Məhkəmə qərarları › İş №e-2(075)-2040/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2040/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2040/2024 14.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5633.60 AZN əsas məbləğ üzrə, 1089.65 AZN faiz, 63.95 AZN cərimə borcu olmaqla, cəmi 6787.20 AZN borcun və ödənilmiş 88.28 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində xx.xx.2028-ci il tarixinədək illik 27 % ödəmək şərtilə 6000 manat məbləğində kredit xətti açmışdır. Cavabdeh xx.xx.2022-ci il il tarixində ərizə-anket və imza nümunəsini imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X1 17.11-ci bəndinə əsasən Müştəri “kreditin və/ və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin buşərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" KB ASC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək, banka olan borcu qəbul etdiyini və borcu hissə-hissə ödəməyə imkanı olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, cavabdehin xx.xx.2022-ci il tarixli müraciətinə əsasən xx.xx.2028-ci il tarixinədək illik faiz dərəcəsi 27 % olmaqla iddiaçı tərəfindən cavabdehə 6000 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı öz öhdəliyini yerinə yerinə yetirsə də cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə əsas, faiz və cərimə borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehə bildiriş göndərmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 01 aprel 2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində qatarması bildirilmişdir, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ...öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə hesab edir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. İş materiallarına əlavə edilmiş 05 aprel 2024-cü il tarixinə olan maliyyə arayışından görünür ki, Cavabdeh 5263nkSHEKb/22 nömrəli kredit xətti müqaviləsi üzrə "xxxx" X2 Səhmdar Cəmiyyətinə 5633.60 manat əsas, 737.73 manat faiz borcu mövcuddur. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 739.1, 739.2, 743.1, 746.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5633.60 manat əsas və 737.73 manat faiz borcu tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən hesab edir ki, cavabdehdən tələb edilən cərimə məbləği borc məbləğinə mütənasib olduğundan həmin hissədə iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən 84.35 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5633.60 (beş min altı yüz otuz üç manat altmış qəpik) manat əsas məbləğ üzrə, 737.73 (yeddi yüz otuz yeddi manat yetmiş üç qəpik) faiz, 63.95 (altmış üç manat doxsan beş qəpik) manat borc olmaqla, cəmi 6435.28 (altı min dörd yüz otuz beş manat doxsan iyirmi səkkiz qəpik) manat borc və 84.35 (səksən dörd manat otuz beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar