Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2048/2023 28.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri : İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC ilə X9 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 479nkSHEK/15 saylı kredit müqaviləsi üzrə 738.59 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 32.96 AZN məbləğində vəsaitin vərəsəsi- Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" KB ASC ilə cavabdeh X9 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 479nkSHEK/15 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 18 ay müddətinə illik 28% ödəmək şərtilə 1200 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Cavabdeh xx.xx.2015-ci il tarixində vəfat etmişdir. Şəki Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin məlumatına əsasən cavabdehin vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxsin mərhumun hüquqi varisinin olması anlamına gəlir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edir. Lakin maddi imkanı yaxşı olmadığından borcu tam şəkildə ödəyə bilmir. Borcunu ödəməkdən yayınmır. Məhkəmədən borcun hissə-hissə ödənilməsinə köməklik edilməsini xahiş edir. İşin halları "xxxx" KB ASC ilə X9 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 479nkSHEK/15 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 28% ödəmək şərtilə 1200 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" KB ASC-nin 29 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, X6 479nkSHEK/15 nömrəli kredit müqaviləsi üzrə 738.59 ABŞ dolları borcu vardır. "xxxx" KB ASC-nin ödəniş cədvəlindən görünür ki, X9 götürdüyü 1200 ABŞ dolları məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 18 ay müddətinə qaytarmalı olmuşdur. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 mart 2015-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 252 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X4 miras qalmış əmlaka dair Şəki Regional «ASAN xidmət» mərkəzində notariat ofisində vərəsəlik işi açılmış, vərəsələrdən Cavabdeh vərəsəliyi qəbul etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. “Gəncəli” məhəllə icra nümayəndəliyi tərəfindən verilmiş vərəsəliye dair arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış X9 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və onun Cavabdeh, X5 və X7 adlı vərəsələri qalmışdır. X2 Bakı şəhəri 12 saylı notariat ofisinə müraciət etdiyi 13 dekabr 2019-cu il tarixli ərizəsindən görünür ki, onun xx.xx.2015-ci il tarixdə vəfat etmiş atası X4 miras qalmış əmlakdan ona düşən payı qəbul etməmiş, etmir, gələcəkdə bununla bağlı heç bir iddiası, tələbi və şikayəti olmayacaq. X1 Bakı şəhəri 12 saylı notariat ofisinə müraciət etdiyi 05 dekabr 2019-cu il tarixli ərizəsindən görünür ki, onun xx.xx.2015-ci il tarixdə vəfat etmiş atası X4 miras qalmış əmlakdan ona düşən payı qəbul etməmiş, etmir, gələcəkdə bununla bağlı heç bir iddiası, tələbi və şikayəti olmayacaq. X3 Şəki Regional «ASAN xidmət» mərkəzində notariat ofisinə müraciət etdiyi 16 iyul 2021-ci il tarixli ərizəsindən görünür ki, onun mərhum əri X9 xx.xx.2015-ci il tarixli vəfat etmişdir. Odur ki, mərhum ərindən qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci tarixdə ölmüş X6 vərəsəsi – arvadı Cavabdeh miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə X8 verilmiş **********29 reyestr nömrəli, **********8 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 4-567 ünvanında yerləşən ümumi sahəsi 0.1886 ha olan torpaq sahəsindən ibarətdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" KB ASC ilə mərhum X9 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 1200 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin, Əliəsgər Məmmədov müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında ümumilikdə 738.59 ABŞ dolları məbləğdə icra edilməmiş pul öhdəliyi qalmışdır. Əliəsgər Məmmədova xx.xx.2015-ci il tarixdə ölmüşdür. Əliəsgər Məmmədov öldükdən sonra onun arvadı – hazırki iş üzrə Cavabdeh miras qoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı – DƏDRX tərəfindən xx.xx.2021-ci iı tarixdə X8 verilmiş **********29 reyestr nömrəli, **********8 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 4-567 ünvanında yerləşən ümumi sahəsi 0.1886 ha olan torpaq sahəsini tam hissədə vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum X6 ölümündən sonra ondan qalmış miras əmlakı - DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə X8 verilmiş **********29 reyestr nömrəli, **********8 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 4-567 ünvanında yerləşən ümumi sahəsi 0.1886 ha olan torpaq sahəsini miras qoyanın qanun üzrə vərəsə kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən (738.59 ABŞ dolları) yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Əliəsgər Məmmədovun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi - Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, ümumilikdə 738.59 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 32.96 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 738.59 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32.96 manat pul tutularaq "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-2048/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2048/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver