024-cü il tarixdə olan ödəniş qəbzindən görünür ki, döşəmə yonan aparatın qiymətləndirilməsi üçün İddiaçı 80 manat ödəniş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının; 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmənin mövqeyi; Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ərizəsində və izahatında göstərmişdir ki, İddiaçı Şəki şəhərində tikinti materiallarının satışı ilə məşğuldur. Həmçinin mağazada olan müəyyən tikinti avadanlıqlarının icarəyə də verir. Cavabdeh dəfələrlə ona məxsus mağazaya gələrək bir neçə dəfə inşaat materialları almışdır. 10 yanvar 2024-cü il tarixdə Cavabdeh mağazaya gələrək 3450 manat dəyəri olan pol yonan aparatı günlük 10 manata icarəyə götürmüşdür. Lakin hal-hazıradək Cavabdeh nə aparatını qaytarmır, nə də ki aparatın icarə haqqını ödəmir. O, dəfələrlə Cavabdeh ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq ona məxsus aparatı və icarə haqqını tələb etsə də o, hər dəfə müxtəlif bəhanələrlə aldadaraq nə aparatı nə də ki, pulu geri qaytarmır və nəticədə ona maddi zərər vurulduğunu göstərmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir tələb üzrə iddiaçının üzərinə düşür. Beləliklə yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona zərərin (əldən çıxmış fayda və ya real zərərin) dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində əldə edə biləcəyi gəlirlərdən məhrum olmasını sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan əldən çıxmış faydanın və real zərərin nədən ibarət olmasını, daha əvvəllər də adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlərinin olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun və sahiblik etdiyi ticarət obyektinin işçilərinin izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının və şahidlərin izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı tələb etdiyi iddianı sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə iddianın təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Şərh edilənlərə əsasən, İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən vurulmuş 5320 (beş min üç yüz iyirmi) manat məbləğində maddi zərərin, tərəfindən "xxxx" MMC-yə ödənilmiş 80 manat xidmət haqqının, ödənilmiş 73.20 (yetmiş üç manat iyirmi qəpik) manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun Cavabdeh müştərək qaydada alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən vurulmuş 5320 (beş min üç yüz iyirmi) manat məbləğində maddi zərərin, tərəfindən "xxxx" MMC-yə ödənilmiş 80 manat xidmət haqqının, ödənilmiş 73.20 (yetmiş üç manat iyirmi qəpik) manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Cavabdeh alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar