Məhkəmə qərarları › İş №e-2(075)-185/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-185/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-185/2025 21.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Şəki rayonu Baş Göynük kəndində qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 11500 (on bir min beş yüz) AZN məbləğində pulun və ödənilmiş 124,5 (bir yüz iyirmi dörd manat 50 qəpik) AZN məbləğindəki dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, qonşusu və məktəbdə iş yoldaşı olan X4 ev almaq üçün pula ehtiyac olduğunu və buna görə bankdan öz adına kredit alaraq ona verməyini xahiş etmişdir. Nəticədə 2015-ci ildə Kapital Bank ASC-nin Nizami filialından 5500 manat kredit və eyni zamanda Beynəlxalq Bankdan 5000 manat kredit götürərək X3 vermişdir. Hər ay həmin kredit məbləğini özü ödəməyi öhdəsinə götürmüşdür. Lakin krediti götürüb verdikdən bir müddət sonra X4 rəhmətə getmişdir. Ailə üzvülərinin məlumatı olduğu üçün kredit məbləğinin az hissəsini ödəmişdirlər. Nəticədə borc məbləği faiz və cərimə məbləği ilə 11500 manata çatmışdır. Bu barədə bir neçə dəfə Polis şöbəsinə müraciət etsə də nəticəsi olmamış və məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Halhazırda mərhumun hüquqi varisləri borcu qaytarmaq istəmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə etdiyi bank sənədlərindən göründüyü kimi, tərəfindən hər iki bankdan kredit götürülmüşdür. Cavabdeh şəxslərin Polis şöbəsində verdikləri izahatlardan göründüyü kimi onlar onun götürdüyü kredit məbləğlərinin X3 çatmasını etiraf etmişlər. Onlar izahatında qeyd etmişlər ki, X3 verilən pul məbləğinin onlara aid olan hissəsini hissə-hissə banka ödəmişlər. O zaman belə bir sual yaranır. Əgər o, götürdüyü kredit məbləğini X3 verməmişdirsə nə üçün o rəhmətə gedəndən sonra onun hüquqi varisləri – həyat yoldaşı və oğlu banka kredit pulu ödəmişlər ? Bu hal bir daha sübut edir ki, onun banklardan götürdüyü pullara görə banka olan 11500 manat pulu ona qaytarmağa borcludurlar. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən qəbul edilmiş 30 mart 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Ədhəm oğlunun müraciəti əsasında Şəki ŞRPŞ-də toplanmış xx.xx.2021-ci il tarixli HK-1/319 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı Ədhəm oğluna göndərilməklə qərardan narazı olduğu halda prokurora, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququ izah edilmişdir. - Cavabdeh1 Şəki ŞRPŞ-də verdiyi izahatında qeyd edilmişdir ki, İddiaçı mərhum həyat yoldaşı X4 ilə Bakı şəhəri "xxxx"ın 1 saylı Nizami filialından kredit pulu götürmələri barədə sonradan xəbəri olmuşdur. Həmçinin mərhum həyat yoldaşının ölüm pulundan 290 manat pul tutularaq İddiaçı kredit hesabına köçürülmüşdür. Bundan sonra o, hər ay 73 manat öz pulunu İddiaçı kredit hesabına kreditin bölünməsi ilə əlaqədar köçürmüşdür. Lakin, hal-hazırda onların həm həndlisi İddiaçı və ya "xxxx"a hər hansı kredit borcu yoxdur. Oğlu Cavabdeh2 kredit götürülən vaxtı orada iştirak etməmişdir, buna görə də həm kəndlisi İddiaçı oğlunun onun əlindən 1500 manat pulunu alması barədə dedikləri şərdir. - Cavabdeh2 Şəki ŞRPŞ-də verdiyi izahatında qeyd edilmişdir ki, İddiaçı mərhum arası X4 ilə Bakı şəhəri "xxxx"ın 1 saylı Nizami filialından kredit pulu götürmələri barədə sonradan xəbəri olmuşdur. Həmçinin mərhum atasının ölüm pulundan 290 manat pul tutularaq İddiaçı kredit hesabına köçürülmüşdür. Bundan sonra anası hər ay 73 manat öz pulunu İddiaçı kredit hesabına kreditin bölünməsi ilə əlaqədar köçürmüşdür. Lakin, halhazırda onların həm həndlisi İddiaçı və ya "xxxx"a hər hansı kredit borcu yoxdur. O,kredit götürülən vaxtı orada iştirak etməmişdir, buna görə də həm kəndlisi İddiaçı onun əlindən 1500 manat pulunu alması barədə dedikləri şərdir. - "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin X1 Nizami Ədhəm oğlunun bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 25 iyul 2014-cü il tarixli 165-25.07.20**-YM-*** nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı 60 ay müddətinə 4500 manat məbləğində kredit verilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, İddiaçı kredit üzrə bir sıra ödənişlər həyata keçirmişdir. - “Aqrar Kredit SKT” Şəki filialı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı kredit üzrə bir sıra ödənişlər həyata keçirmişdir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 124,60 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" ASC-dən 5500 manat, "xxxx" ASC-dən isə 4500 manat məbləğində kredit götürmüşdür. İddiaçı bildirir ki, "xxxx" ASC-dən götürdüyü kreditin 1500 manatını Cavabdeh2 vermiş, "xxxx" ASC-dən aldığı krediti tam, "xxxx" ASC-dən aldığı kreditin isə qalan hissəsini mərhum X3 vermişdir. Cavabdeh Rəsul Cabbarov iddiaçı tərəfindən ona 1500 manat pul verilməsini qəbul etmir. Mərhum atasına pul verilməsinə münasibətdə isə bildirir ki, atası ilə iddiaçı arasında olan razılaşmaya əsasən kreditin müəyyən hissəsini atası götürmüşdür. Ancaq məbləğin nə qədər olmasını bilmir. Onlar tərəfindən ödənişlər də həyata keçirilmişdir. Hal-hazırda iddiaçıya hər hansı borcları mövcud deyil. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə, ilk öncə iddiaçı tərəfindən cavabdehə 1500 manat pulun verilməsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən bu iddianı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmiş, bu hal iddiaçı tərəfindən təkzib olunmuşdur. Belə olan halda iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ilə mərhum X4 arasında borc münasibətlərinin olması öz təsdiqini tapır. Lakin borcun hansı məbləğdə olması müəyyən edilmədiyi kimi, iddiaçının hazırkı cavabdehlərdən pul tələb etmək üçün subyektiv hüququnun olub-olmaması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. İddiaçının hazırkı cavabdehlərə qarşı iddia qaldırmasını digər əsası cavabdehlərin mərhum X2 vərəsələri olması ilə bağlıdır. Lakin iddiaçı tərəfindən bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının subyektiv hüququ olmuş olsa belə Cavabdeh2 tərəfindən tərəfindən ödəniş qəbzləri təqdim olunmuşdur ki, iddiaçı həmin məbləğlərdən daha artıq pul verməsini təsdiq edən sübut təqdim etməmişdir. Beləliklə məhkəmə, iddiaçı tərəfindən iddia tələbini təmin olunması üçün əsas ola biləcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamasını əsas götürərək və iddia tələbinin sübutetmə vəzifəsinin iddiaçının vəzifəsi olduğu barədə mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddiası təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

Nəticə hissəsi:

Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar