Məhkəmə qərarları › İş №e-2(075)-1845/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1845/2025

03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1845/2025 03.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5800 manat borc verilmiş pulun və ödənilmiş 78 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2021-ci ildə tanış olaraq münasibətləri yaranmış və 2024-cü ilin 19 yanvar ayınadək qeyri-rəsmi ailə həyatı yaşamışlar. Həmin dövrdə cavabdeh ondan hissə-hissə 5800 manat borc almışdır. Hər dəfə pul alarkən tez bir zamanda qaytaracağını vəd vermişdir. Cavadeh ondan hər dəfə pul alarkən ehtiyacı olduğunu bildirərək yalvar-yaxar etmişdir. Ona inandığı və yazığı gəldiyi üçün borc pul vermişdir. Lakin dəfələrlə ondan borc verdiyi pulu tələb etsə də, xəbərdarlıqlar etsə də, heç bir nəticəsi olmamışdır. Bununla bağlı “WhatsApp” yazışmaları da mövcuddur. Cavabdeh hər dəfə yaxın günlərdə borcu tam bağlayacağını bildirir, lakin müxtəlif bəhanələrlə borcun ödənilməsindən yayınmışdır. Göründüyü kimi cavabdeh ona məxsus əmlakı əsassız olaraq mənimsəmiş və qaytarmır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı Cavabdeh izaht verərək bildirdi ki, iddiaçı ilə ər-arvad kimi bir yerdə yaşamışlar. Birgə yaşadıqları dövrdə evin xərclərini o da ödəmişdir, qazandığı pulları iddiaçıya vermişdir, onlar birgə təsərrüfat aparmışlar. Sonradan iddiaçının evin ümumi pulundan ona pul verməsi borc kimi qəbul edilməməlidir. İddiaçı həqiqətən də, onun üçün Azpulmanat dan 200 manat məbləğinfə kredit götürmüşdür. Həmin kreditin ödənişində gecikmə olduğuna görə 274 manata qalxmışdı, həmin borc üzrə 45 manat ödəniş etmişdir, əlavə özünə lazım olduğu üçün iddiaçıdan bir dəfə 100 manat, daha sonra 60 manat borc almışdır. İddiaçının qalan tələb etdiyi məbləğləri qəbul etmir, iddiaçı ona həmin məbləğdə borc pul verməmişdir. O, iddiaçıya kreditlə mobil telefon almış, lakin işsiz olduğuna görə telefonun kreditini ödəyə bilməmişdir. O, yazışmalarda yalnız Azpulmanat dan götürülmüş borcu ödəyəciyini bildirmişdir. Bundan başqa cavabdeh bildirmişdir ki, Vətən müharibəsinin iştirakçısı olduğu üçün oan dövlət tərəfindən maddi dəstək göstərilmişdir. İddiaçı ilə birlikdə yaşadıqları dövrdə o, şirniyyatların paylanılması işi ilə məşğul olmuşdur, dolanışıqları normal olmuş, bəzi hallarda bir dəfəlik satışdan 700-800 manat pul əldə etmiş, lakin rəsmi maaş almamışdır. 2023-cü ilin mart ayında dövlət tərəfindən ona verilmiş avtomobilin üzərinə həbs qoyulmuş, onun sürücülük hüququ məhdudlaşdırılmışdır. Buna səbəb həmin vaxt avtomobili dostunun idarə etməsi, onun yol hərəkəti qaydalarını pozduğu üçün cərimə edilməsi olmuşdur. O, avtomobilinə tətbiq edilmiş cərimələri ödəmək üçün kredit götürmüş, lakin işləri alınmadığı üçün kredit borcunu ödəyə bilməmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, o, iddiaçı ilə birlikdə ailə kimi yaşadıqları üçün, iddiaçı ona qulluq etdiyi üçün ona pul verəcəyini bildirmiş, yazışmalardakı yazdıqlarının məqsədi bundan ibarət olmuşdur, lakin borcunun olduğunu qəbul etməmişdir. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh faktiki ər-arvad münasibətlərində yaşamışlar. İddiaçının məhkəməyə təqdim etdiyi yazışmaların onların arasında baş verməsini cavabdeh inkar etmir. İddiaçı tələb etdiyi pulları cavabdehə borc olaraq verdiyini iddia edir, lakin cavabdeh isə ondan hər hansı məbləğdə borc almadığını bildirir. İddiaçının məhkəməyə təqdim etdiyi yazışmaların mətnindən görünür ki, iddiaçı xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdəki mesajda “Nicat adlı şəxs üçün 900 manat, Nurlan adlı şəxs üçün 200 manat, Ağcabədi rayonundan olan şəxs üçün 300 manat, bank üçün 400 manat, ayrı-ayrılıqda bank üçün iki dəfə 100 manat (cəmi 200 manat), Nicat adlı şəxsin yasından sonra onun atasının müalicəsi üçün 200 manat, dəmir almaq üçün 500 manat, iddiaçının uşağının karate dərsi üçün 400 manat, uşağının müəlliminə görə olan puldan 150 manat, su borcuna görə saxladığı 170 manatı, qazdan istifadəyə görə olan borcu ödəmək üçün saxladığı 600 manatı, azpulmanat dan aldığı 200 manatı, Yeganə adlı müəllimə üçün olan 830 manatı cavabdehə verdiyini bildirir. Cavabdeh iddiaçıya ünvanladığı 2024-cü ilin mart ayında yazdığı mesajda aşağıdakılar qeyd edilmişdir: “...mart ayında işə gedəcəyəm, bu ilin may ayından maaşımı alan kimi göndərəcəm sənə çatası pulu narahat olma, mən heç kəsin pulunu yeməmişəm, həmçinin sənin də. Qaldıda ki, almışam, yemişəm, hamısını da bir-bir qaytarmışam və qaytarıram da..” İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli audio disk tədqiq edilən zaman cavabdeh aşağıdakı fikirlərini bildirmişdir: “borcum var, söz vermişəm ödəyəcəyəm, borcumu qaytaracağam”. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki şəhər rayon polis şöbəsinin xx.xx.2025-ci il tarixli 3-13-109/2-R-2385714/2025 saylı məktubundan görünür ki, İddiaçı müraciətinin həllinin daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığı üçün mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmənin mövqeyi; Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh bir müddət qeyri-rəsmi nikah münasibətində yaşamışlar. Cavabdehin özünün verdiyi izahatından bəlli olur ki, iddiaçı ilə yaşadıqları dövrdə maddi sıxıntıları olmuş, borcları ödəməkdə çətinlikləri yaranmışdır. Bu hal iddiaçının ona borc vermiş olması nəticəsinə gəlmək üçün zəmin yaradır. İş materiallarından, o cümlədən iddiaçının izahatı, təqdim etdiyi elektron yazışmalardan (WhatsApp yazışmalarından) və səs yazısından görünür ki, cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan borc pul istəmiş və onun etibarından istifadə edərək ondan pul vəsaiti almışdır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh iddiaçıdan aldığı pulu qaytarmamışdır. Cavabdeh iddiaçıya yalnız 400 manat civarında borcunun olduğunu bildirmişdir. Yazışmaların və audio diskdəki səs yazısının məzmunundan görünür ki, cavabdeh iddiaçıdan borc aldığı məbləğlər barədə məlumatlı olmuş, bir neçə dəfə “qısa zamanda qaytaracağı”nı bildirmiş, iddiaçıya hər hansı etirazını bəyan etməmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş iş materialları qiymətləndirildikdə, borc münasibətinin faktiki mövcudluğunu təsdiq edilir. İddiaçı, cavabdehə borcun verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfindən cavabdehə mövcud olduğu təqdirdə sübutları təqdim etməsi təklif edilmiş, lakin cavabdeh hər hansı sübut təqdim etməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5800 (beş min səkkiz yüz) manat məbləğində pul vəsaiti və 78 (yetmiş səkkiz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 5800 (beş min səkkiz yüz) manat məbləğində pul vəsaiti və 78 (yetmiş səkkiz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar