Məhkəmə qərarları › İş №e-2(075)-2038/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2038/2023

18.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2038/2023 18.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, cavabdeh X7 iştirakı ilə, İddiaçı X8 cavabdeh X10 qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı X15 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün və hər ay, bir uşağa ödənilən 70 (yetmiş) manat aliment məbləğinin artırılaraq hər ay, bir uşağa 220 (iki yüz iyirmi) manata çatdırılması, mediasiya prosesi ilə bağlı ödədiyi 50 (əlli) manatın cavabdeh X6 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X15 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh X16 ilə 03 sentyabr 2011-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşdur. Həmin nikahdan onların 03 fevral 2012-ci il tarixdə bir qız övladları anadan olmuşdur. Müəyyən səbəblərə görə cavabdehlə faktiki olaraq ayrıldıqdan sonra Şəki Rayon Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli, 2(075)-592/2015 əmrinə əsasən cavabdehdən hər ay sabit pul məbləğində 70 (yetmiş) manat miqdarında alimentin tutulub ona verilməsinə dair əmr çıxarılmışdır. Bundan sonra yəni, 16 iyun 2015-ci il tarixli, 2(075)-610/2015 saylı qətnaməsi ilə nikahları pozulmuş, bir azyaşlı qız övladları onun himayəsində saxanılmışdır. Lakin bu günki bazar qiymətlərinə görə qeyd olunan məbləğ demək olar ki, sıfır dərəcəsindədir. Həmin 70 (yetmiş) manat aliment məbləği ilə o, bir azyaşlı uşağa baxmaqda və onun bütün tələbatlarını ödəməkdə çətinlik çəkir. Halbu ki, cavabdeh Şəki VİP “KARVAN” restoranında kababçı işləyir və aylıq qazancı 2000 (iki min) manata yaxındır. Belə ki, adı qeyd olunan VİP “KARVAN” restoranı nəyin ki, Azərbaycanda, hətta Azərbaycan Respublikasının hüdudlarından kənarda tanınmış möhtəşəm bir restorandır və gün ərzində kifayət qədər yerli və xarici qonaqlara əla xidmətlər göstərilir. Cavabdehə verilən 1400 (bir min dörd yüz) manat əmək haqqısından başqa, əlavə gördüyü işlərə görə 600 (altı yüz), 700 (yeddi yüz) manat pul ödənilir. Göstərmişdir ki, o, təxminən 2022-ci ilin fevral ayında alimentin artırılması tələbi ilə bağlı mediasiyaya müraciət edəcəyini xəbərdarlıq etmişdir və cavabdeh Aqil Abdurahmanov alimentlə bağlı şikayət etməməyini, onun yüksək əmək haqqı aldığını, özü hər ay 200 (iki yüz) manat ona əlavə pul ödəyəcəyini desə də, hər dəfə onu dolayı yollarla yola verərək bu günə kimi bir manatda olsa əlavə ödəniş etməmişdir. Ona görə də yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı X11 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Lakin iddiaçı X15 02 oktyabr 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, onun iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclası zamanı cavabdeh X16 izahat verərək bildirdi ki, o, iddiaçı X15 ilə 03 sentyabr 2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahdan 03 fevral 2012-ci il təvəllüdlü X12 adlı bir övladları olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi yaşasalar da, sonralar ailə münasibətləri pozulmuşdur. Şəki Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə aralarında bağlanmış nikahları pozulmuş, birgə nikahdan olan övladları iddiaçının himayəsində saxlanılmışdır. Bundan başqa Şəki Rayon Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli məhkəmə əmrinə əsasən birgə nikahlarından olan uşaqlarının saxlanılması üçün ondan iddiaçı X8 xeyrinə 70 manat məbləğində aliment təyin olunmuşdur. Bildirmişdir ki, o, halhazırda restoranda aşbaz köməkçisi işləyir. Aylıq əmək haqqısı 350 manat təşkil edir. Bundan başqa gəlir yeri yoxdur. Özü qara ciyər xəstəliyindən əziyyət çəkir. Qara ciyərindən əməliyyat olunub. Aldığı aylıq əmək haqqısı öz müalicəsinə yetmir. Hal-hazırda hər ay 70 manat məbləğdə aliment ödəyir. Təxminən 800 manat məbləğdə aliment borcu yığılıb. Buna görə də 200 manat ödəniş də edir ki, borcu bağlansın. Alimentin artırılaraq 120 – 130 manat məbləğdə müəyyən olunmasına etiraz etmir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş 15 fevral 2012-ci il tarixli, AZ-İİ 811138 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 03 fevral 2012-ci il təvəllüdlü X4 atası X16, anası X2r. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli, 2(075)-592/2015 saylı məhkəmə əmrindən görünür ki, X6 hər ay sabit pul məbləğində 70 manat miqdarında alimentin tutulub 03 fevral 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 verilməsi, alimentin tutulmasının əvvəlinin 27 yanvar 2015-ci il tarixdən hesablanması qərara alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli, 2(075)-610/2015 saylı qətnaməsindən görünür ki, X16 ilə X5 arasında 03 sentyabr 2011-ci il tarixdə bağlanmış 16 saylı nikahın pozulması, birgə nikahdan olan 03 fevral 2012-ci il təvəllüdlü X4 anası X1 himayəsində saxlanılması qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 16 avqust 2023-cü il tarixli MŞŞ/MT018/2023-01925 nömrəli X9 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, X16 və X15 16 avqust 2023-cü il tarixdə 14:00 – 16:00 saatlarında keçirilən ilkin mediasiya sessiyalarında iştirak etmişlər. Lakin tərəflər X9 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. X13 keçirilməsi üçün 50 (əlli) manat mediasiya xərcini X15 ödəmişdir. İş materiallarına əlavə edilmiş elektron informasiya sistemindən çıxarılmış məlumatlardan görünür ki, X16 aşbaz (tez hazırlanan yeməklər) işləyir, aylıq maaşı 350 manat təşkil edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2. maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, X8 Şəki Rayon Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli, 2(075)-592/2015 saylı məhkəmə əmri ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 03 fevral 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini, cavabdehin səhhətində olan xəstəlikləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 03 fevral 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli, 2(075)-592/2015 saylı məhkəmə əmri ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 180 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, 50 manat mediasiya xərci cavabdeh X6 alınaraq iddiaçı X11 verilməli, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 03 fevral 2012-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli, 2(075)-592/2015 saylı məhkəmə əmri ilə X6 tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 180 manat məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq X11 ödənilsin. 50 manat mediasiya xərci cavabdeh X6 alınaraq iddiaçı X11 verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh X6 33,20 (otuz üç manat, 20 qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar