Məhkəmə qərarları › İş №e-2(075)-1936/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1936/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1936/2025 03.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" QSC BOKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Misir qızından və Cavabdeh1 Əliş qızından müştərək qaydada 816,84 (səkkiz yüz on altı manat, səksən dörd qəpik) manat əsas borc, 2,16 (iki manat, on altı qəpik) manat faiz borcu olmaqla, cəmi 819,00 (səkkiz yüz on doqquz) manat borc, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumu "xxxx" QSC BOKT-na ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək borclular tərəfindən gecikdirilmiş borcdan kredit ödənişinin edildiyini bildirərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 372,63 (üç yüz yetmiş iki manat altmış üç qəpik) manat əsas borc, 0,47 (qırx yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 373,10 (üç yüz yetmiş üç manat, on qəpik) manat borc, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumu "xxxx" QSC BOKT-na ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli 86 saylı Qərarının icrası ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh2 arasında 28 avqust 2020-ci il tarixli RDB-005 saylı Restrukturizasiya Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 2615,03 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Şəki filialı ilə Cavabdeh1 Əliş qızı arasında 28 avqust 2020-ci il tarixli Z-l (RDB-005) saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da, cavabdeh Murtuzova X1 Müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Borcun ödənilməsi barədə Cavabdeh2, onun zamini Cavabdeh1 Əliş qızına dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh2 arasında 28 avqust 2020-ci il tarixli RDB-005 saylı Restrukturizasiya Müqaviləsi bağlanmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh2 arasında bağlanmış 28 avqust 2020-ci il tarixli RDB-005 saylı Restrukturizasiya Müqaviləsinə əlavədən görünür ki, Cavabdeh2 əsas və faiz borcları olaraq cəmi 2682,04 manat borcu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı QSC-nin Şəki filialı ilə Cavabdeh1 Əliş qızı arasında 28 avqust 2020-ci il tarixli Z-l (RDB-005) saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən zamin 28 avqust 2020-ci il tarixli RDB- 005 saylı Restrukturizasiya Müqaviləsi üzrə borclu ilə birlikdə kredit borclarının ödənilməsinə məsuliyyət daşıdığını öhdəsinə götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şəki filialının Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, kredit təşkilatı tərəfindən həmin şəxslərə 28 avqust 2020-ci il tarixli RDB-005 saylı Restrukturizasiya Müqaviləsinin şərtlərinin pozulduğu bildirilmiş, borc ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdehlər tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində iddiaya qarşı etiraz məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, əsas və faiz borclarının ödənilməsini gecikdirmişdir. Buna görə də məhkəmə müqavilə üzrə borcun cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 43,14 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunduğundan 30 manat dövlət rüsumu da cavabdehlərdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 Misir qızından və Cavabdeh1 Əliş qızından müştərək qaydada 372,63 (üç yüz yetmiş iki manat altmış üç qəpik) manat əsas borc, 0,47 (qırx yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 373,10 (üç yüz yetmiş üç manat, on qəpik) manat borc, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" QSC BOKT-nın xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar