Məhkəmə qərarları › İş №e-2(075)-1891/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1891/2022

22.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1891/2022 22.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Şəki Regional Cavabdeh2ndə Notariat ofisinə qarşı dəymiş maddi, mənəvi zərərin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Şəki Regional Cavabdeh2ndə Notariat ofisindən 22320 manat məbləğində dəymiş maddi ziyanın, 10000 manat məbləğində mənəvi ziyanın, 57838,56 manat məbləğində əldən çıxmış faydanın və dövlət rüsumu üçün ödədiyi 361 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Şəki rayonu Turan qəsəbəsi ərazisində yerləşən 7,44 hektar torpaq sahəsi İddiaçı və onun ailə üzvləri olan Bayramova (Məmmədova) Qəşəng Nəriman qızının və X1 ümumi mülkiyyətlərinə verilmiş, onların həmin torpaq sahəsi üzərindəki mülkiyyət hüquqları Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş JN 0055 nömrəli kod: 40401027 nömrəli dövlət aktı ilə dövlət qeydiyyatına alınmışdır. O, bir müddət ailəsini dolandırmaq məqsədi ilə Rusiya Federasiyasına getmiş və orada yaşamışdır. Azərbaycana qayıtdıqdan sonra ona məlum olmuşdur ki, mülkiyyətində olan həmin torpaq sahəsi tanımadığı başqa bir şəxsə, yəni Cavabdeh1 satılmışdır. Belə ki, 13 dekabr 2005-ci il tarixdə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunun Dövlət Notariusu mülkiyyətində olan Şəki rayonu Turan qəsəbəsi ərazisində yerləşən 7,44 hektar torpaq sahəsinin 7,0 hektardan ibarət hissəsinin Cavabdeh1 satılması haqqında qanunsuz olaraq 13 dekabr 2005-ci il tarixli 4Ə-484 reyestr nömrəli alqı-satqı müqaviləsini təsdiq etmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli, 2(075)-223/2017 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, Şəki rayon Torpaq Şöbəsinin 03 mart 1999-cu il tarixli, JN 0055 nömrəli, kod 40401027 nömrəli dövlət aktına əsasən İddiaçı, müstəqil tələb irəli sürən İİİ şəxslər X2 və X3 məxsus olan Şəki rayonu Turan gəsəbəsi ərazisində cizgidə göstərilən sərhəd daxilində yerləşən 7,44 hektar torpaq sahəsinin 7,0 hektardan ibarət hissəsinin Cavabdeh1 satılması ilə əlagədar Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 13 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. 20 sentyabr 2021-ci il tarixdə ümumi birgə mülkiyyətində olan Şəki rayonu Turan qəsdəbəsində yerləşən 7,44 hektar torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmiş, lakin DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 19 oktyabr 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, 7,009 hektar olan kontur özgəninkişləşdirilərək digər mülkiyyətçinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onlar mülkiyyətlərində olan torpaq sahəsindən məhrum olmuş, nəticədə onlara maddi və mənəvi ziyan dəymişdir. Eyni zamanda, 2005-ci ildən 2022-ci ilədək onlar cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində həmin torpaq sahəsindən istifadə edə bilməmiş və bu dövrlər ərzində gəlir, fayda əldə edə bilməmişlər. "xxxx" MMC-nin 11 aprel 2022-ci il tarixli ƏEK/A29-280/22 nömrəli ekspert rəyinə əsasən İddiaçı, X5 və X1 ümumi mülkiyyətində olan JN 0055 kod: 40401027 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeydiyyata alınmış Şəki rayonu Turan qəsəbəsi ərazisində yerləşən 7,44 hektar torpaq sahəsinin 11 aprel 2022-ci il tarixinə bazar dəyəri 22320 manat təşkil edir. Həmin ekspert rəyinə əsasən İddiaçı, X5 və X4 ümumi mülkiyyətində olan Şəki rayonu Turan qəsəbəsi ərazisində yerləşən 7,44 hektar torpaq sahəsindən istifadə edə bilmədikləri nəticəsində 2005-ci ildən 2022-ci ilədək əldən çıxmış faydanın dəyəri 1 hektar üzrə 7774 manat, 7,44 hektar üzrə 57838,56 manat təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini, ona dəymiş maddi, mənəvi ziyananın və əldən çıxmış faydanın cavabdehlərdən alınaraq ona verilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Şəki Regional Cavabdeh2ndə Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, 2005-2007-ci illərdə 870 ha torpaq sahəsi onun və həyat yoldaşının adına rəsmiləşdirilməklə alınmışdır. Lakin onların adına olsada faktiki olaraq torpaq sahələri üçüncü şəxslərin olmuşdur. Mübahisələndirilən torpaq sahəsi hal-hazırdada onun mülkiyətində və istifadəsində deyil. İddiaçı torpaq sahəsini könüllü olaraq satıb və pulunu da alıb. Çünki, həmin vaxt onun adamları torpaqların mülkiyətçiləri ilə razılaşdıqdan sonra ona xəbər edirdilər, o, da bir dəfəyə gəlib müqavilələri bağlayıb pullarını ödəyibdir. Torpaq sahəsi indi onun ya mülkiyətində deyil ya da istifadəsində. Olsaydı torpağı qaytarardı. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli, 2(075)-223/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası təmin edilərək, Şəki rayon Torpaq Şöbəsinin 03 mart 1999-cu il tarixli, JN 0055 nömrəli, kod 40401027 nömrəli dövlət aktına əsasən İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X2 və X3 məxsus olan Şəki rayonu, Turan qəsəbəsi ərazisində cizgidə göstərilən sərhəd daxilində yerləşən 7,44 hektar torpaq sahəsinin 7 hektardan ibarət hissəsinin Cavabdeh1 satılması ilə əlaqədar Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 13 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı, X6 və X1 adlarına ümumi birgə mülkiyətində olan Şəki rayonu, Turan qəsəbəsində yerləşən 7,009 ha torpaq sahəsi özgəninkiləşdirilərək digər mülkiyətçinin adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 11 aprel 2022-ci il tarixli, ƏEM/A 29- 280/22 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı, X6 və X1 ümumi mülkiyyətində olan JN 0055 nömrəli, kod 40401027 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən qeydiyyata alınmış Şəki rayonu, Turan qəsəbəsi ərazisində yerləşən 7,44 hektar torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində 2005-ci ildən 01 aprel 2022-ci il tarixədək əldən çıxmış fayda 1 hektar üzrə 7774 manat olmaqla, 7,44 hektar üzrə 57838,56 manat təşkil edir. Eyni zamanda həmin torpaq sahəsinin 11 aprel 2022-ci il tarixə olan bazar dəyəri 22320 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 saylı qərarına əsasən İddiaçı və onun ailə üzvlərinə Şəki rayonu, Turan qəsəbəsi ərazisindən 7,44 hektar torpaq sahəsi ayrılmış, bununla bağlı onlara Şəki rayon Torpaq Şöbəsinin 03 mart 1999-cu il tarixli, JN 0055 nömrəli, kod 40401027 nömrəli dövlət aktı verilmişdir. İddiaçının və ailə üzvlərinin iradəsinə zidd olaraq sözügedən torpaq sahəsinin 7 hektar hissəsi Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 13 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satılmış və Şəki Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli, 2(075)-223/2017 saylı qətnaməsi ilə həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi məhkəmə qətnaməsi əsasında eribarsız hesab edilsə də və tərəflərə münasibətdə torpaq sahəsi ilə bağlı əvvəlki vəziyət bərpa olunsada iddiaçı əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, göründüyü kimi, hazırki iddiaya münasibətdə tərəflərin arasında bağlanmış alqı-satqı müqaviləsi məhkəmənin qətnaməsi ilə etibarsız hesab olunmuşdur. Bu isə tərəflərə münasibətdə torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmasının göstəricisidir. Artıq müqavilə etibarsız hesab olunduğundan Cavabdeh1 və Şəki Regional Cavabdeh2ndə Notariat ofisi hazırki iddia üzrə tələbə cavab verməli olan şəxslər deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olmaqla təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyaaraşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddiaçi İddiaçı cavabdehlər Cavabdeh1 və Şəki Regional Cavabdeh2ndə Notariat ofisinə qarşı dəymiş maddi, mənəvi zərərin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Şəki Regional Cavabdeh2ndə Notariat ofisinə qarşı dəymiş maddi, mənəvi zərərin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar