Məhkəmə qərarları › İş №e-2(075)-2066/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2066/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2066/2025 23.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi, onunla bağlı izahat və etirazlar: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Cavabdehə qanunvericiliyin tələblərinə əsasən bildiriş göndərilmiş, o, iddiaya etiraz edərək iddianı qəbul etmədiyini və borcun onun tərəfindən yaranmadığını bildirərək iddia icraatına keçirilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçirilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçıASC-nin Şəki filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixili X1 debit kartmene kart müqaviləsinə əsasən ona verilmiş 4189********9307 kart və AZ52RBTA******************** saylı hesab üzrə. xx.xx.2024-cü il tarixində kartından İddiaçı ASC-yə məxsus mobil tətbiq vasitəsilə hesabındakı vəsaiti Emanat ödəniş terminalının mobil tətbiqi olan MPAY hesabına köçürmüş, lakin Azəricardla keçən məlumat mübadiləsi gecikdiyi üçün müştəri bundan faydalanaraq küçürmələri dəfələrlə təkrarlamış, nəticədə kartda 4282,23 manat overdraft borcu yaranmışdır. Yaranmış overdraft borcundan 61,97 manat müştəri tərəfindən ödənilmişdir. Hal-hazırda cavabdehin xx.xx.2025-ci il tarixinə 4220,26 manat overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 56 manat faiz olmaqla, cəmi 4276,26 manat borcu vardır. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı sənədlərə istinad edir: İşdə olan sənədlərdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə banka ərizə ilə plastik kart alınmasına dair müraciət etmişdir. Onunla İddiaçıASC-nin Şəki filialı arasında bağlanmış.xx.xx.2022-ci il tarixili X1 debit kartmene kart müqaviləsinə əsasən onun adına 4189********9307 kart verilmiş və AZ52RBTA******************** saylı hesab açılmışdır. Hesabdakı əməliyyat hərəkətlərinə dair dövriyyə çıxarışlarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə 4189********9307 kart və AZ52RBTA******************** saylı hesab üzərindən MPAY hesabına köçürmə zamanı overdraft nəticəsində kartda 4282,23 manat overdraft borcu yaranmışdır. İddiaçı cavabdehə xx.xx.2025-ci il tarixdə bildiriş göndərmiş, xx.xx.2024-cü il tarixində kartından İddiaçıASC-yə məxsus mobil tətbiq vasitəsilə hesabındakı vəsaiti Emanat ödəniş terminalının mobil tətbiqi olan MPAY hesabına köçürmüş, lakin Azəricardla keçən məlumat mübadiləsi gecikdiyi üçün müştəri bundan faydalanaraq küçürmələri dəfələrlə təkrarlamış, nəticədə kartda 4282,23 manat overdraft borcu yaranması, həmin borcdan 61,97 manat ödənildiyi, 4220,26 manat overdraft borcu, 56 manat bankın pulunun qanunsuz saxlanmasına görə faiz borcu olmaqla, cəmi 4276,26 manat borcu olduğunu, 3 gün müddətin borun ödənilməsini bildirmişdir. xx.xx.2025-ci il tarixinə olan arayışdan görünür ki, cavabdehin iddiaçıya 4220,26 manat overdraft borcu, 56 manat bankın pulunun qanunsuz saxlanmasına görə faiz borcu olmaqla, cəmi 4276,26 manat borcu mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixili X1 debit kartmene kart müqaviləsinin 3.5-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, bank müştərinin bank qarşısında hər hansı əsasla yaranmış və ödəniş vaxtı çatmış istənilən borc öhdəliyini, habelə texniki (icazə verilməmiş) overdraft nəticəsində və ya səhvən müştərinin hər hansı hesabına köçürülən digər vəsaitləri .... bu razılaşma ilə bağlı olub-olmamasından asılı olmayaraq, bank hesabdakı vəsaitindən akseptsiz qayadada silmək hüququna malikdir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə müəyyən edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixili X1 debit kartmene kart müqaviləsinə əsasən ona verilmiş 4189********9307 kart və AZ52RBTA******************** saylı hesab üzrə xx.xx.2024-cü il tarixində kartından İddiaçı ASC-yə məxsus mobil tətbiq vasitəsilə hesabındakı vəsaiti E-manat ödəniş terminalının mobil tətbiqi olan MPAY hesabına köçürərək 4282,23 manat overdraft borcu yaranmışdır. Cavabdeh etirazla müraciət edərək borc götürmədiyini bildirmişdir. İddiaçı həmin öhdəliyin overdraft – icazə verilməmiş köçürmə əsasında yarandığını bildirmişdir. Cavabdehin adına olan hesabdan çıxarışdan da aydın görünür ki, overdraft əsasında köçürülmüş pulların məbləği 4282,23 manatdır. Yaranmış overdraft borcundan 61,97 manat cavabdeh tərəfindən ödənilmişdir. Nəticədə, cavabdehin 4220,26 manat overdraft borcu, 56 manat bankın pulunun qanunsuz saxlanmasına görə faiz borcu olmaqla, cəmi 4276,26 manat borcu var. Tərəflər arasında etibarlı müqavilə münasibətləri qüvvədə olmuşdur və mübahisənin faktiki və hüquqi əsasları həmin müqavilənin bəndlərində öz əksini tapmışdır. Bankın həmin pulu tələb etmək hüququ vardır. Overdraft dedikdə, kart hesabında olan pul vəsaiti kartdan istifadə etməklə aparılan əməliyyatlar üçün kifayət etmədikdə, həmin əməliyyatlar üçün tələb olunan pulun çatışmayan hissəsinin bank tərəfindən ödənilməsi, texniki (icazə verilməmiş) overdraft dedikdə isə, tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılması nəzərdə tutulur. Məhkəmə hesab edir ki, qeyd edilən qanun normalarına əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4220,6 manat əsas, 56 manat faiz borcu olmaqla, cəmi 4276,26 manat borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən 121,92 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4220,26 (dörd min iki yüz iyirimi manat iyirimi altı qəpik) manat overdraft borcu, 56 (əlli altı) manat faiz borcu olmaqla, cəmi 4276,26 (dörd min iki yüz yetmiş altı manat iyirimi altı qəpik) manat borc və 63 (altmış üç) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar