Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1899/2024 17.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Timurçin (Yusifova) Sidiqə Rəcəb qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Timurçin (Yusifova) Sidiqə Rəcəb qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşağı xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödənilməli olan alimentin miqdarının artırılaraq hər ay üçün 300 manat alimentin xeyrinə tutulması və mediasiya üçün ödədiyi 60 manat mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(015)-653/2021 saylı qətnaməsi ilə Ağstafa Rayon Məhkəməsinin 2(015)- 101/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsində müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh bir uşaq üçün 130 manat məbləğində alimentin tutularaq ona-X4 (Yusifovaya) verilməsi qət edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-3479/2021 saylı Qətnaməsi ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışıdr. Cavabdehlə aralarında bağlanmış nikah Ağstafa Rayon Məhkəməsinin 2(015)-101/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə pozulmuş, onların birgə nikahdan olan uşağı xx.xx.2010-cu il təvəllüdlü X5 onun himayəsində saxlanılmışdır. O, aliment miqdarının hazırki yaşayış minimumu səviyyəsinə çatdırılması və uşağının daha yaxşı yaşayışını təmin etmək üçün cavabdehə müraciət edərək aliment miqdarının artırılmasını xahiş etmiş və bununla əlaqədar Şəki 1 saylı Mediasiya Təşkilatına 60 manat mediasiya xərci ödəyərək müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş mediasiya prosesində alimentin artırılması barədə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Bildirmək istəyir ki, 130 manat aliment məbləği indiki zamana görə çox azdır, uşağa baxmaq üçün kifayət etmir. Günü-gündən övladının təlabatı artır. Belə ki, uşaq normal qaydada yeməli, müalicə olunmalı, ona palpaltar alınmalı, təhsili və uşağın dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. O bir valideyin kimi istəyir ki, onun uşağı da yaxşı oxusun, keyfiyyətli təhsil alsın, normal həyat tərzi sürsün. Uşağın qayğısına qalmaq, təlim-tərbiyəsi ilə məşğul olmaq, uşağa baxmaq valideynlərin borcudur. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Bildirmək istəyir ki, cavabdeh rəsmi olaraq hərbiçi işləyir, bundan əlavə onun anasının adına olan və qazancı özünün olan mağazası da vardır. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Belə ki, Sidiqə Timurçinlə birgə yaşayışdan xx.xx.2010-cu il tarixdə Aysun adlı qızı olmuşdur. Ailə münasibətləri pozulduğu üçün boşanma ərizəsi əsasında Ağstafa Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(015)-532/2012 saylı qətnaməsi ilə nikahları ləğv edilmişdir. Bundan sonra uşaq anası tərəfindən saxlanılmışdır. Hazırkı dövrədək hər ay sabit məbləğdə aliment (ilk dövrdə 70 manat, sonra 103 manat, hazırda 130 manat) uşağın saxlanılması uçun Sidiqə Tımurçinə ödəmişdir. 2013-cü ildə Ağstafa rayon Dağkəsəmən kənd sakini Mansırova (Keçəlməmmədova) Lalə Famil qızı ilə ailə qurmuş, onunla rəsmi nikahdan xx.xx.2014-cü il təvəllüdlü Əsmər və xx.xx.2016-cı il təvəllüdlü Renat adlı övladları var. Həyat yoldaşı hazırda işləmir. Ailə həyatı qurduğu vaxtlardan 2019-cu ilədək xırda ticarətlə məşğul olsa da (qeyri müntəzəm dəyişən gəlirli), sonuncu vaxtdan N nömrəli hərbi hissənin Ağstafa rayonunda yerləşən bölməsində mülki işçi qismində çalışır. Hazırda ştat üzrə vəzifə maaşı 555 manat olsa da, bu məbləğdən tutulmalar çıxıldıqdan sonra 287 manat 28 qəpik əmək haqqı alır. (əsas: N nömrəli hərbi hissənin N nömrəli xx.xx.2024-cü il tarixli arayışı) İşi ilə əlaqədar qazanc əldə etmək məqsədilə başqa fəaliyyətlə məşğul olması mümkünsüzdür.Buna görə iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Ağstafa Rayon Qeydiyyat Şöbəsi tərəfindən 21 dekabr 2010-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 08 fevral 2010-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası isə Timurçin (Yusifova) Sidiqə Rəcəb qızıdır. - 23 yanvar 2013-cü il tarixli, AZ-İ 150423 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında bağlanmış nikahın pozulması akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. - Gəncə Apellyasiya 30 sentyabr 2021-ci il tarixli 2(104)-3479/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Timurçin (Yusifova) Sidiqə Rəcəb qızının Cavabdeh qarşı iddia tələbi Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-3479/2021 saylı qətnaməsi ilə qismən təmin edilmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(015)-101/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq hər ay Cavabdeh bir uşaq üçün 130 manat məbləğində alimentin tutularaq X4 (Yusifovaya) verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmiş, qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissənin N nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X7 aylıq vəzifə maaşı 555 manatdır. Həmin məbləğdən 73.01 manat gəlir vrgisi, 21.65 manat DSMF, 14.43 manat tibbi sığorta, 3.61 manat işsizlikdən sığorta, 130 manat aliment və 191.52 manat kredit tutulduqdan sonra ona 287.28 manat əmək haqqı ödənilir. - xx.xx.2014-cü il tarixli AZ-İ 908047 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. - 24 iyul 2024-cü il tarixli, MŞŞ/MT018/2024-01200 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, iddiaçı Timurçin (Yusifova) Sidiqə Rəcəb qızı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı qərarının 8.7 və 8.13-cü bəndlərində qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinə görə mediasiya prosesinə aşağıdakı xərclər daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. Məhkəmənin mövqeyi: İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğinin uşağın tələbatının çoxalması və cavabdehin həm əmək haqqı almasına əsaslanmaqla tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(015)-653/2021 saylı qətnaməsi ilə onun xeyrinə 130 manat aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyacının səviyyəsini əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü il üçün isə 235 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, Timurçin (Yusifova) Sidiqə Rəcəb qızının Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(015)-653/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini, qeyd edilən məhkəmə qətnaməsinin qəbul edilməsindən 4 ildən çox vaxt keçməsini, ailə qanunvericiliyinə əsasən uşağı saxlamağın hər iki valideynin vəzifəsi olmasını, iddiaçının da işləməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 08 fevral 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Timurçin (Yusifova) Sidiqə Rəcəb qızının xeyrinə tutulan alimentin miqdarı artırılaraq 160 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə alimentin məbləğinin 160 manat müəyyən edilməsi zamanı cavabdeh yenidən ailə həyatı qurmasını, Cavabdeh başqa iki azyaşlı övladının olmasını, həmçinin aylıq əmək haqqını da nəzərə almışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(015)-653/2021 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləği artırılmalı, Cavabdeh 08 fevral 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 (bir yüz altmış) manat aliment tutularaq iddiaçı Timurçin (Yusifova) Sidiqə Rəcəb qızına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Cavabdeh 60 manat mediasiya xərci tutularaq iddiaçı Timurçin (Yusifova) Sidiqə Rəcəb qızına ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(015)-653/2021 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləği artırılsın. Cavabdeh 08 fevral 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 (bir yüz altmış) manat aliment tutularaq iddiaçı Timurçin (Yusifova) Sidiqə Rəcəb qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh ödənilmiş 60 (altmış) manat mediasiya xərci tutularaq iddiaçı Timurçin (Yusifova) Sidiqə Rəcəb qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1899/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1899/2024
17.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver