Məhkəmə qərarları › İş №e-2(075)-2036/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2036/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2036/2022 15.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ərizənin (müqavilənin) ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 5338,67 manat məbləğində əsas kredit bоrcu, 505,34 manat məbləğində faiz bоrcu və 338,47 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6182,48 manat (altı min yüz səksən iki manat 48 qəpik) məbləğində bоrcun və ödənilmiş 82,83 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Cavabdeh İddiaçı QSC ilə bağlanmış xx.xx.2021-ci il tarixli ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.8333% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7500 (yeddimin beş yüz) manat məbləğində kredit götürmüşdür. Bildirmişdir ki, cavabdeh dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2161,33 manat ödəniş etmiş və оnun iddiaçıya 5338,67 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Göstərmişdir ki, Cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 137 gün üçün hesablanmış faiz borcu 505.34 manat təşkil etmişdir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 137 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 338.47 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslnda Cavabdeh izahat verərək göstərmişdir ki, o, İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixdə bağladığı ********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.8333% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7500 manat məbləğində kredit götürmüşdür. Lakin maddi imkanı olmadığından kredit borcunu vaxtında ödəyə bilməmişdir. Banka olan əsas və faiz borcunu qəbul edir. Tələbin cərimə hissəsində ona köməklik göstərilməsini istəyir. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra borcunu hissə-hissə ödəyəcəkdir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan 22 yanvar 2021-ci il tarixli ********** saylı ərizədən (kredit müqaviləsindən) görünür ki, həmin müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh aylıq faiz dərəcəsi 1.8333% olmaqla 36 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 22 yanvar 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh götürdüyü 7500 manat məbləğində krediti ona hesablanmış faizləri ilə birlikidə 36 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, 077A********** saylı, xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh İddiaçı QSC-nə olan borcu 5338,67 manat əsas, 505,34 manat faiz, 338,47 manat cərimə olmaqla, cəmi 6182,48 manat təşkil edir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmayacağı təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və onun banka 5338,67 manat məbləğində əsas kredit bоrcu, 494,71 manat məbləğində faiz bоrcu və 332,07 manat məbləğində cərimə borcunun olması bildirilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixdə bağladığı ********** saylı ərizə (kredit müqaviləsi) əsasında aylıq faiz dərəcəsi 1.8333% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7500 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq cavabdeh, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı QSC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin xx.xx.2021-ci il tarixli, ********** saylı ərizə (kredit müqaviləsi) üzrə 338,47 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı QSC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı QSC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********** saylı ərizə (kredit müqaviləsi) ləğv edilməli və Cavabdeh İddiaçı QSC-nin xeyrinə 5338,67 manat məbləğində əsas kredit borcu, 505,34 manat məbləğində faiz borcu, 40 manat məbləğində cərimə borcu və 82,83 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********** saylı ərizə (kredit müqaviləsi) ləğv edilsin, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 5338,67 manat məbləğində əsas kredit borcu, 505,34 manat məbləğində faiz borcu, 40 manat məbləğində cərimə borcu və 82,83 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar