Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2059/2024 05.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli 1- xx.xx.2018-001636 saylı kredit müqaviləsinə əsasən 1,252.73 manat əsas borc olmaqla, cəmi 1,252.73 manat məbləğində kredit borcunun, ödənilmiş 32.53 (otuz iki manat 53 qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Kürdəmir filialı ilə X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1-xx.xx.2018-001636 saylı kredit müqaviləsinə əsasən X5 24 ay müddətinə illik 27 faiz olmaqla 1520 (bir min beş yüz iyirmi) manat məbləğində kredit verilmişdir. X2 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Kürdəmir regional ASAN xidmət mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 127 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh reystr nömrəsi 31 № ilə qeyd edilmiş, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Kürdəmir filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X4 xx.xx.2018-ci il tarixli 1- xx.xx.2018-001636 saylı kredit müqaviləsinə əsasən 1,252.73 manat əsas borc olmaqla cəmi 1,252.73 manat məbləğində borcu qalmışdır. Cavabdeh, X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəsində göstərmişdir ki, iddiaçı "xxxx" ASC ona qarşı iddia verərkən qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Odur ki, hazırki iddia ərizəsi üzrə mülki işin iddia icraatına keçirilməsi və iddia müddəti tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(075)-2059/2024 saylı qərardadı ilə hazırkı iddia tələbinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddiaçı "xxxx" ASC iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Eyni zamanda, 24 iyun 2005-ci il 949İİQD nömrəli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 1310-cu maddə (Kreditorların tələblərinin irəli sürülməsi müddəti) və 1311-ci maddə (Ümumi iddia müddətlərinin tətbiqi) çıxarılmışdır. Göründüyü kimi, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat vermək vərəsənin borcudur. X1 qalmış mirasa dair vərəsə Cavabdeh tərəfindən 29 yanvar 2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasına baxmayaraq o, bu baradə kreditor "xxxx" ASC-yə məlumat verməmişdir. Kürdəmir regional ASAN xidmət mərkəzində Notariat Ofisinin 19 fevral 2024 cü il tarixli 127 saylı məktubu əsasında mirasın açılması və mirası qəbul etmiş vərəsələrin dairəsi barədə "xxxx" ASC-nin məlumatı olmuşdur ki, bundan sonra tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır ki, həmin müddət 19 fevral 2024-cü il tarixdir və iddiaçı tərəf olaraq Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilərkən tərəflərindən iddia müddəti ötürülməmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia müddətinin ötürüldüyünü bildirərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı "xxxx" ASC ilə X6 arasında bağlanmış 02 iyul 2018-ci il tarixli, 1-xx.xx.2018- 001636 №-li kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında X5 24 ay müddətinə illik 27% ödəmək şərtilə 1520 manat məbləğində kredit verilmişdir. - Ödəniş cədvəlindən görünür ki, X6 02 iyul 2018-ci il tarixli kredit müqaviləsinə əsasən götürdüyü 1520 manat məbləğdə krediti ona hesablanmış faizləri ilə birlikdə 24 ay müddətinə qaytarmalı olmuşdur. - Maliyyə arayışından görünür ki, X4 02 iyul 2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə ödənilməmiş 1252,73 manat əsas borcu qalmışdır. - Miras passivin qaytarılmasına dair bank tərəfindən Cavabdeh ünvanlanmış 17 iyul 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, bank tərəfindən cavabdehə X4 banka ödənilməmiş 1252,73 manat əsas borcu və hesablanmış faiz, cərimə borcunun qaldığı, borc məbləğini 5 gün müddətə banka ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Kürdəmir Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 19 fevral 2024-cü il tarixli məktubundan görünür ki, X4 vərəsəsi Cavabdehdır. - 28 noyabr 2018-ci il tarixli, AZ-İ 958506 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 311 nömrə ilə qeyd edilmişdir. - Şəki Regional ASAN Xidmət Mərkəzi Notariat ofisinin xx.xx.2024-cü il tarixli 3213 saylı məktubundan görünür ki, “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən əldə olunmuş məlumata əsasən X4 adına Kürdəmir Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisində vərəsəlik işi açılmış və onun vərəsəsinə xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 32,53 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında məhkəmə qeyd edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" ASC-nin Kürdəmir filialı ilə X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1-xx.xx.2018-001636 saylı kredit müqaviləsinə əsasən X5 24 ay müddətinə illik 27 faiz olmaqla 1520 (bir min beş yüz iyirmi) manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilsə də cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilməmişdir. X6 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia ərizəsi müqavilə müddəti bitdikdən – xx.xx.2020-ci il tarixdən sonra üç il ərzində verilməli olduğu halda, iddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Hətta vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi xx.xx.2021-ci il tarixdən götürüldükdə belə 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş 32,53 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2059/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2059/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver