Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2036/2023 30.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun vəkili X4 iştirakı ilə İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri : İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" KB ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 282nkSHEK/20 saylı kredit müqaviləsi üzrə 6061.33 manat əsas və 10.15 manat faiz borcu olmaqla, cəmi 6071.48 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 81.12 AZN məbləğində vəsaitin vərəsələri-cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 282nkSHEK/20 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 10% ödəmək şərtilə 6454 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Cavabdeh xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin məlumatına əsasən cavabdehin vərəsələri olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxslərin mərhumun hüquqi varisləri olması anlamına gəlir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" KB ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" KB ASC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, mərhum X5 ilə "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. O, kredit borcu üzrə ödənişlər etmişdir. Lakin 08 oktyabr 2020-ci il tarixdə X5 xəstəlik səbəbindən vəfat etmişdir. Vəfat etdikdən sonra onun hər-hansı miras əmlakı olmadığından vərəsələr tərəfindən yalnız onun əmək haqqı kartına işlədiyi müəssisə tərəfindən köçürülən məbləğ qəbul edilmişdir. Bu səbəbdəndə cavabdehlər mərhum X2 borcundan hər hansı bir ödəniş etməmişlər. Vərəsələr ancaq qəbul etdikləri miras kütləsi həcmində cavabdehlik daşıyırlar. Hazırki mərhələdə cavabdehlərin qəbul etikləri mirasın məbləği 2469.46 (iki min dörd yüz altmış doqquz manat qırx altı qəpik) manat təşkil edir. Odur ki, iddianın həmin hissədə təmin edilməsini məhkəmədən xahiş edir. İşin halları Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş. "xxxx" KB ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixli, 282nkSHEK/20 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə 60 ay müddətinə illik 10% ödəmək şərtilə 6454 manat məbləğində kredit verilmişdir. 29 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, X2 282nkSHEK/20 nömrəli kredit müqaviləsi üzrə 6061.33 manat əsas borc, 10.15 manat faiz borcu olmaqla, cəmi 6071.48 manat borcu vardır. Ödəniş cədvəlindən görünür ki, X5 götürdüyü 6454 manat məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 60 ay müddətinə qaytarmalı olmuşdur. Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 252 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X1 miras qalmış əmlaka dair Şəki Regional «ASAN xidmət» mərkəzində notariat ofisində vərəsəlik işi açılmış, vərəsələrdən Cavabdeh1 və Cavabdeh2 vərəsəliyi qəbul etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Cavabdeh1 Şəki Regional «ASAN xidmət» mərkəzində notariat ofisinə müraciət etdiyi 08 dekabr 2020-ci il tarixli ərizəsindən görünür ki, onun mərhum əri X5 xx.xx.2020-ci il tarixli vəfat etmişdir. Odur ki, mərhum ərindən qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh2 Şəki Regional «ASAN xidmət» mərkəzində notariat ofisinə müraciət etdiyi 18 yanvar 2021-ci il tarixli ərizəsindən görünür ki, onun atası X5 xx.xx.2020-ci il tarixli vəfat etmişdir. Odur ki, mərhum atasından qalmış miras əmlakdan ona düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci tarixdə ölmüş X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 miras əmlakdan 1/2 hissədə bərabər irs almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubuna əsasən X3 bankın Nəsimi filialında olan ******************** nömrəli kart hesabındakı qalıq pul məbləğindən ibarətdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, 2663 nömrəli məktubundan görünür ki, X2 xx.xx.2021-ci il tarixə Bankın Nəsimi filialında qalığı 2469.46 (iki min dörd yüz altmış doqquz manat qırx altı qəpik) manat olan ******************** nömrəli kart hesabı mövcuddur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, cavabdehlərin vəkilinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" KB ASC ilə mərhum X5 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 6454 manat məbləğində kredit verilmişdir. Lakin, Gülağa Sədiyev müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında ümumilikdə 6071.48 manat məbləğində icra edilməmiş pul öhdəliyi qalmışdır. Gülağa Sədiyev xx.xx.2020-ci il tarixdə ölmüşdür. Gülağa Sədiyev öldükdən sonra onun arvadı və oğlu – hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras qoyanın qanun üzrə vərəsələri kimi ondan miras qalmış əmlakı – miras qoyanın hesabında olan 2469.46 (iki min dörd yüz altmış doqquz manat qırx altı qəpik) manat pul vəsaitini bərabər hissədə vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmiş və bu barədə onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum X2 ölümündən sonra ondan qalmış mirası qanun üzrə vərəsələri yoldaşı –Cavabdeh1, oğlu – Cavabdeh2 bərabər hissədə qəbul etdiklərindən, miras əmlak da cəmi 2469.46 (iki min dörd yüz altmış doqquz manat qırx altı qəpik) manat pul vəsaitindən ibarət olduğundan, cavabdehlər həmin məbləğdə, yəni 2469.46 (iki min dörd yüz altmış doqquz manat qırx altı qəpik) manat həddində mərhumun öhdəliklərinə görə cavabdehlik daşıyırlar. Odur ki, iddia qismən təmin edilməli 2469.46 (iki min dörd yüz altmış doqquz manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 32.44 (otuz iki manat qırx dörd qəpik) manat məbləğində vəsait cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2469.46 (iki min dörd yüz altmış doqquz manat qırx altı qəpik) pul və dövlət rüsumu olaraq ödənilmiş 32.44 (otuz iki manat qırx dörd qəpik) manat məbləğində vəsait tutularaq "xxxx" KB ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim (İmza) «əsli ilə düzdür» Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-2036/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2036/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver