Məhkəmə qərarları › İş №e-2(075)-1924/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1924/2022

25.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1924/2022 25.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2(075)-1060/2020 saylı qətnaməsinə əsasən 10 yanvar 2006-cı il təvəllüdlü X4 və 23 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün ona ödənilən 120 manat alimentin miqdarının 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununda uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğindən az olmamaq şərti ilə hər uşağa 193 manat olmaqla, cəmi 386 manat məbləğində artırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 12 avqust 2020ci il tarixli, 2(075)-1060/2020 saylı qətnaməsinə əsasən 10 yanvar 2006-cı il təvəllüdlü X4 və 23 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən həmin aliment məbləği hazırkı şəraitdə uşaqların təlabatı olan ərzaq, qeyri-ərzaq malları ilə təmin olunmasına, habelə məktəb ləvazımatları, məktəblilər üçün müəyyən olunmuş geyim formalarının alınması təlabatını ödəmir. Bundan başqa, 24 mart 2021-ci il tarixdə keçmiş qayınanası X1 vəfat etdikdən sonra, yəni 05 sentyabr 2021-ci il tarixdən etibarən cavabdeh onu ünvan 1 ünvanda yerləşən evdən qovduğu üçün həmin tarixdən etibarən kirayə evdə yaşayır ki, bununla da dolanışıq səviyyəsi aşağı düşmüşdür. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, 05 sentyabr 2021-ci il tarixdən etibarən cavabdeh onu ünvan 1 ünvanda yerləşən evdən qovduğu üçün həmin tarixdən etibarən kirayə evdə yaşayır. Uşaqların təhsil ödənişlərini tək başına ödəyə bilmir. Anası yaşlıdır və onun ailəsinə baxa bilmir. Cavabdeh özü toy aparıcısıdır. Bugün onun məhkəməyə gəlməməsi uşaqlarına qarşı olan məsuliyyətsizliyidir. Oğlu bir il yarım əsgərlik etmişdir və atası bir dəfə olsun onu görməyə getməmişdir. Uşaqlar günü-gündən böyüyür və belə olan halda xərcləri də artır. Cavabdehin isə sayılıb-seçilən toy aparıcısıd, maddi vəziyyəti yaxşıdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1 iddianı müdafiə etdiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, iddiaçı Rövşənlə birgə nikahda olan dövrdə Şəfəq xanımın atasının ona Bakıda aldığı evi vardır. Həmin evi kirayə verir və ondan qazanc mənbəyi kimi istifadə edir. Son bir il ərzində villa tipli yeni ev almışdır. Bu məsələlərdə onun adına evin olduğu aşkar olunmaması üçün evi öz adına keçirməmişdir. Kirayədə qalmır. Atası yaşadığı zamanlar, hal-hazırda onun yaşadığı evdən çıxıb könüllü olaraq atasının yanına getmişdir. Rövşənlə rəsmi nikahda olduğu 15 il ərzində ailəsi ilə səmimi münasibətləri olmamışdır. Son dövrlərdə, o, Rövşəni övladları ilə görüməyə qoymamış, böyük övladı atası ilə həmişə təhqirlə danışmış, ikinci övladə isə onunla bir iki dəfə gizlicə görümüşdür. Uğur atası ilə dəfələrlə musiqi məktəbində təhsil alarkən gizli görüşmüş və hər dəfə anasının bunu bilməməsini demişdir. Hətta musiqi məktəbinin müəllimləri və direktoru Şəfəq xanımıa övladlarıyla atalarının arasına səd çəkməsin deyə məsləhət vermişlər. Buna baxmayaraq iddiaçı atası ilə görüşməyi Uğura qadağan etmişdir. Şəfəq xanımı heş kim evdən qovmamışdır, hətta, o bir-iki dəfə özünə məxsus əşyaları gəlib aparmışdır. Onların ailəsi ünvanlı sosial yardım alır və ailələrinin gəliri yalnız onun əmək haqqısıdır. Alimentin qismən artırılmasına razıdır. Belə ki, hər uşağa görə 15 manat olmaqla, cəmi 30 manat artırılmasına etiraz etmir. Bütün bunları nəzərə alaraq qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müyyən oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 23 iyun 2002-ci il tarixdə X5, 10 yanvar 2006-cı il tarixdə X4 və 23 noyabr 2012-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)-604/2017 saylı, 13 fevral 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş 23 iyun 2002-ci il təvəllüdlü X5, 10 yanvar 2006-cı il təvəllüdlü X4 və 23 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində aliment təyin edilmişdir. 23 iyun 2002-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatmışdır. Şəki Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2(075)-1060/2020 saylı qətnaməsinə əsasən 10 yanvar 2006-cı il təvəllüdlü X4 və 23 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı, təyin olunmuş aliment məbləğinin uşaqların təlabatını ödəmək və məktəb ləvazımatları alınması üçün kifayət etmədiyini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə hər uşağa görə 15 manat olmaqla, cəmi 30 manat alimentin artırılmasına razıdır, qalan hissədə iddianı qəbul etmir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(107)-1903/2020 saylı qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2(075)-1060/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 10 yanvar 2006-cı il təvəllüdlü X4 və 23 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat alimentin alınaraq İddiaçı verilməsi qət edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. 15 iyul 2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və sair tələbləri barədə ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. 04 avqust 2022-ci il tarixli arayışdan görünür ki, X4 və X6 “Kreativ Düşüncə” Gənclərin İnkişafına dəstək İB-nin nəzdində fəaliyyət göstərən “X7”də təşkil olunan kurslarda təhsil alırlar. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2(075)-1060/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılmaları üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 10 yanvar 2006-cı il təvəllüdlü X4 və 23 noyabr 2012ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 10 yanvar 2006-cı il təvəllüdlü X4 və 23 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2(075)-1060/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat olmaqla, 280 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3.-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 10 yanvar 2006-cı il təvəllüdlü X4 və 23 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat olmaqla, 280 manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar